Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:20

Ucuz sevgi şeirləri ekranda…


İntiqam Hacılı
İntiqam Hacılı
Bu il Bakıda keçirilən VI Start Beynəlxalq Tələbə Filmləri Festivalı artıq başa çatdı.

Bu il festivala 14 ölkədən gənclər qatılıb, 24 rejissorun 34 filmi nümayiş etdirilib. Fetsivalın təşkilatçlarından, «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzindən İntiqam Hacılı deyir ki, 2004-cü ildən keçirilən festival Azərbaycan tələbələrinin ikinci tədris mərkəzidir:

«Dərs vəsaiti çatışmazlığını görüb bu festivalı həm də dərs vəsaiti kimi tələbələrə hədiyyə etdik kino sahəsində. Burda tələbələr öz əcnəbi həmkarları ilə ünsiyyətə girir, ustad dərsləri alırlar».

Festivala Avropa və MDB ölkələrindən olan tələbələr film gətirirlər. İntiqam Hacılı deyir ki, festivalın ilk illərində azərbaycanlı tələbələrin çəkdiyi filmlər heç ürəkaçan deyildi:

«Birinci və ikinci festivalda azərbaycanlı tələbələrin təqdim etdiyi filmlərə baxmağa utanırdıq. Hətta seçim komissiyasına da buraxanda narahat idik. Çünki xaricilər bunu görəcəkdilər. Ucuz, bayağı mövzulara əl atırdılar. 50-60-cı illərdə Azərbaycanda yazılmış sevgi şeirlərinin ekran təcəssümü. Amma biz həmin filmlərdən bir-ikisini müsabiqəyə buraxırdıq. O filmdən sonra gürcü, İran, türk, Orta Asiya filmləri gəlirdi və onlar arasındakı səviyyə tez hiss olunurdu. Tələbəyə deyəndə ki, sənin filmin çox səviyyəsizdir, tələbə onu qəbul etmir».

2006-cı ildə beynəlxalq tələbə festivalında baş mükafatı azərbaycanlı tələbə Kəmalə Rzayeva alıb. İntiqam Hacılının fikrincə, fərdi şəkildə istedadlı tələbələr var, amma...

«Kütləvi şəkildə götürdükdə isə bizim tələbələrin səviyyəsi festivalda iştirak edən digər ölkələrdən gələnlərdən aşağıdadır».

O, Azərbaycanda gənc kinematoqrafçıların yetişməsi üçün bazanın çatışmadığını deyir:

«Kino sahəsində olan təhsilin mexanizmi çatışmır. İncəsənət Universitetində kinostudiya yaradılmalıdır, kino texnikası gətirilməlidir, tələbələr sırf praktika ilə məşğul olmalıdırlar. Təkcə rejissor və ssenarist yetişdirməklə iş bitmir. İşıqçı, montajçı, qrimçi, protexnik yetişdirmək lazımdır».

VI Start Tələbə Filmləri Festivalında bu il baş mükafatı litvalı tələbə-rejissor qazanıb.

Ən yaxşı sənədli film nominasiyasına Qırğızıstan, ən yaxşı bədii film nominasiyasını isə Rusiya layiq görülüb. Azərbaycan tələbəsi isə ən yaxşı eksperimental film üzrə təltif alıb.

Buna da bax:

XS
SM
MD
LG