Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:34
Bu gündən başlayaraq AzadlıqRadiosu "Məhkəmə kuryozları..." adlı yeni rubrika açır. Burada Azərbaycan məhkəmələrində baş verən qeyri-adi hadisələr özünə yer tapacaq. Belə hadisələri toplamaq üçün artıq hüquq müdafiəçilərinə müraciət etmişik. Topladığımız epizodların ilk üçlüyünü dərc edirik. Amma Azərbaycan məhkəmələrində analoqu olmayan insidentlər haqda məlumatlar daxil olmaqdadır. Sizdə də belə məlumatlar varsa, bizə göndərin. Saytımızı izləyin.

ÖLÜNÜN DƏ QIDIĞI GƏLƏR?..

Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimovun rəhbərliyi ilə keçirilən prosesdə ölü adam şahid qismində ifadə verib. Hüquq Maarifçiliyi Cəmiyyəti bu faktı «Hakimlərin intizam məsuliyyəti» adlı kitabda yayıb. Bundan sonra Hakim Qəzənfər Kərimov adı gedən təşkilatın rəhbəri İntiqam Əliyevi və daha 2 nəfəri məhkəməyə verib.

Lakin Qəzənfər Kərimov ölü adamın guya məhkəmədə ifadə verdiyi barədə məlumatı inkar etmir. Onun davası bu addıma görə hakimə verilən cəza dərəcəsinin kitabda səhv yazılmasıdır. Q.Kərimov deyir ki, Hüquq Maarifçiliyi Cəmiyyəti onun haqqında Məhkəmə Hüquq Şurasının intizam icraatına xitam verilməsini yalan yazıb. Əslində hakimə töhmət veriblər.

VƏKİL PROKUROR ROLUNDA...

2008-ci ildə «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlili bıçaqlamaqda ittiham edilən Sergey Srekalin 1 il 6 ay həbs cəzası aldı.
Sergey Strekalin
Sergey Strekalin qəsdən bədənə az ağır xəsarət yetirməkdə, həm də narkotik vasitələri satış məqsədi olmadan saxlamaqda təqsirli bilinirdi.

Aqil Xəlil məhkəmədə deyirdi ki, onu Strekalin bıçaqlamayıb, bu şəxsi heç tanımır da. Strekalinin vəkili isə əksini sübut edirdi, deyirdi ki, müştərisi özünü narkotik vasitələr saxlamaqda yox, yalnız Aqil Xəlili bıçaqlamaqda qismən təqsirli bilir...

Fərqli cinsi oriyentasiyalı Sergey Strekalin hərəkətini şəxsi motivlə bağlayırdı. Aqil Xəlilsə bu işi özünə qarşı «şantaj» adlandırır, müttəhimlər kürsüsündə onu «Zeytunluq»da reportaj hazırlayarkən döymüş MTN zabitlərinin oturmalı olduğunu deyirdi.

4 KİŞİNİ DÖYƏN QADINA MÜDDƏTSİZ HƏBS...

Hüquq müdafiəçisi Leyla Yunus tikinti meydançasında dörd kişini döyməkdə təqsirli bilinən Səyyarə Heydərovanın işini xatırladır. İşlə bağlı zərərçəkənləri hələ də məhkəməyə gətirmək mümkün olmayıb.
Səyyarə Heydərova
Ancaq əsas məsələ bunda deyil. 2007-ci il noyabrın 21-də Suraxanı Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyeva Səyyarə Heydərovanın həbsi barədə qərar çıxarır, təbii ki, imzalayır da. Ancaq istintaq təcridxanasında müəyyən olur ki, hakim Tağıyeva qərarda azadlıqdan məhrumetmənin müddətini göstərməyib. Yəni Səyyarə Heydərova müddətsiz həbs olunub...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG