Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:31
Bakının Nərimanov rayonundakı Səttarxan adına zavodun yataqxanasında məskunlaşan qaçqınların köçürülməsinə başlanılıb. Qaçqınların dediyinə görə, onları «Elit» ticarət mərkəzinin yanındakı yeni tikilmiş binaya köçürürlər. Qaçqınların əksəriyyəti daha yaxşı şəraiti olan yeni mənzillərə köçürülmələrindən razılıq bildirsələr də, onları narahat edən və narazı olduqları bir sıra məsələlər də var.


MƏNZİL YAXŞIDIR AMMA…

1995-ci ildən həmin yataqxanada yaşayan Zəngilan rayonundan məcburi köçkün Soltan Vəliyev deyir ki, köçürüləcəkləri mənzil ailələrinin çox xoşuna gəlib.
«Əvvəl də pis dolanmırdıq, amma indiki şəraitimiz çox yaxşıdır. Hökumətimizə, prezidentimizə Allah uzun ömür, can sağlığı versin».

Amma Soltan kişinin qonşusu, Cəbrayıl rayonundan olan qaçqın Abduləli Şükürov mənzillərin qeyri-bərabər paylanmasından narazıdır. Deyir 10 ildən bəri yataqxanada ayrı-ayrı mənzillərdə yaşayan ailələri indi bir mənzilə köçürürlər. Onun sözlərinə görə, iki ay əvvəl yataqxanaya köçənlərə ev verilir, amma 10-15 ildən bəri yaşayanlara yox:


«İndi sizin istədiyiniz nədir, biz üç nəfərik, bizə iki otaq düşür, qızıma da ayrıca bir otaq versinlər, o da getsin öz övladı ilə indiyə qədər olduğu kimi ayrıca yaşasın. Mənim qızım bir uşaqla ailəsindən ayrılıb, ayrıca təsərrüfatdır, qaçqın kimi ayrı ailə kimi qeydiyyatdadır. Onu da yazıblar mənim üstümə. Amma burda elə adamlara ev veriblər heç biz onları tanımırıq».

«BİZ QOYUN DEYİLİK»

Şuşa şəhərindən olan məcburi köçkün Zərifə Məmmədova da mənzillərin paylanmasından narazıdır:

«Üç ailəni dördotaqlı mənzilə göndərirlər. Kişi xəstə, mən şəkər, gündə bu kişinin üstünə üç dəfə təcili yardım gəlir. Prezidentin bundan xəbəri yoxdur, hamısını eləyən yuxarıda oturanlardır. Üç ailə bir yerdə yaşaya bilərmi? Biz qoyun deyilik».

Qaçqınlar hətta mənzillərin paylanmasında rüşvət amilinin olduğunu da iddia edirlər.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində isə qaçqınların köçürülməsilə bağlı hər hansı problemlərin olmadığını deyirlər. Komitənin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov deyir ki, ümumilikdə yeni tikilən binada 369 mənzilin hamısı qaçqınlar üçün nəzərdə tutulub və həmin evlərə başqa adamların köçürülməsi barədə məlumatlar da əsasızdır:

«Otaqlar ailə tərkibinə uyğun olaraq verilir. Misal üçün 1-2 nəfərdirsə onlara bir otaq, iki nəfərdən yuxarıdırsa iki otaq, beş nəfərdən yuxarıdırsa üç otaq, 8-9 nəfərə dörd otaqlı mənzil verilir».

DÖVLƏT KOMİTƏSİ TƏKZİB EDİR

Sənan Hüseynov deyir ki, əgər yataqxanada yaşamayan qaçqınlara və ya kənar adamlara mənzil verilməsilə bağlı fakt varsa, onu deyənlər bu barədə Komitəyə müraciət eləsinlər:


«Göstərsinlər elə bir ailə biz ona cavabdehik... Narazı bilirsiniz kim ola bilər, misal üçün eşidib ki, həmin yataqxanadakıları yeni mənzilə köçürürlər və bir iki ay əvvəl gəlib orda yaşamağa başlayıb ki, ona da mənzil verilsin».

Sənan Hüseynov mənzillərin satılması və ya kimdənsə həmin mənzillərə görə pul alınmasının da inandırıcı olmadığını deyir.

«MƏGƏR MƏN QAÇQIN DEYİLƏM»

Keçmiş Səttarxan adına zavodun yataqxanasında məcburi köçkünlərlə yanaşı digər rayonlardan gələn ailələr də yaşayır. Həmin ailələr də narazılar sırasındadırlar, onlar yeganə sığındıqları yerdən çıxarılmalarına etiraz edirlər. Misal üçün Naxçıvan və Cəlilabaddan olan ailələr hara gedəcəklərini bilmirlər. Onlara da mənzil verilməsini tələb edirlər:

«Məgər mən qaçqın deyiləm Azərbaycan vətəndaşı deyiləm, gərək mənim də torpaqlarım getsin, mən də qaçqın olum. Cəlilabad rayonundan 13 il əvvəl Bakıya köçən və yataqxanada məskunlaşan tək bu ailə deyil. Və onların hamısı vətəndaş kimi onlara da yaşamağa yer verilməsini istəyirlər».

Qaçqınların köçürülməsindən sonra 9 mərtəbəli binanın tamamilə söküləcəyi bildirilir. Hazırda həmin bina ilə üzbəüz ərazidə, keçmiş Səttarxan zavodunun yerində Heydər Əliyev Mərkəzi tikilməkdədir. Həmin mərkəzin tikintisilə bağlı indiyə qədər yaxınlıqdakı bir neçə tikili sökülüb və gələcəkdə də bir-neçə yaşayış binasının söküləcəyi bildirilir.

Şərhləri göstər

XS
SM
MD
LG