Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:29
Bu günlərdə Türkiyənin «Axşam» qəzetinin müxbiri Nagehan Alçı işğal altında olan Dağlıq Qarabağda olub. Onun «Axşam» qəzetində çıxan silsilə yazılarını ixtisarla dərc edirik.

...Dağlıq Qarabağın paytaxtına ermənilər Stepanakert, azərbaycanlılar Xankəndi deyir. Yerevandan bura hər gün kiçik tutumlu avtobuslar işləyir. Səhər saat 8-də yola çıxdıq. Az sonra kənd yollarındaydıq. Dağların arasından keçən yollarla getdik. Sərhədi keçəndən bir saat sonra sürücümüz dedi ki, bura Berdzordur. Berdzor Laçın dəhlizinin ermənicə adıdır.
Ermənilər Qarabağı Ermənistana birləşdirmək üçün buranı nəzarətdə saxlayır.

XOCALI

Səfərimizin ikinci günü Xocalıya üz tutduq. Xocalı Stepanakertdən 20 dəqiqə aralı məsafədə yerləşir. Adını dəyişdirib İvanyan qoyublar. Kəndin girişindəki məktəbdə bizi kənd icra nümayəndəsi Boris Qahramanyan və məktəbin müdiri Qurhen Gülyan qarşıladı. Üstündən 17 il keçə də Xocalı hələ də yerlə yeksandır. Azərbaycanlıların evləri demək olar ki sökülüb. Bura sonradan gələn ermənilər azərbaycanlıların evlərinin daşını daşıyıb kəndin yuxarısında təzə evlər tikiblər. Burda təxminən min nəfər adam yaşayır.

Söhbətimizə məktəbdə başladıq. «Siz böyük bir fəlakət yaşamış yerdə yaşayırsınız. Danışın, bu kənddə nələr oldu» deyə soruşuram. Əvvəlcə məktəbin müdiri danışdı. «Həmin vaxt burda deyildik, ona görə heç nə bilmirik» deyir. Təsəvvür edirsiniz, müharibənin nişanəsi olan kənd sakinlərinə olanlar haqqında düz-əməlli heç nə deyilməyib. Kəndin icra nümayəndəsi isə bir Qarabağ ermənisi kimi danışır: «Ağdamın yaxınlığındakı bir kənddə yaşayırdım. 1992-ci ildə azərbaycanlılar kəndimizi yandırdılar. Biz də bura gəldik. Erməni kəndlərinə Xocalıdan hücum edirdilər. Ona görə də ermənilər buranı ələ keçirdilər. Dinc sakinlərin qaçması üçün bir dəhliz saxlamışdılar. Ancaq müharibə şəraiti idi, ölən azərbaycanlı kəndlilər oldu. Azərbaycanlılar isə deyirlər ki, guya mindən çox azərbaycanlı qırmışıq. Əslində isə ermənilər yalnız hərbçiləri hədəf seçmişdi».

Məktəbdən çıxıb kəndi dolaşmağa başladıq. Qarşımıza qızıl dişləri ilə üzümüzə gülümsəyən Hrant Zakayan çıxır. Burda qızıl diş adamın varlı olmasına işarədir. «Türkiyədən bizə xoş gəlmisiniz» - deyir və davam edir: «Bura bizim kəndimizdir, azərbaycanlılar əlimizdən almışdılar».

Sınıq-salxaq evlərin arasında dolaşıb bir evin qabağında dayandıq. Bizi içəri dəvət etdilər. Ev sahibi Anahid Minasyan 1998-ci ildə evlənib bura köçüb. Burda nələrin baş verdiyini bilmədiyini deyir. Onu da deyir ki, azərbaycanlıyla qonşu olmaq istəməzdi. Sonrasa bizi nara, fındığa, «vodka»ya qonaq eləyir.

HEÇ NƏYİ OLMAYAN PAYTAXT

Paytaxt adlansa da bura 50 min sakini olan bir qəsəbədir. Dağların arxasında gizlənmiş, çirkin yerdir. Dünyadan tamamilə təcrid olunub. Qarabağlılar unudulmuş, tək qalmış torpaqda yaşamaq uğrunda mübarizə aparır. Üstəlik bu torpaqların altında neft və qaz da yoxdur. Şəhərin girəcəyində Şəhidlər Xiyabanı var. Burda bəylə gəlin görəndə əvvəlcə çaşdıq. Sonradan öyrəndik ki, yeni ailə quranlar burda xeyir-dua alır.

DAĞILMIŞ ŞƏHƏRİN KƏDƏRLİ HEKAYƏLƏRİ

Xankəndidən bir taksiyə oturub yola çıxırıq. Göz oxşayan dağ mənzərəsi ilə bir qədər gedəndən sonra bələdçimiz yerlə yeksan olmuş evləri göstərib deyir ki, Şuşa buradır.

Azərbaycanlılar bura Şuşa, ermənilər «Şuşi» deyir. Sovetlər dövründə bura Qafqazın mədəniyyət mərkəzi kimi tanınırdı. Bugünkü vəziyyəti isə kabusu xatırladır. Vaxtilə 400 min əhalisi olmuş şəhərdə indi heç 4 minədək adam yaşamır. Müharibədən sonra Şuşada bir dənə olsun azərbaycanlı qalmayıb. Bələdiyyə binası olan dağılmış bir tikilinin qarısında taksidən düşürük.

Müharibə vaxtı bura köçənlərin səlahiyyətli nümayəndəsi olan Sarasap Saryan gəlir. Bizi uçulmuş şəhəri gəzdirə-gəzdirə özündən danışır: «Bakılıyam. Çox yaxşı yaşayırdıq. 1980-ci ildə Rusiyaya əvvəlcə hərbi xidmətə, sonra isə universitetə oxumağa getdim. Mühəndislik fakültəsində oxuyurdum. Oranı bitirməmiş Sumqayıt hadisələri başladı. 1988-ci ildə Bakıya, evimə qayıdanda aeroporta azərbaycanlıların bizdən üz döndərdiyini gördüm. Ürəyimə dammışdı ki, nəsə olacaq. Ailə üzvlərimə dedim ki, Azərbaycandan getməliyik. Qarabağa gəldik. Ancaq Bakı hara, Qarabağ hara. Bura kənd yeridir, biz isə şəhərliydik».

AZƏRBAYCANLILARA NİFRƏT ETMİRƏM

Saryan deyir ki, yaşadıqlarıma görə azərbaycanlılara nifrət eləmirəm: «Belə şey ola bilməz. Onlar da çox əziyyət çəkdilər. Mən azərbaycanlılardan yox, Bakıdakı siyasətçilərdən, Heydər Əliyevdən narazıyam».

Saryana qulaq asdıqca adama elə gəlir ki, heç bir azərbaycanlı ölməyib, ermənilər heç kimə xətər yetirməyiblər. Ancaq bu şəhər bu fikrin doğru olmadığının ən böyük sübutudur. Vaxtilə şəhər əhalisinin 70 faizini təşkil eləyən azərbaycanlılardan indi bir nəfər də olsun yoxdur. Çoxu öldürülüb, sağ qalanlarsa qaçıb. Saryan isə «ermənilər özlərini müdafiə elədi, sağ qalmaq üçün şəhəri ələ keçirdi» deyir.

Şəhər əhalisinin yarısı bura sonradan köçənlərdir. Sən demə bura köçənlər iki yerə ayrılıb – Qarabağın özündən olanlar və kənardan gələnlər. Şuşaya gələnlərin çoxu Qarabağdandır. Saryan evlərdən birinə qonaq getməyimizi təklif edir. Uçuq-sökük bir evə gedirik. Evin bağçasında toyuqlar, itlər var. Ölümün içində bir həyat qurublar.

OĞLUMU VƏ ƏRİMİ MÜHARİBƏ ƏLİMDƏN ALDI

Bura Flora Ambarsumyanın evidir. Deyir ki, 1988-ci ildə Fizuli rayonundakı evləri yandırıldıqdan sonra ailəsi Xankəndinə qaçıb. «Stepanakertdə başqa ailələrlə birlikdə bir evdə məskunlaşdıq. 1992-də isə bizə Şuşadakı bu evi verdilər. İki oğlum vardı. Biri müəllim idi, müharibə başlayanda döyüşə getdi. Aylarla ondan bir xəbər ala bilmədik. Sonra eşitdik ki, Mardakertdə ölüb. Bu xəbəri eşidən ərim infarkt keçirdi. Onu da itirdim. Bu müharibədə 30 illik yuvam, oğlum, ərim, evim, hər şeyim yox oldu. Burada o biri oğlum və ailəsi ilə birlikdə yeni həyat qurduq. Amma keçmişdəkiləri unutmaq olmur».

AZƏRBAYCANLILAR

Gülzar və Zina müharibə başlayanda Dağlıq Qarabağı tərk edən ailələrini yox, sevdikləri adamı seçiblər. İkisi də ermənilərin sevgi və vətən arasında qalmış azərbaycanlı gəlinləridir. ...İşğal altındakı Qarabağda köçkünlərin hekayələrini yazanda gözlərimiz azərbaycanlıları axtarırdı. «Deyirsiniz müharibə şəraitiydi. Yaxşı, bu necə müharibəydi ki, bir nəfər də azərbaycanlı qalmadı» soruşanda. «Paytaxtdan bir saat aralıdakı kənddə Gülzar yaşayır, onu tapın» deyirlər. Onu da deyirlər ki, «Paytaxtda yaşayan azərbaycanlılar da var. Hətta radioları da var».
Həqiqətən də Qarabağda Azərbaycan dilində radio fəaliyyət göstərir. Orda işləyən azərbaycanlı qadınla söhbət etmək istəyirik, ancaq danışmaq istəmir. Bir neçə cəhddən sonra Zina adlı bir qadını tapırıq. Tibb bacısı olan Zina anası və uşaqları ilə birgə yaşayır. Ancaq nəticə etibarilə, bölgədə qalan azərbaycanlıların sayı barmaqla sayılacaq qədər azdır.

BƏLKƏ AİLƏM MƏNİ TAPACAQ

Paytaxtdan bir taksiyə minib Saruşen kəndinə yola çıxırıq. Bir saat gedəndən sonra kənd görünməyə başlayır. Bura dağın başında balaca bir kənddir. Bir yerə toplaşmış uşaqlardan «burda bir azərbaycanlı qadın var, evi hansıdır» - soruşuruq. «Burda azərbaycanlı yoxdur, yezidi var, adi Gülzardır» - cavabı verirlər. Gülzar bəlkə milliyyətini gizlədir, bəlkə də burda onu «yezidi» adlandırırlar.

Göstərdikləri qapını döyüb Gülzarı soruşuruq. Qapıya çıxan qadın «Gülzar mənəm» deyir. Bizi içəri dəvət edir. «Sənin haqqında yazmağa gəlmişik. Bu ətrafdakı yeganə azərbaycanlı sənsənmiş». Həyəcanla qalxıb şkafdakı bir yığın şəkillərin içindən nəsə axtarmağa başlayır: «Hər şeyi danışacağam. Ancaq əvvəlcə cavanlıq şəklimi tapıb sizə verim ki, Türkiyədə çıxsın. Bəlkə ailəm tanıyar...»

Sonra danışmağa başlayır: «Füzulidə doğulmuşam. O vaxtlar Slavik (həyat yoldaşı) əkin yerində fəhləlik eləyirdi. Məni görüb bəyəndi. Qoşulub qaçdıq. Bura, Slavikin kəndinə gəldik. Bizimkilər «erməniylə evlənmək olmaz, haramdır» deyib gəlib məni apardılar. Ancaq yenə qaçdım. Axırda razı oldular. Müharibə başlayanda bütün azərbaycanlılar bir-bir, iki-iki getdilər. Bu kənddə ermənilərlə ailə qurmuş başqa qadınlar da vardı. Hamısı ərlərini qoyub getdi. Ancaq mən Slaviki qoyub gedə bilməzdim. Ailəm getdi, mən isə qaldım». Gülzarın ailəsi o gedən gedib. Onlardan heç bir xəbər ala bilməyib. Sağ olub-olmadıqlarını da bilmir. «Ailəvi şəklimizi çəkin. Yaxşı olduğumu görsünlər. Bu mənə bəsdir».

«GÜLZARI HEÇ KİMƏ DƏYİŞMƏRƏM»

Slaviksə deyir ki, arvadımın azərbaycanlı olması kimisə narahat eləmir: «Gülzarı kənddə çox istəyirlər. Onu heç kimə dəyişmərəm».

Getməyə hazırlaşanda qoymur, «yemək yeməmiş getmək olmaz» deyib qalmağımıza təkid edir: «Yoxsa bacım gəlib yeməyimi yemədi deyərəm». Süfrəyə otururuq.

Saruşen kəndindən sonra Xankəndinə gedirik. Azərbaycanlı Zina Rzayeva Arakelyan bizi gözləyir. Sovet üslublu binanın üçüncü mərtəbəsində Zina bizi oğlu və qızıyla qapıda qarşılayır. Zinanın anası, 70 yaşlı Firuzə Qriqoryan bakılıdır. İnternatda böyüyüb. Xankəndində yaşayan bacısının yanına gələndə orada bir azərbaycanlıyla tanış olub evlənib. 1969-cu ildə qızı Zina doğulub. Zina 1989-cu ildə erməniylə ailə qurub. Ailə qurandan az sonra münaqişə başlayıb. Əri müharibəyə gedib, özü isə xəstəxanada tibb bacısı işləyib.

Bu gün işğal altında olan Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayı bilinmir. Demək olar ki, yoxdurlar. Olanlar da «burda heç bir problemlə üzləşmirik» desələr də, niyə bu qədər az olduqlarının səbəbini izah edə bilmirlər. Ən böyük problem isə Azərbaycana zəng edə bilməmələridir.

Zina deyir ki, keçən il Radio Free Europe onun haqqında film çəkib. Həmin filmi izləyə-izləyə Zina deyir ki, mənim uşaqlarım həm azərbaycanlı, həm də ermənidir. «Hamı bilsin ki, bu müharibə yox idi, onu yaratdılar. Biz yox, başda oturanlar yaratdı» - deyir Zina.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG