Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

AzadlıqRadiosunun suallarını «Amnesty İnternational» beynəlxalq insan haqları təşkilatının Azərbaycan üzrə eksperti Natalia Nozadze cavablandırır:

- Azərbaycanda həbsdə olan jurnalistlərdən biri Müşfiq Hüseynovun yaxınları deyirlər ki, onun xəstəliyi (vərəm) kəskin həddə çatıb və artıq həbsxana şəraitində müalicə ona kömək etmir. «Amnesty İnternational» bu məsələ ilə maraqlanırmı?

- Bizim ümumi məlumatımız var ki, Azərbaycanda bəzi cəzaçəkmə yerlərindəki xəstəxanalar standartlara cavab vermir. Müşfiq Hüseynovla bağlı məlumatları biz hələ ki, araşdırırıq, yəqin ki, yaxın vaxtlarda münasibətimizi açıqlayacağıq.

- Sizin imkanınız olurmu həbsxanalardakı vəziyyəti gəlib özünüz araşdırasınız?

- Xeyr, monitorinqləri biz özümüz aparmırıq, sadəcə, ölkədən daxil olan informasiyaya əsaslanırıq. Amma Azərbaycana gəlmək barədə planımız var, bu səfər gələn ilin fevralında baş tuta bilər. Amma hələ ki, bununla bağlı hökumətlə danışıqlar aparmaq lazımdır. Bu il həbsxanada vəfat etmiş, vətənə xəyanətdə ittiham olunan Novruzəli Məmmədovun səhhətində problem olduğu barədə məlumat alan kimi Azərbaycan hökumətinə müraciət etmişdik ki, Məmmədovun qayğısına qalsınlar və onu təcili mülki xəstəxanaya köçürsünlər. Çünki həbsxana xəstəxanası onun sağalmasına səbəb olacaq səviyyədə müalicə həyata keçirməyə imkan vermirdi.

- Bəs hökumətin sizə cavabı necə oldu?

- Həmin vaxt hökumətdən bizə heç bir cavab gəlmədi və təəssüf ki, Novruzəli Məmmədov həbsxanada vəfat etdi.

- Azərbaycanda tez-tez belə fikirlər səslənir ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının fəaliyyətinin çox nadir hallarda real nəticəsi, təsiri olur. O cümlədən «Amnesty İnternational»ın.

- Bizim fəaliyyətimizə qiyməti kənardan versələr əlbəttə daha düzgün olar. Amma fəaliyyətimizin real nəticəsi kimi bəzi misalları çəkə bilərəm. Məsələn, beynəlxalq insan haqları təşkilatlarının təsiri ilə daxili işlər naziri ilə hüquq müdafiəçisi Leyla Yunusun arasındakı hüquqi mübahisəyə son qoyuldu, daha sonra Azərbaycanın media qanunvericiliyinə tətbiq edilməsi nəzərdə tutulan bəzi məhdudiyyətlər beynəlxalq təşkilatların təsiri ilə ləğv edildi.

- «Amnesty İnternational» üçün Azərbaycan hökuməti ilə işləmək nə dərəcədə çətindir. Hansısa probleminiz yaranırmı?

- Bəzən onlar bizim tənqidlərimizə cavab verirlər. Amma bu həmişə olmur. Ümumiyyətlə, Azərbaycan hökuməti ilə işləyərkən bizim fəaliyyətimizin real nəticəsinin nədən ibarət olduğunu qiymətləndirmək çətin olur.

- Natalia, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tendensiyanı necə qiymətləndirirsiz, vəziyyət pisləşir, ya yaxşılaşır?

- Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı ciddi problemlər var. Bizim üzərində ən çox dayandığımız məqam söz azadlığının pozulması, vətəndaş cəmiyyətinin və hüquq müdafiəçilərinin üzləşdiyi problemlərdir. Ölkədə hələ də vicdan məhbusları var, bir neçə jurnalist, iki bloqqer həbsdədir. Bütün bunlar və iki bloqqerin həbsi də göstərdi ki, 2009-cu ildə Azərbaycanda insan haqlarının vəziyyəti pisləşdi.

Şərhləri göstər

XS
SM
MD
LG