Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Dubay dağılır?


Dubayda süni adada tikilmiş villa, 21 mart 2005
Dubayda süni adada tikilmiş villa, 21 mart 2005
Dubayda 10 il əvvəl başlanan tikinti bumu sabun köpüyü kimi partladı və dünya birjalarını və Avropa banklarını öz dalınca apardı. Birjalarda səhmlər 3 faiz düşdü, Avropa banklarının səhmləri 4-8 faiz endi.

Dubayda, körfəzin içində «Palm Jumeirah» adlı lüks villalar kompleksi 2002-ci ildə təhvil veriləndə 2 min villa bir ayın içində satılmışdı.

Səciyyəvi misal. Həmin il Yaponiya və Cənubi Koreyadakı dünya çempionatına yollanan İngiltərə futbol yığması yolunu Dubaydan salmışdı və yığmanın 4 futbolçusu – Maykl Ouen və b. Devid Bekhemin villasının yanında hərəyə 2 milyon dollarlıq villalar aldılar. Futbolçular qorxurdular ki, bir ay çəkəcək çempionatdan geri qayıdanda boş villa qalmasın.

MALİYYƏ ZƏLZƏLƏSİ

Həmin o möcüzəvi «Palm Jumeirah»ı tikən «Nakheel» şirkəti və onun bölməsi olduğu «Dubai World» indi gözlənilmədən borclarını qaytarmağa borc verənlərdən 6 ay möhlət istədilər.

Dalınca məlum oldu ki, bu iki dövlət şirkətinin 60 milyard dollar borcu var. Bu xəbər çıxan kimi episentri Dubayda olan maliyyə zəlzələsi başlandı.

Tezliklə məlum oldu ki, Avropa bankları bu iki Dubay şirkətinə 40 milyard dollar borc veriblər. Səhmdarlar təcili olaraq həmin Avropa banklarının səhmlərini satmağa başladılar.

Dubayın iki dövlət şirkətinin oduna digər dövlət şirkətləri də yanmağa başladı.

Dubayda Şeyx Zayed prospekti, 28 dekabr 2007
«Moody» reytinq agentliyi Dubayın ən böyük 6 şirkətinin reytinqini birdən-birə 5 pillə aşağı saldı.

ƏL MƏKTUM AİLƏSI ÖLKƏNİ 80 MİLYARD DOLLAR BORCA SALIB

S&P agentliyi borcları qaytarmağa möhlət istənilməsini bütöv Dubayın «defoltu» kimi qiymətləndirib. Yəni əmirlik bankrot səviyyəsindədir.

İndi məlum olur ki, Dubayın dövlət şirkətlərinin 70 milyard dollar borcu var. Dubayı idarə edən avtokratik Əl Məktum ailəsi ölkəni 80 milyard dollar borca salıb.

Cəmi 1 milyon 500 min əhalisi olan Dubay adambaşına düşən borca görə dünyada birinci yerdədir.

Dubayın borcunun hər 10 milyon dollarının sığortası bir günün işində 300 min dollardan 500 min dollara qalxdı.

Dubayın bu günə düşməsi regiona lüks mallar satan şirkətləri də pis vəziyyətə salıb. BMW-nin və başqa şirkətlərin səhmləri düşür.

DUBAYDAKI MALİYYƏ VƏZİYYƏTİNİN AZƏRBAYCAN KAPİTALINA TƏSİRİ NECƏ OLACAQ?

Dubaydakı vəziyyət Dubayla ticarət eləyən azərbaycanlılara və ya Dubaya sərmayə kimi qoyulan Azərbaycan kapitalına necə təsir eləyəcək?

Əvvəla Dövlət Statistika Komitəsinin rəsmi göstəriciləri haqda. Bakıda hara baxırsan Dubay malıdır, ancaq statistikaya görə bir ildə Dubaydan Azərbaycana cəmi 64 milyon dollarlıq mal gəlir. Bu rəqəmə inanmaq olarmı?

İqtisadi ekspert Qubad İbadoğlu
İqtisadi ekspert Qubad İbadoğlu: «Güzgü statistikası var. Eyni göstəricini Dubay statistikası ilə tutuşdursaq görərik ki, bu rəqəm azı iki dəfə yuxarı olacaq».

Qaldı ki, Dubaydakı maliyyə vəziyyətinin Azərbaycan kapitalına təsirinə, Qubad İbadoğlu deyir ki, «azərbaycanlılar pulu əsasən ticarətə qoyublar. Tikinti bumunun iflasının Azərbaycan kapitalına elə bir təsiri olmayacaq. Azərbaycanlılar tikintiyə elə də böyük pullar qoymayıblar. Tikintidən çox, hazır evlər almağa pul qoyublar».

Birləşmiş Ərəb Əmirliklərinin 7 əmirliyindən biri olan Dubayın köməyinə indi ən böyük əmirlik Abu Dabi gələ bilər. Ancaq Abu Dabi nağd pulun müqabilində Dubayda öz xeyrinə islahatlar tələb edəcək.

Dubay Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) neftdən ən az gəlir götürən əmirlikdir. Neftdən, qazdan gəlir Dubayın bütün gəlirinin cəmi 6 faizidir.

Neftsiz inkişafın modeli olan Dubayın əsas gəliri tikintidən, bank sektorundan, ticarətdən gəlir.

«DUBAY AMERİKANIN İNANILMAZ TƏZYİQİ ALTINDADIR»

Dubayın iqtisadi problemlərinin azad ticarət modelindən yox, siyasətdən gəlməsi kimi izah da var.

Dubayda xeyli İran mənşəli insanlar var, Dubay İran mallarının re-eksport, yenidən ixrac mərkəzidir.

Amerika Konqresi dəfələrlə BƏƏ-nin Dubay vasitəsilə İranla əlaqələri məsələsini qaldırıb.

Britaniyalı tarixçi ekspert Kristofer Devidson «Reuters»ə deyir ki, İranla sıx əlaqələrə görə «Dubay Amerikanın inanılmaz təzyiqi altındadır. Abu Dabi və Vaşinqton Dubayın BƏƏ-dəki indiki rolunun və belə geniş muxtariyyətinin davam etməsinə imkan verə bilməzlər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG