Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:00

İçərişəhərdə təndirxana qovğası


Böyükqala küçəsindəki 16 saylı bina
Böyükqala küçəsindəki 16 saylı bina
«Burda təndir olmaz. Bura qəzalı binadır. Fövqəladə Hallar Nazirliyindən gəlib bərpa ediblər».

«İçərişəhərin yenidən bərpasını nəzərdə tutan şəxslər doğrudanmı bu təndirə icazə verə bilirlər? Doğrudanmı, bir manat insanlardan daha irəlidir?».

İçərişəhərdə Böyükqala küçəsindəki 16 saylı binanın sakinləri binanın arxa tərəfinə çıxan pəncərələrinin qarşısında təndirxana tikilməsindən narahatdırlar. Sakinlər deyirlər ki, noyabrın 15-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ikicə addımlığında yerləşən bu ərazidə qazıntı işlərinə başlanılıb və onlara burada təndirxana tikiləcəyi bildirilib. Onların sözlərinə görə, binada yaşayan 16 ailə qazıntı işlərinin dayandırılması və qazılmış yerin torpaqla doldurularaq əvvəlki vəziyyətinə gətirilməsi ilə əlaqədar İdarəyə müraciət ediblər. Lakin müraciətlərinə heç bir cavab almayıblar. Sakinlərsə ərazidə təndirxana tikilməsinin mümkünsüz olmasını bir neçə səbəblə əsaslandırırlar.

«VUR-TUT BİR PƏNCƏRƏM VAR»

Məsələn, bina sakini Babaverdi Vahidov deyir ki, qəzalı vəziyyətdə olan mənzilinin divarlarını uçmaq təhlükəsindən qorumaq üçün divarlara şvellerlər bərkidib. Lakin binanın özülündəki qəzalı vəziyyət aradan qaldırılmayıb. Həm də:

«Mənim vur-tut bircə dənə pəncərəm var, bəs mən havanı hardan alacağam?».

Babaverdi Vahidov deyir ki, təndirxana tikilməsi nəzərdə tutulan kiçik ərazidə bir neçə ağac var. Həmin ağacları qurutmaq üçün ağacların dibinə kimyəvi turşu da töküblər:

Babaverdi Vahidov
«Onu mən suyla yuyub, bərpa eləyib saxlamışam. Ya öləcəyəm, ya da qoymayacağam o ağac kəsilsin».

Bina sakini Könül Axundova da təndirxana tikilməsindən narahatdır:

«Onun hisi-tozu... Ailələr yaşayır burda…».

«BURA KÜÇƏ DEYİL, BİZİM HƏYƏTİMİZDİR»

Könül Axundova deyir ki, sakinlər tikiləcək təndirxananın sahibinin kimliyi ilə maraqlansalar da Qoruq İdarəsi onlara bu barədə məlumat vermək istəmir:

«Kimsə burda nəsə tikir. Axı o kimdir? O gəlib bizdən icazə alıbmı? Bura küçə deyil, bura bizim həyətimizdir. İçərişəhəri başa düşməyən insanlar İçərişəhərdə tikinti aparır. Bu, ən böyük faciədir. Lazım olsaydı İçərişəhəri salanlar təndir də tikərdilər həyətlərdə».

80 yaşlı Əlibala Səfərovsa deyir ki: «Mənim eyvanım bura baxır. 80 yaşım var. İşemik xəstəyəm. Mənə təmiz hava lazımdır. 18-ci əsrin binasıdır. Abidədir, dövlət tərəfindən qorunur. Gələcək nəsillərə nə göstərəcəyik?».

Ərazidə qazıntı işlərinə başlanılıb
İçərişəhərli memar-rəssam Mirteymur Məmmədov məsləhət görür ki, təndir tikənlər əvvəlcə binanın özülündə bərkitmə işləri aparsınlar. Nə qədər ki, binanın özülündə bərkitmə işləri aparılmayıb, onun yarım metrliyində aparılan hər hansı qazıntı binanı yerindən tərpədə bilər.

«İÇƏRİŞƏHƏR NAŞILARIN ƏLİNDƏ QALIB»


Çünki bərkitmə işləri bir müddət əvvəl binanın yalnız divarlarında aparılıb, özülündə yox. Hətta bu da başdansovdu həyata keçirilib:

«Suvaq vurublar, ancaq hamısını göz yummaq üçün eləyiblər, yəni biz nə isə elədik. Bu şvellerlər ki, vurulub, hamısı oyuncaqdır. Fundamentə heç nə eləməyiblər. Hər işin mütləq öz mütəxəssisi olmalıdır. Ancaq mən burda görürəm, adlarını mütəxəssis qoyublar, gəl ki, hırnan-zırı qanmırlar. O işləri ki, onlar aparırlar İçərişəhərdə, heç bir çərçivəyə sığmır».

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri isə sakinlərin narahatçılığına əsas olmadığını deyir:

«O yer, həmin qazılan hissə noyabr ayının sonundan başlayaraq bizim idarə tərəfindən sadəcə olaraq zir-zibildən təmizlənib. Bu gün orada təndirxana tikilməsi gündəlikdə deyil».

«Bəs ərazidəki qazıntı işlərini kim aparıb?» sualına isə Rahib Azərinin cavabı belə oldu:

«Onu biz qazmamışıq, kimlərsə tərəfindən qazılmışdı. Orda nəsə eləmək istəyiblər, amma sonra eləməyiblər».

Rahib Azəri həmin «kimlər»in kim olduqlarını açıqlamadı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG