Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:17
Lənkəran məscidinin axundu Hacı Əli Əşrəf Ümumdünya AİDS-lə Mübarizə Günü ilə bağlı AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Hacı, AİDS barədə nə bilirsiniz?

- Bu xəstəlik barədə televizorda eşidirik. Amma bizim tərəflərdə belə şeyə rast gəlinməyib hələ. Amma Allahtəala Quranda buyurur ki, insan pak olmalıdır, pəhriz eləməlidir. Bu elə belə xəstəliklərə tutulmamaq üçün deyilib də.

- Hacı, bu xəstəliyin cənub bölgəsində də az ollmadığını deyirlər. Bilmirsiniz bu virus hansı yollarla insana keçir?

- Vallah, mən bunun nə yollarla yayıldığını bilmirəm. Heç bunun haqqında anlayışımız da yoxdur. Amma televizorda eşidirik ki, belə şeylər var.

- Deyilənə görə, bu xəstəlik narkotiklərin şprislə istifadəsi və cinsi əlaqə yolu ilə daha çox yayılır. Nə etmək lazımdır ki, bu baş verməsin?

- Bunun baş verməməsi üçün geniş auditoriyalar lazımdır ki, camaat üçün müəyyən moizələr oxuna. İnsanlarla uşaqlıq dövründən böyüyənəcən müəyyən danışıqlar aparılmalıdır. İnsanları bu yoldan daşındırmaq güc yolu ilə yox, tərbiyəvi moizələrlə mümkündür. Burada çətin bir şey yoxdur.

- Lənkəranda belə moizələr üçün imkan, şərait varmı?

- Bəli, Lənkəranda bunun üçün bütün şərait var. Məscidlər açıqdır, həmçinin məclislərdə də belə söhbətlər üçün hər bir şərait var.

- Hacı, hər il dekabrın 1-i Ümumdünya AİDS-lə Mübarizə Günü kimi qeyd olunur. Ola bilərmi ki, bundan sonra siz də bu xəstəliyin yayılmasının qarşısını almaq üçün məscidlərdə, məclislərdə hamıya deyəsiniz ki, yadlarla qoruyucu vasitələrsiz cinsi əlaqəyə girmək, narkotiklərdən istifadə belə hallara gətirib çıxarır?

- Bu, həmişə deyilir. Ancaq baş üstə, bundan sonra daha da geniş deyiləcək. Amma ümumiyyətlə yad adamla cinsi münasibəti Quran haram edir. Bu, zina sayılır. Yəni, Quranda bu əməl ən böyük günahdır. Hətta buna böyük cəzalar təyin olunub.

- Hansı cazalar var buna görə?

- Məsələn, hətta dar ağacından da asmaq var. Narkotiklərdən istifadə də Allahın xoşuna gəlməyən işdir. Quranda bildirilir ki, insanlar nə qədər bu işlərdən uzaq olsalar, o qədər Allahın rəhmaniyyətinə yaxın olarlar. Amma belə zərərli şeylərə yaxınlaşdıqca Allahın qəzəbinə düçar olarlar. Onun biri də həmin o xəstəliklərdir ki, düçar olurlar, ömürləri tez qurtarır, ailə dağılır. Bu elə Allahın qəzəbidir də.

- Hacı, insanlar başqa nələr etsinlər ki, yoluxucu xəstəliklərə düçar olmasınlar?

- Bax indiyəcən bizim evimizdə heç adi qrip də olmayıb. Halbuki, səhərdən axşamacan hər yerdə ondan danışılır. Çünki hamı hər gün namaz qılmaq üçün dəstəmaz alır, gigiyenik qaydalara əməl edir və sairə. Allah bu günü gördüyü üçün İslam, Quran vasitəsilə qabaqcadan bunların qarşısını almaq üçün də bütün yolları deyib. İnsanlara bütün yollar göstərilib. Quran yaxşının da pisin də nəticəsini buyurur. Əgər insan Allahın buyurduğu yolla getsə heç bir xəstəlik ona kar eləməz.

- Hacı, indi iş işdən keçib bu xəstəliyə tutulanlar neyləsinlər?

- Şükür Allaha, indi bizim dövlətimizdə hər cür şərait var müalicə üçün. Bu xəstəliyə tutulanlar gedib müalicə alsınlar. Sonra da belə pis yollara getməsinlər, vəssalam.

- Əgər hamı buna əməl eləsə nə olar?

- Əgər əməl eləsələr ölkədə hamı həm mənəvi, həm də fiziki baxımdan çox sağlam olar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG