Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:19
(Böyük müğənni Müslüm Maqomayevin xatirəsinə)

- Biz sevgimizi sevdiklərimizə söyləməyi bacarırıqmı?
- Yox!
- Hələ sağkən ata-anamıza hədsiz bağlı olduğumuzu, onları itirmək qorxusu ilə yaşadığımızı hiss etdirə bilirikmi?
- Yox!
- Biz müəllimlərimizə, ustadlarımıza sağlığında gərəkli hörməti, şəfqəti verə bilirikmi?
- Yox!
- Biz dünyadan gedənlərimizi layiqincə uğurlaya, xatirəsini ana bilirikmi?
- …(Sükut)
- Bəlkə biz yaşamırıq?!

…Bura qədər oxuduqlarınızı iki gün öncə, bir xatirə gecəsinə baxandan sonra yazdım.
Gecə saat ikinin yarısı idi.

Fikirlərim dumanlı, duyğularım qarışıqdı…Vaz keçdim. Bir də yazmamaq qərarı ilə faylı bağladım.

Qışın birinci ayı, ən azı dərin payız dediyimiz bu gündə bəs niyə «Unutmamışamsa, yaşayıram» adlandırdığım yazını təzədən açdım?

Göydən aramsız tökülən, adama üzüntü gətirən yağışın təsirindənmi?
Ya iki gün öncə baxdığım anım gecəsinin ürəyimə çökdürdüyü sıxıntılı hisslərə görəmi?
Bir xarici ölkə kanalının (RTR) iki saatlıq proqramı məni niyə belə duyğulandırmışdı ki?
Həmin ölkənin həmin kanalında belə gecələri azmı görmüşdüm?
Bəs niyə onun təsirindən çıxa bilmirəm?
Bəs nədən o Xatirə gecəsində səslənənlər qəlbimi göynədir?
Bəlkə xatirə gecəsi gəncliyimin ən sevimli müğənnisinə həsr olunduğu üçün?
Bəlkə o müğənni 1 il 1 ay 1 həftə öncə dünyadan köçdüyü üçün?
Bəlkə həmin müğənninin oxuduqlarının hər an ürəyimdə səsləndiyi üçün?
Bəlkə həmin mahnıların mənə bir də geri qayıtmayacaq illəri xatırlatdığı üçün?
Yəqin ki, həm bu, həm o, həm də o birisi…
Amma ən önəmlisini niyə unutdun? Səni düşündürən, duyğulandıran həm də «Unutmamışamsa, yaşayıram!» adlanan Xatirə gününə bənzər günü Vətəndə görə bilməməyindir… Müslüm Maqomayevin doğma yurdunda…

ƏLVİDA, BAKI!.. BIR UDUM SU, ƏLVİDA!

İşə bax, son mahnısı da «Əlvida Bakı» oldu. Bakının qoynunda da rahatlıq tapdı.
Bakı uzun illərdir ondan ayrı düşmüş doğma balasına qucaq açdı. Sanki heç ayrılmamışdılar.
O gün şəhəri dolduran insan seli öz böyük oğlunu son mənzilə yola salırdı.
101 il öncə Həsən Bəyi apardığı kimi,
Daha sonralar Üzeyir bəyi, Müslüm bəyi (baba), Səməd Vurğunu, Qara Qarayevi, Fikrət Əmirovu, Niyazini, Nəbi Xəzrini, Bəxtiyar Vahabzadəni uğurladığı kimi.
Bir il keçdi…Qəbirüstü abidəsi də açıldı.
Ancaq bu?
Hə, bir də, radio-televiziyalarda ötən ildən hazırlanan verilişlərin təkrarı…
Təkcə bu?

Əlvida Bakı! Son ayrılıq qapıda.
İndi içimdə qəm və qorxu və xof.
İndi ürək daha üzgün, düz əlimin altında,
İndi tam bilinir nə deməkmiş dost.

BÖYÜK MÜĞƏNNİLƏR DÜNYADAN KÖÇƏNDƏ ÜRƏKLƏR SIZLAYIR!

2007-ci ilin yanvarında Nəbi Xəzri dünyadan köçəndə, Müslüm bəy xəstə idi, o üzdən Bakıya gələ bilməmişdi. Moskvadan bir teleqram yollamışdı.

Müslüm bəy Nəbi Xəzrinin sözlərinə yazılmış şöhrətli «Azərbaycan» mahnısını oxumuşdu. Və təbii ki, bu xəstə halında şairin ölümü onu üzmüşdü.

Teleqramda çox sözlər vardı. Amma birisi yaddaşıma həkk olunub: Böyük şairlər dünyadan köçəndə, ürəklər sızlayır!

İki il sonra Müslüm bəyin Dəfn günü «Can Bakı» proqramının ona həsr olunmuş canlı efirində bu sözləri mən onun özünə ünvanladım: Böyük müğənnilər dünyadan köçəndə ürəklər sızlayır- dedim…

MOSKVADAKI XATİRƏ GÜNÜNDƏN XATİRİMDƏ QALANLAR

Çox böyük Sevgi, Sayğı…
Əzəmət…
Böyük İtkidən doğan dərin Hüzn…
Yerli-yerində, hətta xəsisliklə söylənilən Söz…
Əvəzində Müslümün az qala bütün mahnılarının dostları tərəfindən ifası…
Onunla virtual duetlər…
Zalda əyləşənlərin gecənin iştirakçıları ilə birgə oxuduqları mahnılar…
Hətta ifaçıların paltar seçimi…
Telekameraların nəhəng salonda quş kimi süzməsi, iştirakçılara verdiyi dəstək, gərəkli yeri, gərəkli məkanı, adamı, ovqatı göstərə bilmək bacarığı…və s.

BİZ BELƏ XATİRƏ GÜNÜ KEÇİRƏ BİLƏRİKMİ?

Bilmirəm. Görməmişəm. Deməkdə çətinlik çəkirəm. Ondan bir gün öncə TV-də baxdığım, böyük salonların birində gerçəkləşən aşıqlar konserti yadıma düşür.

Donuq kameralar, bəsit tərtibat, iştirakçıların özünü sıxaraq oxuması(onların günahı nə?) mənə «Hə» deməyə imkan vermir.

UNUDULMAYACAQSAN, ONA GÖRƏ…

Müslüm bəy ürəklərin müğənnisi idi.
Ürəklərdə də qalacaq. Özünün bir mahnısı var: «Sənə minnətdaram” (Bloqadaryu tebya). Keçmiş sevgisinə müraciətlə deyir:

Hər şeyə görə sənə minnətdaram.
Qəmə, kədərə görə,
Sakitcə söylədiyin «Əlvida» kəlməsinə görə.
Sənə minnətdaram
Bir də, unudulmayacaqsan, ona görə…
Bu mahnının da sözlərini Müslüm bəyin özünə ünvanlayıram.
Ona minnətdarıq - unudulmayacağına görə.
Bir də, Sovetlərin o qapalı, miskin, boz həyatında yaşamımıza rəng qatdığına görə…

Şərhləri göstər

XS
SM
MD
LG