Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:01

Şəxsiyyətə pərəstiş İslamın gözüylə bütpərəstlikdirmi?


Ağsuda Heydər Əliyevin abidəsi, 29 oktyabr 2009

Ağsuda Heydər Əliyevin abidəsi, 29 oktyabr 2009

ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ DAHA ÇOX HARDA YAYILIB?

Ölkə rəhbərlərinin yüzlərlə heykəlləri, siyasi liderlərin saysız-hesabsız portretləri, onların şəninə yazılan şeirlər, qoşulan mahnılar...İndi dünyanın bir çox ölkəsində bunu müşahidə etmək mümkündür.

Türkmənistan – Türkmənbaşı

Məsələn, ölənə qədər Türkmənistana rəhbərlik edən Saparmurat Niyazovun hakimiyyəti dövründə onun 14 min heykəl və büstü, bir neçə qızıl abidəsi ucaldılıb. Ölkədə xeyli küçə, zavod, kolxoz və məktəblər Türkmənbaşının adını daşıyıb, ömürlük prezidentin şəkli həm də məişət və ərzaq məhsullarının qablarını bəzəyib. Onun adı dövlət himnində də səslənirdi. Türkmənistanın gerbinə Niyazovun sevimli atının şəkli salınmışdı.

Özbəkistan – Kərimov


Neçə illərdir Özbəkistanda yolları, idarələri İslam Kərimovun, Tacikistanda isə İmaməli Rahmonun şəkilləri bəzəyir. Qazaxıstan prezidenti
Özbəkistanda yolları İslam Kərimovun şəkilləri bəzəyir
Nursultan Nazarbayevin adına dağ zirvəsi, 3 muzey var.

Suriya – Ata-oğul Əsədlər

29 il ərzində Suriyaya rəhbərlik edən Hafiz əl Əsədə Dəməşqdə qızıldan heykəl qoyulub. Hakimiyyətdə isə indi onun oğlu Bəşər əl Əsəddir. Suriyada çox yerdə ata-oğlun birgə şəkilləri və altında «Əsədlərin Suriyası» şüarlarını görmək olar.

Liviya – Qəddafi

Liviya lideri Müəmmar Qəddafi isə bir neçə ay əvvəl hakimiyyətdə olmasının 40 illiyini təntənəli surətdə qeyd edib. Bu illər ərzində Qəddafi ölkəni elə özünün nəşr etdirdiyi «Yaşıl kitab» əsasında idarə edib.

Azərbaycan – Əliyevlər


Azərbaycanda da BTC neft kəmərindən tutmuş hava limanına qədər ölkənin ən vacib iqtisadi və sosial-mədəni xarakterli obyektləri Heydər Əliyevin adını daşıyır. İndi Bakı küçələrində Heydər və İlham Əliyevlərin istənilən sayda portretlərinə rast gəlmək mümkündür. Elə bir xırda məmur tapılmaz ki, iş otağında prezident İlham Əliyevin şəkli asılmasın.

ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ BÜTPƏRƏSTLİYİN BİR FORMASIDIRMI?

Nə üçün «şəxsiyyətə pərəstiş» kimi qiymətləndirilən bu tendensiya məhz müsəlman ölkələrində daha çox yayılıb? Axı İslamda şəxsiyyətə pərəstiş və bütpərəstlik qadağan edilib.

AzadlıqRadiosu və «İnternyus-Azərbaycan»ın birgə layihəsində - «İslam və demokratiya» verilişində bu məsələ müzakirə edilib.
Hacı İlqar İbrahimoğlu
Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu və «İnkişafa Baxış» İctimai Birliyindən Niyaz Qaraöynəlinin yardımıyla.

"İslam və Demokratiya" verilişini dinlə

«BAXMAQ LAZIMDIR Kİ, BU ŞƏKLİ NİYƏ VURURLAR?»

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bu məsələyə zahiri yanaşmanın əleyhinədir. Onun dediyinə görə, məsələ kiməsə heykəl qoyulmasında, kiminsə şəkillərinin hər yerə asılmasında deyil:

«Əsas məsələnin mahiyyətinə baxmaq lazımdır – bu şəkil niyə vurulur? Niyə kimlərəsə bu dərəcədə ehtiram göstərilir? Əgər bu hörmətdə kiməsə ibadət etmək meylləri hiss olunursa, bu, bütpərəstlikdir və İslam inancına görə, qadağandır».

«RƏSULZADƏYƏ HEYKƏL QOYULSA, HEÇ KİM TƏƏCCÜBLƏNMƏZ»

Hacı İlqar hesab edir ki, tanınmış alimlərə, ictimai-siyasi xadimlərə heykəl ucaldılmasında qəribə heç nə yoxdur:

«Əgər Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoyulsaydı, bu, heç kimi təəccübləndirməzdi. Yaxud, Lütfüzadə kimi tanınmış alimə heykəl qoymaq, onu anmaq demək olardı. Ancaq kimsə həmin heykəli ibadət, sitayiş yeri kimi görsə, onda o, artıq pərəstişə çevrilər. Hansısa liderə tapınma, ona az qala ibadət olunması birmənalı olaraq pisdir».

«ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ İSLAM COĞRAFİYASINDA YARANMAYIB»


«İnkişafa Baxış» İctimai Birliyinin sədri Niyaz Qaraöynəli şəxsiyyətə pərəstişin geniş yayıldığı rejimlərin İslamla, müsəlman dünyası ilə heç bir əlaqəsi olmadığını düşünür:

Niyaz Qaraöynəli
«Nədənsə despotizm, tiraniya deyəndə, mütləq İslam ölkələri yada düşür. Halbuki, bu terminlərin özləri Qərbdən gəlib. İslama bu cür baxışlar sırf subyektivlikdən irəli gəlir. Bu, yalnız İslam coğrafiyasının fenomeni deyil».

«BİR NƏFƏRİ İLAHİLƏŞDİRMƏK OLMAZ»

İslamın heykəl və şəkillərə münasibətini Niyaz Qaraöynəli bütpərəstliyin bərpa olunması təhlükəsi ilə əlaqələndirir:

«Bu, İslamın erkən vaxtlarında idi. İndi isə bir çox İslam alimləri məsələnin mahiyyətini açıqlayırlar. Doğrudan da, bir nəfərin avtoritetinin cəmiyyətdə ilahiləşdirilməsi şəxsiyyətə pərəstişə gətirib çıxara bilər».

Hacı İlqar İbrahimoğlu bu məsələnin siyasi anlamda təhlükə yarada biləcəyi ilə razılaşır. Onun fikrincə, «şəxsin kultu» fenomeninin yaranmasından ehtiyatlı olmaq lazımdır:

«KİMSƏ HƏR KƏSDƏN FƏRQLİ GÖSTƏRİLİRSƏ, BÜTLƏŞDİRİLİR»

«Kimin üçünsə deyilsə ki, o, sizdən fərqlidir, bu, sizdən Allaha daha çox yaxındır, müqəddəs kimi yanaşılsa, bu, bütpərəstlik fenomeninə yaxınlaşmaq ola bilər. Bu fenomeni bir paradiqmadan çıxarıb, İslama salanda, paradoks yarana bilər».

DEVAMM rəhbəri hesab edir ki, vəziyyəti bilməyən insan üçün Türkiyədə Atatürkün bu səviyyədə anılması da şəxsiyyətə pərəstiş kimi qiymətləndirilə bilər. Amma nədənsə, Azərbaycanda bir çoxları söhbət Türkiyədən - Atatürkdən düşəndə bunu başqa cür qəbul edir, fərqli ölkələrdən düşəndə, başqa cür.

Daha ətraflı audio hissədə

Şərhləri göstər

XS
SM
MD
LG