Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:57

«Bizi alçaltmağa çalışırdılar»


Sima Didar və Əlirza Fərşi

«Əgər seçkidən əvvəl ana dilində təhsil vermək vədləri doğru olsaydı, bizi – iki gənci ana dilində təhsil istədiyimiz üçün həbs etməzdilər».

Bu sözləri «İşdən sonra» proqramında İranda azərbaycanlıların milli-mədəni hüquqları uğrunda fəallardan biri Sima Didar deyib.

«GÖZÜMƏ BİBƏR QAZI TÖKDÜLƏR»

Seçkidən əvvəl, mayın 22-də hökumətin təşkil etdiyi ümummilli gəzintidə «Türk dilində mədrəsə!» şüarı səsləndirdiyi üçün həbs olunan Təbriz Universitetinin professoru Əlirza Fərşi və onun xanımı Simaya bir il həbs cəzası kəsilib. O, həbsini belə xatırlayır:

«Seçki ərəfəsində hər kəs öz istəyini ifadə edirdi. Bizim də istəyimiz Konstitusiyanın 15-ci maddəsinin icrası və türk dilində mədrəsələrin açılması idi. Dövlət tərəfindən qurulmuş mərasimdə bu istəyimizi dilə gətirdik. Bunu edəndə dövlət məmurları başımıza töküldülər. Mən həyat yoldaşımla bərabər idim və əlindən tutmuşdum. Çalışırdıq xilas olaq. Sonra gözümə bibər qazı (gözyaşardıcı) tökdülər və mən iki saata qədər heç nə görmədim. Maşın tutdum evə gəldim. Həyat yoldaşımı aparmışdılar. 28 gün sonra mənə vəkil zəng vurdu ki, görüşə icazə verirlər. O vaxta qədər heç telefonla da danışmağa icazə verməmişdilər. Məni zindanın içində 37-ci otağa – Ettelaatın otağına apardılar. Orada hökm göstərdilər ki, buna əsasən səni həbs edirik».

«MİLLİ FƏALLARI OĞRU DƏSTƏSİNİN TƏRKİBİNDƏ MÜHAKİMƏ EDİRLƏR»

«İşdən sonra» proqramının digər qonaqları – özünü Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlandıran qurumun Bakıdakı sözçüsü Ağrı Qaradağlı və İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkakpur deyirlər ki, mayın 22-dəki gəzintidə şüarlar söylədikləri üçün həbs olunan Təbrizli gənclər arasında bundan yüngül cəza alanı da var, daha ağır cəza alanı da.

Yaşar Həkkakpur deyir ki, daha ağır cəza vermək üçün fəallara «qondarma partlayıcı əldə etmə ittihamı» irəli sürülür. Yaxud da milli fəalları oğru dəstəsinin tərkibində mühakimə edirlər ki, hərəkatı hörmətdən salsınlar.

Sima Didar deyir ki, onun və başqa gənclərin həbsi seçki ərəfəsində namizədlərin bəhsə girib azərbaycanlılara daha çox milli hüquq vəd etməsi ilə bir araya sığmır:

«BU VƏDLƏR MİLLƏTİ SANDIQ BAŞINA CƏLB ETMƏK ÜÇÜNDÜR»

«Seçki ərəfəsində bütün namizədlər vədlər verirlər. Konstitusiyanın maddələrini yerinə yetirəcəyik deyirlər. Amma seçkidən sonra hamısı unudulur. Xalq da artıq anlayır ki, bütün bu vədlər milləti sandıq başına cəlb etmək üçündür. Əhmədinejad deyirdi ki, bizim düşmənçilik edəcəyimiz dil varsa da ingiliscədir, türkcə deyil, çünki türkcə bizim xalqımızın dilidir. Mən bu sözləri özüm eşitmişəm onun Təbrizdəki mitinqində. Amma indi görürük ki, bu istəyimiz üçün bizə zindan veriblər».

Sima Didar və Əlirza Fərşi indi böyük məbləğdə zəmanət əvəzində azadlıqdadırlar. Apellyasiya məhkəməsinə noyabrın 29-da təqdim etdikləri şikayət üzrə qərar həbs cəzasını qüvvədə saxlasa, onlar yenidən həbsxanaya salınacaqlar. Sima Didar deyir ki, bundan əvvəlki həbsi zamanı işgəncə yalnız mənəvi olub:

«Bizə fiziki işgəncələr olmayıb. Amma təhqirlə danışma var idi. Sözləri ilə təhqir edirdilər, bizi alçaltmağa çalışırdılar. Digər tərəfdən, Əlirza 45 gün, mən də 19 gün təkadamlıq kamerada saxlanmışıq ki, bunun özü bir ruhi işgəncə hesab olunur».

Şərhləri göstər

XS
SM
MD
LG