Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:54

İctimai Televiziya cərimə ödəməyə hazırdır


İctimai Televiziya və Radio Yayımları Şirkəti
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Avropa Yayım Birliyi (AYB) 2009-cu ilin «Eurovision» mahnı müsabiqəsinin yayımı zamanı pozuntulara yol verən Azərbaycan İctimai Televiziyasının 2700 avro cərimələnməsi barədə qərar qəbul edib.

Bunu AzadlıqRadiosuna müsahibəsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri İsmayıl Ömərov deyib.

Şirkət rəhbəri Avropa Yayım Birliyinin qərarını çox ədalətli qərar adlandırıb:
«Avropa Yayım Birliyinin qərarı çox ədalətlidir və bu baxımdan da həmin qurumun çıxardığı qərara bizim tərəfimizdən ciddi əməl olunacaq».

İsmayıl Ömərovun sözlərinə görə, AYB-nin bu qərarı televiziyanın bəzi əməkdaşlarının efirdə texniki baxımdan törətdikləri qüsurun nəticəsi kimi qiymətləndirilməlidir:

«Biz hamımız bu qərara hörmətlə yanaşıb buna əməl eləməliyik».

AYB 2009-cu ilin «Eurovision» mahnı müsabiqəsinin yayımı zamanı pozuntulara yol verən iki televiziyanın cəzalandırılması barədə qərar verib.

Noyabrın 26-da yayılan qərarda bildirilir ki, Azərbaycanın İctimai Televiziyası – İTV müsabiqənin gedişi zamanı telefon nömrələrinin ekrandan verilməsi qaydasını pozduğu üçün təzminat və cərimə ödəməlidir.

Bundan başqa, qərara əsasən belə qayda pozuntusu təkrarlanarsa, İTV üç il müddətinə «Eurovision» mahnı müsabiqəsindən kənarlaşdırıla bilər.

Həmin müsabiqədən sonra AYB-yə şikayət daxil olmuşdu ki, İTV Ermənistandan olan iştirakçının ifası zamanı ona səs vermək üçün lazım olan telefon nömrəsini ekranda göstərmir.

Azərbaycanda bir neçə musiqi həvəskarı da Ermənistandan olan iştirakçıya səs verdiyi üçün Milli Təhlükəsizlik Nazirliyinə çağırıldığını demişdi. Bu məsələni araşdıran AYB öz qaydalarına dəyişiklik etmişdi. Dəyişikliyə görə bundan sonra belə hallar baş verərsə, həmin ölkədə «Eurovision» mahnı müsabiqəsini təşkil edən televiziya (bu halda İTV) cəzalandırılacaq.

Avropa Yayım Birliyinin cəzalandırdığı ikinci televiziya İspaniyanın RTVE kanalıdır. Buna səbəb kimi də televiziyanın «Eurovision» mahnı müsabiqəsinin yarımfinalını yaymaması göstərilir. İspaniya televiziyası da təzminat və cərimə ödəməli olacaq.

Avropa Yayım Birliyi bir daha qeyd edir ki, «Eurovision» mahnı müsabiqəsinin qaydalarının pozulması ilə heç vaxt barışmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG