Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:53

Qənimət Zahidin səhhəti pisləşib


Qənimət Zahidin Penitensiar Xidmətin müalicə müəssisənə köçürülməsi üçün müraciət olunub
Qənimət Zahidin Penitensiar Xidmətin müalicə müəssisənə köçürülməsi üçün müraciət olunub
«Qənimətin əvvəllər də revmatizm ağrıları vardı, mən ona müalicə üçün iynə-dərman aparırdım. Dünən gedəndə əmin oldum ki, bu müalicələrin də ona bir xeyri yoxdur. İki həftədir ki, ürəyində ağrılar başlayıb. Bu da revmatizmin nəticəsidir».

«Azadlıq» qəzetinin həbsdəki baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva belə deyir. Sonuncu dəfə o, yoldaşı ilə noyabrın 30-da görüşüb.

Q. Zahidin Penitensiar Xidmətin müalicə müəssisənə köçürülməsi üçün müraciət olunub.

Vəkili Əlayif Həsənov AzadlıqRadiosuna bildirib ki, müraciətdə jurnalistin müayinə və müalicə olunması ilə yanaşı, ikinci bir məsələ də qeyd olunub:

«Qənimət hər çətinliyini dilə gətirən adam deyil. Şikayətləndi və arzusunu bildirdi ki, müayinə və müalicə olunmaq istəyir. Həm də arzusunu bildirdi ki, qəzetin işləri ilə operativ maraqlanmaq üçün qəzetin məsul şəxslərindən biri - Elşən Şirinov ilə mütəmadi olaraq ona görüş şəraitinin yaradılmasını istəyir».

Vəkil hələlik müraciətlərinə cavab gəlmədiyini bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, hələlik müraciət onlara gəlməyib: «Baxıldıqdan sonra məqsədəmüvafiq qərar veriləcək».

Qənimət Zahid 2007-ci ilin noyabrından həbsdədir. O, xuliqanlıqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG