Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:09

Səddam Hüseynin Azadlıq Radiosuna qarşı planları varmış...


Azadlıq Radiosunun Praqadakı keçmiş binası.
Azadlıq Radiosunun Praqadakı keçmiş binası.
Çexiyanın xüsusi xidmət orqanları deyir ki, 2000-ci ildə İraq diktatoru Səddam Hüseynin əmri ilə Praqada – Azadlıq Radiosuna qarşı həyata keçirilməli terror aktının qarşısını alıblar.

Noyabrın 30-da açıqlanan məlumatda Çexiya Kəşfiyyatının sözçüsü Yan Şubert deyib ki, terror planı haqda o zaman onlara İraq səfirliyindəki mənbə xəbər verib.

Şubert deyir ki, diktator “özünün xüsusi xidmət orqanlarına Azadlıq Radiosunun İraqa yayımının qarşısını zorakı yolla almaq barədə göstəriş verib və bunun üçün böyük maliyyə vəsaiti ayırıb”.

Azadlıq Radiosunun İraq xidməti 1998-ci ildə Praqadan İraqa yayıma başlayıb.

İraqın Çexiyadakı hazırkı səfiri Dhia Əl Abbas o vaxt diktatora müxalif şəxs kimi mühacirətdə yaşayırdı.

O Azadlıq Radiosunun İraq xidmərinə deyib ki, Səddam Hüseyn radionun İraqa yayıma başlamasından çox narahat idi.

İraq prezidenti Təlabani Azadlıq Radiosunun studiyasında.
Əl Abbas deyib ki, Çexiyadakı İraq səfirliyi İraq xüsusi xidmət orqanlarının Avropadakı əsas dayaq məntəqələrindən olub və o, belə bir terror aktının hazırlanmasına inanır.

O zaman Azadlıq Radiosunun bütün xidmətlərinin mənzilləndiyi bina Praqanın mərkəzində - Vaslav meydanında yerləşirdi.

Şubert bildirir ki, plana görə, radionun binasına RPQ-7 tank əleyhinə qumbaraatan və 6 pulemyot ilə üzbəüz binalardan birinin pəncərəsindən atəş açılmalıymış. Bütün hərbi sursat yoxlanmayan diplomatik yük olaraq Praqaya gətirilmiş və səfirlikdə yerləşdirilmişdi.

Azad Avropa və Azadlıq Radioları Korporasiyasının hazırkı prezidenti Cef Gedmin deyib ki, bu plan avtoritar rejimlərin radioya qarşı necə düşmən münasibət bəslədiyini göstərir. Onun fikrincə, bu, onların insanların etibarlı və dəqiq məlumat almaq hüququnun məhdudlaşdırılması istəyindən irəli gəlir.

2001-ci ildə Çexiya 6 İraq diplomatını ölkədən çıxarmışdı. Onlardan birini – Əhməd Xəlil İbrahim Samir Əl-Anini radionun binasının şəkillərini çəkərkən tutmuşdular. 2003-cü ilin martında daha 5 iraqlı diplomat ölkədən çıxarılmışdı.

Məlumata görə, 2003-cü ildə Amerika qoşunları İraqa girib Səddam Hüseyn rejimini devirəndən sonra Praqadakı səfirlikdə gizlədilən silahlar Çexiyaya təhvil verilmişdi.

2001-ci ilin 11 sentyabr terrorundan sonra Çexiya hökuməti Amerika Konqresinin maliyyələşdirdiyi Azadlıq Radiosunun Praqanın mərkəzindən daha yaxşı qoruna biləcək rayona köçürülməsi barədə qərar qəbul etmişdi. 2008-ci ildən radio onun üçün tikilən yeni binaya köçüb.

Yeri gəlmişkən, sovet dövründə - "KQB" o zaman Münxendə yerləşən Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri Əbdürrəhman bəy Fətəlibəyli Düdənginskini aradan götürmək üçün gizli plan həyata keçirmiş və 1954-cü ildə Düdənginski qətlə yetirilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG