Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49
Xalq yazıçısı Əkrəm Əylisli növbəti parlament seçkilərində namizədliyini verməyəcəyini bildirir. O bunu «Bizim Yol» qəzetinə müsahibəsində deyib.

- 72 yaşın astanasında özünüzü necə hiss edirsiniz?

-72 yaşın astanasında da özümü 30 yaşın astanasında olduğu kimi hiss eləyirəm. Kefim yaxşı da olur, pis də. Fərq bircə burasındadır ki, indi 30 yaşımdakı kimi, sutkada 10-15 saat işləyə bilmirəm, zorum gündə 5-6 saata ancaq çatır.

Lakin bu 5-6 saatda gördüyüm iş keyfiyyətinə, faydalı iş əmsalına görə, məncə, o vaxtkı 10-15 saatın işindən geri qalmır. İnsan yaşlandıqca sözə münasibəti daha aydın və sərrast olur. Bu yaşda hansı sözü harada işlətməli olduğunu yazıçı daha asan və daha dəqiq duya bilir.

- Yazıçının cavanı yaxşıdır, qocası?

- Bar verən ağacın qocası da yaxşıdır, cavanı da. Bar verməyən ağacın nə qocası, nə cavanı?..

- Sonuncu yazdığınız “Ətirşah Masan” roman-reportajınızın çapından 6 il keçib. Bu illər ərzində kiçik bir hekayənizin belə çap olunmamasının səbəbi nədir?

- Bunu bir azca dəqiqləşdirək. “Ətirşah Masan”dan sonra kiçik yox, böyük həcmli hekayəm də çap olunub. Məsələn, “Çəmənlikdə ziyafət”. Ancaq söhbət bunda deyil. Məsələ burasındadır ki, yazıçı 70 yaşa çatanda onu yazmaq maraqlandırır.

Çap olunub-olunmamağın ondan ötrü bir o qədər də əhəmiyyətli olmur. İndi mənim o vaxtım deyil ki, hər kitabım çıxanda uşaq kimi sevinəm. Bu saat məmləkətdə yazıçı oxucudan çoxdur. Belə vaxtda gündə bir kitab çıxarmağın nə mənası?

Vaxt olub, Bakıda 40-50 min tirajla kitablarım nəşr olunub. Hətta Moskvada 275 min tirajla nəşr edilən kitabım da var. O vaxt kitablar çıxırdı və satılırdı, çünki kitabın çap olunmaq mexanizmi ilə yanaşı, onun satılmaq mexanizmi də vardı. İndiki müəlliflər 300-500 tirajla çıxan kitablarını çantada çiyinlərinə salıb gəzdirirlər, orda-burda ona-buna paylayıb, bundan təskinlik tapırlar.

Özləri də ümid eləyirlər ki, kitabları çıxıbsa, deməli, tarixə düşüblər. Guya tarix bir nəhəng makulatura anbarıymış ki, o anbara dürtülməklə hər şey həll olunurmuş. Füzulidən Vaqifəcən bəlkə indiki Azərbaycan Yazıçılar Birliyinin şairlərindən də çox şeir yazanlar olub.

Ancaq onlardan heç birinin adı ədəbiyyat tarixində qalmayıb. Mən bir qələm sahibi kimi, öz işimi həmişə görmüşəm və görürəm. Çap olunmamış iki romanım var və haçansa yazacağım yeni əsərin havası hər gün isti-isti damarlarımda dolanır.

- “Ətirşah Masan”da “oyun məkanı” kimi təsvir etdiyiniz Milli Məclisin üzvü olandan sonra yazmaq Sizin üçün çətinləşməyib ki?..

- “Ətirşah Masan”dakı “oyun məkanı” Milli Məclis deyil, Azərbaycanın ucqar kəndlərindən biridir. Yazının cəmi 3-4 səhifəsində Milli Məclislə bağlı epizodik söhbət gedir. Qaldı yazı-pozu məsələsinə, bu işdə Milli Məclisdə olmağımın mənə heç bir maneçiliyi yoxdur.

- Milli Məclisdən söz düşmüşkən, 4 ildən artıqdır, deputatsınız, amma çox nadir hallarda danışırsınız. Xalq yazıçısı olan və heç vaxt sözünü deməkdən çəkinməyən bir insanın susmasının səbəbi nədir?

- Əvvəla, mən Milli Məclisə hər iclasda söz alıb danışmaq üçün getməmişəm. İkincisi, mən qələm adamıyam, sözümü mətbuatda deməyə köhnədən vərdişim var. Üçüncüsü də, mən ancaq ürəyimdə söz olanda danışıram.

Özgə cür danışmağı heç vaxt bacarmamışam. Və nəhayət, mən solo oxuyanam, xorda oxumaq mənlik deyil.

- Sizin düşüncənizə görə Milli Məclis necə yerdir?

- Mən mətbuatda bir neçə dəfə demişəm ki, bizim Azərbaycan adlı məmləkətimizdə xalqın 90 faizi ya şair, ya jurnalist, ya da deputat olmaq istəyir. Deməli, Milli Məclis xalqımızın 90 faizinin çox sevdiyi bir yerdir.

- Növbəti dəfə deputat olmaq üçün namizədliyinizi verəcəksiniz?

- Xeyr, verməyəcəyəm. Çünki çoxdan görürəm ki, mənim deputat olmağım bəzi jurnalistlər üçün ciddi problemə çevrilib.

Problemləri başlarından aşan jurnalistləri belə bir izafi problem qarşısında qoymaq, əslində, heç insafdan da deyil.

Düzü, günləri sayıram ki, müddətim tez bitsin və mənim jurnalist bacı-qardaşlarım, nəhayət, bu nigarançılıqdan birdəfəlik qurtulsunlar.

- Daha Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini tənqid etmirsiniz. Bu işdən yorulubsunuz, yoxsa onlar düzəlib?

- Mənim Yazıçılar Birliyinin fəaliyyəti barədə dediklərimi o qədər bəsitləşdirib, bayağılaşdırdılar ki, indi bu mövzuda söz eşidəndə, inanın ki, ətim çimçəşir.

Mənim əqidəmə görə, SSRİ Yazıçılar İttifaqı öz ömrünü bitirəndən sonra yaranan yeni yazıçı qurumunun yeni mənəvi siması və yeni idarəçilik mexanizmi də yaradılmalıydı. Ancaq buradakı köhnə sistemin ömrünü uzatmağa şəxsi marağı olan

Anarın Birliyə sədr gəlməyi belə bir mexanizmin yaranmasına əsaslı sürətdə mane ola bildi.

Yenilik yalnız bundan ibarət oldu ki, yazıçılara verilən vəsiqənin üstündə “SSRİ Yazıçılar İttifaqı” əvəzinə “Azərbaycan Yazıçılar Birliyi” yazıldı. Keçmiş İdarə Heyəti üzvləri indi “Məclis üzvləri” oldu və keçmiş “Rəyasət Heyəti” “Ağsaqqallar Şurası” adlandırıldı.

O zaman yazıçılar İttifaqına üzv olanların yəqin yadındadır ki, Sovet dövründəki İdarə Heyəti, pis-yaxşı, hər halda işlək orqan idi.

O vaxtkı Rəyasət Heyətininsə bütün məsələlərin həllində böyük səlahiyyətləri vardı.

Ancaq AYB-nin indiki Məclis üzvlərinin haçansa bir yerə yığışıb, nəyisə həll etdiyini hələ ki, heç kəs görməyib.

Mənim, özümdən xəbərsiz, daxil edildiyim Ağsaqqallar Şurası isə öz yaranışından bəri, Qobustanın qayaüstü rəsmlərindəki əndirəbadi fiqurlar kimi, əl-ələ verib kağız üstdə yallı gedir.

Bu “yenilik”, heç şübhəsiz, mindən çox üzvü olan bir ictimai təşkilatda yazıçıların hər birinə aid olan bütün məsələlərin bir və ya bir neçə adamın əlində cəmləşməsinə xidmət edir.

Vəzifəni şəxsi məqsədlər üçün işlətməyin, qanunsuz-qadağasız, adi bir iş olduğu bu zəmanədə bu boyda, bu biçimdə diplomatik kələkbazlıq axı kimə və nəyə lazım idi?..

Azərbaycansayağı demokratiya, hətta ictimai təşkilatlarda da hər kəsin öz vəzifəsində kefi istədiyi qədər oturmağına şərait yarada bilir.

Mən bu işə qarışmıram. Ancaq həyatın ləzzətini vəzifədə tapan bu adamlar oturduqları vəzifədə ədəbiyyata hansısa ali və əvəzsiz xidmətlər göstərməklərindən dəm vuranda məni durduğum yerdəcə od götürür.

Çünki adamları zır avam yerinə qoymaq bizə Şeyx Nəsrullahdan qalıb və belə yerdə Kefli İsgəndər olmamaq mən xasiyyətdə, mən temperamentdə adam üçün, sadəcə, mümkün deyil.

Buna görə də, məlumatın olsun ki, mənim AYB-yə münasibətim dəyişməz olaraq qalır. Çünki özümün ədəbi təcrübəmə və şəxsi əqidəmə görə, burada həqiqi ədəbiyyat naminə çoxdan bəri heç bir iş görülmür.

Elə bu səbəbdən də mən hələ 20 il əvvəl Birliyin katibi vəzifəsindən getmişəm.

AYB-nin üzvlüyündən çıxmaq üçün 1991-ci ilin əvvəlində Anara ərizə ilə müraciət eləmişəm və bundan sonra o idarənin qapısını bir dəfə də açmamışam.

Birliyə, Anardan sonra, kimin rəhbərlik edəcəyi məni qətiyyən maraqlandırmır.

Ancaq bunu, məndən başqa bir də mənim öz Allahım bilir ki, Anarla şəxsi düşmənçiliyim heç vaxt olmayıb.

Ürəyimin bir yerində Anar indi də tərtəmiz, sapsaf qalır. Və bunu da tam səmimiyyətimlə deyirəm ki, şəxsən mən bu dünyanın heç bir vəzifəsini Anara dəyişməzdim.

- Həmişə təriflədiyiniz gənc yazarlar lazım gələndə Sizin də bostanınıza daş atmaqdan çəkinmirlər. Onların yazdıqları Sizə ədalətsizlik kimi gəlmir?

- Daşı nə qədər istəyirlər atsınlar. Amma şər atmasınlar. Mən, dünyaya göz açandan, yalnız şərdən qorxmuşam.

Məndəki bu zəif damarı, deyəsən, Şər də öz gözü ilə görüb. Şər məndən ömrüm boyu əl çəkməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG