Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:02
Prezident İlham Əliyev bu həftə xalq qəhrəmanı Koroğlunun Bakı şəhərində heykəlinin ucaldılması haqqında sərəncam verdi.

Heykəltəraş-rəssam Mir Teymur düşünür ki, əvvəlcə bu heykəlin məkanı ilə bağlı ciddi düşünülməlidir:

«Siz fikir verin, Nəsiminin heykəlini öldürdülər. Çünki bu heykələ düzgün məkan seçilməmişdi. Heykəlin 4 tərəfi binalarla örtülmüşdü, yeni hündürmərtəbəli binaların tikilməsi ilə də bu heykəl görünməz oldu. Koroğluya da düzgün məkan seçilməsə, onu öldürəcəklər…».

Mir Teymurun fikrincə, Koroğlunun heykəli ilə bağlı Azərbaycan hökuməti beynəlxalq müsabiqə elan etməlidir:

«Mənə qalsa bu heykəl «Azadlıq» meydanında ucaldılmalıdır. Özü də at üstündə. Yaxud da Bibiheybətdə. Elə bir yerdə ki, həm dənizdən, həm də şəhərdən baxanda ora göz oxşamalıdır…».

Təhqiqatçı-jurnalist Xaliq Bahadır isə düşünür ki, Koroğlu mifik qəhrəmandır. Onun heykəlindən də əvvəl Azərbaycanın bir sıra tarixi simalarının heykəlləri ucaldılmalıdır:

«İlk növbədə Cavanşirin, Babəkin, Şah İsmayıl Xətainin heykəlləri ucaldılmalıdır. Onlardan da əvvəl Şərqdə ilk demokratik respublikanın banisi Məmməd Əmin Rəsulzadənin. İlham Əliyev isə Azərbaycanı Heydər Əliyevin heykəlləri ilə doldurub. Birdən-birə Koroğlunun da yada salınması təsadüfü deyil. Bu siyasətdir. Yəni Azərbaycanın tarixi bir mifdən və bir də Heydər Əliyevdən ibarətdir».

Heykəltəraş-rəssam Mir Teymur isə deyir ki, bir nəfərlə milli ideya olmaz:

«Bu, istər Heydər Əliyev olsun, yaxud da Cavanşir. Həm Azərbaycanın tarixi simalarına, həm də Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən sıravi oğullara layiqli qiymət verilməlidir. Mən dünyanın bir çox ölkələrində olmuşam. Orada nağıllar qəhrəmanlarına da heykəllər qoyulur. Bəs biz nədən nağıl qəhrəmanlarımıza heykəl qoymayaq? Nağıllar insanları qəhrəmanlığa, saflığa dəvət edir».

Mir Teymur düşünür ki, çox heykəllər ucaltmaq bütpərəstlik deyil, bütpərəstlik ölkəni Orta əsirlərə qaytarmaqdır…

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG