Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Rüşvətxorluğu fahişəliyə bənzədir


Tokio Azərbaycan şəhərlərinin sırasında

Tokio Azərbaycan şəhərlərinin sırasında

Ötən həftə bloqdarda diqqəti çəkən məhz bu paralel oldu. Bundan başqa, bloqçular İsveçrədə minarələrə qadağalarda YAP-ın izlərini axtarır, rabitə nazirinin poçtunun işləmədiyini yazırlar. Ən sesnsasiyalı sual isə belədir: Azərbaycanın Yaponiyaya qarşı ərazi iddiası varmı?


«MƏN FAHİSƏYƏM»

«Mən fahişəyəm, bədənlərini pula satanlardan daha çox fahişəyəm. Mən universitetlərin birində dekan işləyirəm, mən hər sessiya zamanı miqdarı kiloqramlarla olacaq qədər pullar rüşvət alıram. Mən universitetin yuxarı pillələrinə satılmışam, vəzifəmə görə satılmışam, deməli arada pul məsələsi var, gəlirimə görə, puluma görə satılmışam, fahişəlik edirəm, amma özümə də qalsın deyə, daha artıq rüşvət alıram. Fahişə olmasa idim, məni vəzifəmdən azad edəcəkdilər, oğlumu polis patrulu işləməyə düzəldə bilməyəcəkdim, qızıma cehiz yığa bilməyəcəkdim».

Santak adlı bloqçu «ömrü boyu ərimdən başqa kimsənin mənə əli dəymədiyini» desə də əlavə edir:

«Mən fahişəyəm, çünki qızımı da özümə oxşatmışam. Səhiyyə Nazirliyində, lisenziya bölməsində işləyir. Lisenziyanın qiyməti 5000 manat olsa da, həkimlərə onu 11000 manata verir, 11000 manatın 5000 manatı büdcəyə gedir, 6000 manat isə qızım və ondan yuxarıdakılar arasında bölüşdürülür...Oğlum maşallah atasına da, mənə də çəkib. Cəmiyyətimə layiq fahişələr ailəsinin layiqli davamçısıdır. 6000 manata qoymuşam onu polis patrulu işləsin..»

İSVEÇRƏ, MİNARƏLƏR VƏ…YAP

Natiq Cəfərlinin son postu İsveçrədə referendum yolu ilə məscid minarələrinin ucaldılmasına qadağa qoyulmasına həsr olunub. Bloqçu yazır ki, bu səsvermə və onun nəticələri insanları düşünməyə vadar etdi və demoktratiyanın simvollarından biri kimi qəbul edilən belə bir ölkədə bu nəticələrin ortaya çıxması bir çox insanları şoka saldı:

«Deməli, əsl demokratiya tək çoxluğun hakimiyyəti deyil də, həm də azlığın hüquqlarını qorumaqdır. Əsl demokratiya tək prosedur qaydalarından deyil də, həm də qəbul olunan qərarların kontekstindən və daşıdığı mənəvi məzmunundan da asılıdır.

Elə bu yerdə bizim YAP yada düşür. Hakim partiya, hakimiyyət tez-tez seçkilərın prosedur qaydalarına uyğun olmasından, çoxluğun onlara səs verməsindən danışır və bütün bunları bir arqument kimi addımbaşı təkrarlayır. Tutaq ki, bu belədir, tutaq ki, dedikləri həqiqətdir və səsvermə prosedurunda qüsur olmur və çoxluq onlara səs verir, hətta belə olsa, cənab YAP-çılar, bu heç də demokratiya demək deyil. Demokratiya azlığın səsinin eşidilməsi, azlığın hüquqularının qurunması və bir də, çoxluğun belə qəbul etdiyi qərarların mənəvi tərəfinin sorğulanması hüququnun toplumda olmasıdır.

Bax belə, bu da İsveçrədən bizlərə daha bir demokratiya dərsi».

Tonyukuk da İsveçrədən yazıb:

«Türkiyə ilə Avropa Birliyi arasında danışıqlara rəhbərlik edən türk nazir Egemen Baqis müsəlmanları İsveçrə banklarından pullarını çıxartmağa çağırıb.

Türklərlə hər şey aydındır. Amma...

Eyni çağırışla Avropa parlamentində «Yaşıllar» fraksiyasının həmsədri Daniel Kon-Bendit də müraciət edib. Məlumdur ki, Yaşıl-İslam rəngidir».

RABİTƏ NAZİRİNİN E-POÇTU İŞLƏMİR

«Bir məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları (RİTN) naziri cənab Əli Abbasova e-mail yazmaq istədim. Nazirliyin www.mincom.gov.az ünvanlı saytından tapdım ki, nazirin e-poçt ünvanı minister@mincom.gov.az - dır. Daha sonra gmail.com-dan qeyd olunan ünvana məktubu ünvanladım. Mən elə başa düşürdüm ki, rabitə sahəsinin əməkdaşları xüsusi ilə də rəhbər işçiləri «Elektron Azərbaycan» Dövlət proqramının icrasına birinci öz strukturlarından başlayıb və yəqin edirdim ki, ilkin mərhələdə vətəndaşlarla əlaqələrini e-məkana keçirdiblər. Axı «E-hökümət» proqramını həyata keçirən ən önəmli strukturlardan biri və birincisi RİTN-dir».

Bunu Telmansoy adlı bloqçu yazır, qeyd edir ki, Azərbaycan prezidentinə www.president.az saytı vasitəsi ilə ünvanlanan bütün müraciətlər nəinki ünvana çatır, hətta həllini tapır. Daha bir misal kimi Vergilər Nazirliyinin www.taxes.gov.az saytından nazir Fazil Məmmədova göndərilən müraciətlərin də operativ cabalandırıldığını bildirir.

KEÇMİŞ SƏFİRLƏR TACİR ROLUNDA

Dərvişin hücrəsindən postlarını göndərən bloqçu bir vaxtlar Azərbaycanda səfir işləyən - Stenli Eskudero və Vasili İstratovun biznesmenə çevrildiyindən yazır:

«ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskudero diplomatik missiyasını başa çatdırdıqdan sonra Azərbaycana qayıdıb və Azərbaycan məmurları ilə münasibətlərinə görə sanballı biznesmenə çevrilib. Belə görünür, Rusiyanın Azərbaycandakı keçmiş səfiri də bu yolu tutub. Bu günlərdə o, «AzNar» (nar istehsalçısı) ASC-nin Direktorlar Şurasının üzvü seçilib».

İlqar Məmmədovun son postu mobil operatorlarla bağlıdır:

«Görün deputatxananın üzvü nə deyir: Millət vəkili J.Əliyeva «Azercell Telekom»la bağlı başına gələn bir məsələ barədə məlumat verib: «Mən bunu daha geniş oxucu tribunasına, Milli Məclisin üzvü kimi qanunla mənə verilən səlahiyyətlərdən istifadə edərək bəyan edirəm. Bir çox «Azercell» istehlakçısının mobil telefonuna belə bir sms gəlib. Filan nömrəyə zəng edin, filan qədər sizdən kontur gedəcək və səsiniz dəyişəcək. Yəni qadın, uşaq kişi səslərindən istifadə edib istədiyiniz nömrəni yığa bilərsiniz. Bu, birbaşa cinayət tərkibidir, ailələrdə bir sıra problemin yaranmasına zəmin yaradır. Burada çox xırdalıqlar var və mən bilirəm ki, bunu hansı icazəylə, ağılla edirlər».

Jalə Əliyevaya deputat mandatı verən sistem seçici səslərinin, bağışlayın məni, zibilini çıxaranda Jalə Əliyeva dinməzdi, amma «Azercell»in səs dəyişən əyləncə alətinə «cinayət» deyir. Nə isə, deputatlarımızla sizi tanış etmək fikrim yoxdur, özünüz bilirsiz».

Raufrayın postunda isə Azərbaycan İnternet Forumu tərəfindən keçirilən Milli Net 2009 müsabiqəsinin 1-ci mərhələsinin nəticələri elan olunub.

«Müsabiqəyə təqdim olunan 583 sayt arasında ən yaxşı 63-ü Nominant elan olunaraq növbəti mərhələdə iştirak hüququ qazanıb. Dekabrın 18-i isə bu saytlardan 11 nominasiya üzrə 11 qalib müəyyən olunacaqdır».

AZƏRBAYCANIN YAPONİYAYA QARŞI ƏRAZİ İDDİASI VAR?

Şahinin bloqunda bunu sual etməsi təsadüfi deyil. Belə ki, Sumqayıt Dövlət Universitetinin saytında – www.sdu.az hava haqqında məlumat bölməsində Azərbaycanın digər regionları ilə yanaşı Yaponiya paytaxtının da adı qeyd olunub. İnanmırsınız, baxın:

SOMALİDƏ QƏRİBƏ BİLİK YARIŞI

Əli Novruzovun postlarından birində maraqlı məlumata rastlaşdım, istədim sizinlə də bölüşəm – «Somalidə qəribə pişik yarışı». Bloqçu yazır ki, Somalidə islamçı yaraqlılar qəribə intellektual yarış keçiriblər: «Ramazan münasibəti ilə Kismayu şəhərində təşkil olunmuş bu yarışda suallar İslam və Somali coğrafiyası haqqında olub, qaliblərə isə AK-47 avtomatları, əl qumbaraları və digər silah-sürsat hədiyyə olunub.

Yarışı təşkil edən əl-Şəbab qruplaşmasının nümayəndəsinin sözlərinə görə, onların məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək və öz torpaqlarını qorumağa həvəsləndirmək olub.

Şəhərin Farcano məhəlləsini təmsil edən qalib komandanın aldığı mükafatın ümumi dəyəri 1000 ABŞ dolları dəyərində olub».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG