Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:49

Milyonçunun sənətçi oğlu


Fərəc Nağı

Fərəc Nağı. Bəlkə də, bu ad sənə heç nə demir. Amma 100 il öncə neft və milyonlar səltənətində o saysız-hesabsız bir sərvətin yeganə varisi idi. O milyonları buraxıb (öz xoşunamı?) sənəti seçdi. Və sənət tarixinə «milyonçu Ağa Musanın sənətçi oğlu» kimi düşdü...

Beləliklə, «İz»in bu sayı sizin qarşınızdadır. Təpədən dırnağacan artist doğulan bir bakılının həyat tarixçəsindən agah olmaq istəyirsinizsə, bizi dinləyin. Bələdçimiz Fərəc Nağının qızı Dilarə xanım Nağıyevadır.

S.İ: Xoş gördük, Dilarə xanım, atanız haqqında söhbətə başlaya bilərikmi? Həmişə AzadlıqRadiosunda milyonçu babanızdan danışmışıq, yazmışıq. Bu dəfə atanızdan danışmaq məqamı yetişdi. 106 il öncəyə qayıdaq. Necə doğuldu Fərəc Nağı, nələr gördü dünyaya göz açanda?

D.N.: Öncə onu söyləyim ki, mən Nağıyev soyadının daşıyıcısıyam. 11 neft milyonçusundan birincisinin-Ağa Musa Nağıyevin nəvəsiyəm. Bu gün onun oğlu Fərəc Nağıyevdən söhbət gedəcək. Bilirsiniz ki, Ağa Musanın iki övladı olub - Ümbülbanu və İsmayıl. Hər ikisi dünyadan vaxtsız köçüb. Deyilənə görə, hər iki övladını itirəndən sonra Ağa Musa çox pis hala düşür. Nə milyonlar, nə sərvət, nə tikdirdiyi 98 bina onun gözünə görünür. Onun bu halını görən qardaşı Ağa Əli məsləhət görür ki, 4 oğlundan birini özünə övladlığa götürsün. Həmin vaxt Ağa Əlinin həyat yoldaşı 5-ci uşağa hamilə imiş. Ağa Musa deyir, bu doğulacaq uşağı verərsən mənə. Qardaşı qayıdır ki, birdən qız oldu? Ağa Musa deyir, eybi yox, qismət allahdandır! Elə olur ki, oğlan doğulur - 1903-cü il dekabrın 5-də (Ağa Musanın İsmayıl oğlu 1902-ci ildə dünyasını dəyişmişdi). Ağa Musa yeni doğulan uşağa Fərəc adını verir. Mənası - kədərdən sonra gələn sevinc deməkdir. Bundan sonra İsmayılın kədərini, azacıq da olsa, unudur və sevincini balaca Fərəcdə tapır. Bax, əhvalat belə olub.

S.İ: Dilarə xanım, əsliniz haralıydı, yəni Bakının harasındandı, deyin, bilməyənlər də bilsin...

D.N.: Əslimiz Biləcəri kəndindəndir. Ağa Musa da, Fərəc də orada doğulub. Fərəci varis elan edəndən sonra, Fərəcdən əvvəl doğulan 4 qardaşı onun əmgəyinə iynə batırıb öldürmək fikrinə də düşürlər ki, nə üçün yeganə varis o olmalıdır... Qısası, 16 il atam yağ içində üzüb. Çox gözəl həyat keçirib. Sovetlər gələnə, binalar alınana qədər Fərəc yaxşı yaşayıb. Anam danışardı ki, o vaxt papirosu eşib çəkərdilər. Fərəc tənbəkiyə Şanel ətri vurub çəkərmiş... Uşaqlıqdan teatrla maraqlanırmış. Bu maraq onu gətirib səhnəyə çıxarıb. Ona xərclik üçün verilən pulları gizlicə teatra xərcləyib, aktyorlara geyim alıb və s. Söhbət əvvəl-axır, gedib Ağa Musaya da çatır. Deyirlər, Ağa Musa, sənin götürdüyün uşaq deyəsən bambılı (o vaxt aktyorlara verilən təhqiredici ad—S.İ.) olacaq. Ağa Musa qayıdır ki, nə olur-olsun, təki insan olsun, insanlığını itirməsin. Bu söz atamın qulağında sırğa kimi qalır. Ürəklənib teatra daha tez-tez gedir. 1919-cu ildə Ağa Musa dünyasını dəyişir. Bir il sonra bolşeviklər Bakını tutur və atamın vəziyyəti çətinləşir. Ancaq səhnə həvəsindən əl çəkmir. Biçmə-tikmə kurslarına yazılır. Səhnə paltarları tikir, aktyorlara kömək edir. Elə bir zaman gəlir ki, ona heç yerdə iş vermirlər, qapıdan qovurlar. Və o yenicə ailə həyatı qurduğu qadınla Bakını tərk etməyə məcbur olur.

S.İ.: Ananız kim idi? Milyonçu oğlu kimə evlənmişdi?

D.N.: Anam çox gözəl qadın olub. Anamın 4, atamın 12 yaşı olanda onları nişanlayıblar. Musa Nağıyevin sağlığında. Atam anamı 8 qızın içindən seçib. 12 il nişanlı qalıblar. 1928-ci ildə Zəhranın 16 yaşı olanda evləniblər. Sürgün həyatı Türkmənistanda başlayıb, Aşqabadda, Dağıstanda davam edib. Atam buralarda teatrın təbliğatçısı, təşkilatçısı olub. Atamın qanında bu vardı. Kolxozlara gedərdi, konsertlər təşkil edərdi. Neft lampasının işığında yazardı-pozardı. Atamın satirik şeirləri də var.
Dilarə xanım Nağıyeva
Milli Arxiv İdarəsində qorunur. Atam afişa tərtibatçısı idi. Afişaları da qalıb. Teatr Texnikumunda 3 fakültə bitirmişdi - rejissorluq, aktyorluq, rəssamlıq. Hə, sürgün həyatı 1952-ci ilə kimi davam edir. Atamın övladları dünyaya gəlir. Bir bacımdan savayı hamımız sürgündə doğulmuşuq. Mən 1940-cı ildə Dərbənddə anadan olmuşam. Onda atam orada teatrın direktoru və quruluşçu rejissoru idi.

S.İ.: Belə çıxır ki, Fərəc Nağı düz 23 il sürgün həyatı yaşayıb?

D.N.: Hə, mən həmişə deyirəm ki, atam Bakıdan subay getdi, 5 uşaqla qayıtdı. Yeganə sevinci bu idi. Evləri müsadirə olunmuşdu. Ağa Musanın onun üçün tikdirdiyi bina da əlindən alınmışdı.

S.İ.: Haradaydı o ev?

D.N.: Ketsxoveli-28-də (indiki Şamil Əzizbəyov). Atamın eşqinə tikdirmişdi bu binanı.

S.İ.: Bakı sizi necə qarşıladı?

D.N.: Ev yox idi, iş yox idi. Qapılar üzümüzə bağlanırdı Nağıyev soyadına görə. Sizə bir şey deyim 1968-ci ildə Kommunist Partiyasına daxil olmuşdum. Üstündən 8 il ötəndən sonra məni Mərkəzi Komitəyə çağırıb dedilər ki, sən kapitalist nəvəsisən, partiya sıralarına soxulmusan. Yəni bu soyadın ağırlığı bizi həmişə izləyirdi. Baxmayaraq ki, Bakıda 98 bina tikmişdi. Şollar suyunun çəkilməsinə 75% vəsait yatırtmışdı. Bir baxın, Bakıda hər yan Ağa Musanın binalarıdır. Rabitə Nazirliyi, «İsmailiyyə», «Lukoyl» neft şirkəti, SOCAR, İqtisad Universiteti və s. onun tikdirdiyi binalarda yerləşir. Buna baxmayaraq evsiz-eşiksiz idik. Gəldik, atamın öz adına tikilən binada bizə birotaqlı 29 kv-lıq bir mənzil verdilər - 7 nəfərlik ailəyə. Bu günəcən də mən orada yaşayıram. Atamın-anamın ruhunu yaşadıram. Bir dəfə Bakıya təzə qaydanda, qohumlardan biri anamı yamaqlı paltarda görüb deyibmiş ki, Musa Nağıyevin gəlini budur? İnanılmaz idi. Heç nə qalmamışdı. Sərvət əlindən alınmışdı. Pullar xarici banklarda idi. 1937-ci ildə sürgündə atama çağırış gəlibmiş ki, sənin adına pul gəlib. KQB-nin zirzəmisində onun başına elə oyun açıbmışlar ki, puldan imtina eləmişdi...

S.İ.: Gələndən sonra harada işlədi atanız?


D.N.: Rejissor Adil İsgəndərov onu görüb Dram Teatrına gətirdi. Müxtəlif teatrlarda işlədi. O vaxt vəsiqə ilə işləyirdilər. O günün pulunu alırdılar. Atam sənət üçün doğulmuşdu. Həm aktyor idi, həm rejissor idi, həm bədii rəhbər, həm teatr direktoru, həm kostümer. Ayda 60-70 manat pul qazanırdı. Onun 5 manatını verib parça alırdı, gecə yatmayıb, sabahkı tamaşaya çatdırırdı. Elə bir kostyum tikirdi ki, baxanlar heyran qalırdı. Atam teatrda fəhlə də işləyib. Ssenarist kimi də özünü sınayıb. «Spartak» və «Qaravəlli» tamaşalarının ssenarisini yazıb. 1969-cu ildə Şıxəli Qurbanov Novruz Bayramını dirildəndə, atam 66 yaşında İçərişəhərdə, Qala Qapısının yanında Kosa rolunu oynayıb. Afişalarda da yazılıb: tərtibatçı, bədii rəhbər Fərəc Nağı. Bulvarda «Satirikon» yay kinoteatrında atam həftədə bir dəfə konsert verirdi. Aydın diksiyası var idi, gözəl danışığı var idi. Adi bir şeiri elə çatdırırdı ki, heyran qalırdın... Atam gözəl masabəyi idi. 248 toyda masabəyi olmuşdu. «Qoçəli» havasına elə oynayardı ki, baxanlar bayılırdı... Bizə danışırdı ki, uşaqlıqda baxdığım Qaravəlli tamaşası gözümün önündən getmir. Hoqqabazlar, kəndirbazlar gələrdi, məzhəkəli tamaşalar göstərərdilər... Deyərdi ki, folklorumuzu, keçmişimizi unutmayın. Özü də bildiklərini yazırdı.

S.İ.: «Qaravəlli» teatrı necə yarandı?

D.N.: 1970-ci ildə Xalq Yaradıcılığı Evini «Qaravəlli» teatrı adlandırdılar. Atamın təşəbbüsüylə. Orada tamaşalar qoyurdu, meyxanalar qururdu. Amma əcəl aman vermədi. 1972-ci ildə ağciyər xərçənginə tutuldu. Anamın sevgisi onu 1 il iki ay yaşada bildi. 1973-cü ildə dünyadan köçdü. İndi Xətai mədəniyyət mərkəzi «Qaravəlli»teatrı adlanır. Keçən il orada atamın 105 yaşını qeyd etdilər.

S.İ.: İndicə ananızın sevgisindən danışdınız. Münasibətləri necə idi?

D.N.: Mən bayaq dedim, atam anamı 8 qızın içindən seçmişdi. Evlənəndən sonra da bu sevgi davam edirdi. Atam qazandığı qəpik-quruşdan artırıb,
Ağa Musa Nağıyev
maaş alan günü gedərdi «Azərbaycan» kinoteatrının yanındakı məşhur «qastranom»a. Yeri gəlmişkən, o bina da Ağa Musanındır. Bunu təzə bilmişəm. «Kupça»ları da məndədir. Hə, gedərdi o «qastranom»dan iki pirojna alardı. Axşam gözləyərdi ki, biz yataq, onu anama yedizdirsin... Anam da mavi gözlü, sarışın bir xanım olub. Anamın anası fransız qızı, atası polyak imiş, gəlib dinlərini dəyişiblər burada... Bax, belə sevərdi anamı.

S.İ.: Dilarə xanım, atanız necə baxırdı milyonçunun sənətçi oğlu olmasına. Xoşbəxt idimi?


D.N.: Xoşbəxt idi. Deyirəm də, sənətlə, teatrla yaşayırdı. Əsl artist idi. Səliqəli geyinərdi. Həmişə o dövrdə dəbdə olan qalife şalvar (dizdən düymələnən-S.İ.) geyinərdi. Pencəklərini özü tikərdi. Atamın tənbəkisi odekalonlu olardı.

S.İ.: «Şanel» tapa bilməyəndə, sovet odekalonu doldururmuş? (Gülüşmə)

D.N.: Hə. Əl əsası var idi, ucundan basanda, siqaret çıxırdı. Şlyapa qoyurdu, bant bağlayırdı. Qalstuksuz gəzmirdi. Bu cür geyim ona stimul verirdi.

S.İ.: Ağa Musanı necə, xatırlayırdımı?

D.N.: Əlbəttə, xatırlayırdı. Amma az danışırdı. Bu qədər zülmlər görəndən sonra, KQB-nin zirzəmisində olandan sonra nə danışacaqdı ki? O zirzəmidən sonra az qala dəli olubmuş. Qarşılaşdığı adamları tutub yoxlayırmış ki, görəsən mən həyatdayam, yoxsa yox... Qorxu-hürkü çox çəkib. Həmişə deyirdi ki, Ağa Musanın 70 milyon qızıl pulu olub. Atam səhv eləyirmiş. Mən dəqiqləşdirmişəm - 690 milyona çatıb onun sərvəti. Sankt-Peterburqda «Monetnı Dvor»da buraxılan Qırmızı Kataloqa düşüb onun adı. Nobellərdən sonra ən iri neft sahibkarı kimi. Atam əvvəllər danışmağa qorxurdu. Axıra yaxın deyirdi ki, mən öləndən sonra hər şeyi biləcəksiniz. Elə də oldu...

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG