Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20

«Torpaqları itirməkdənsə…»


Qüdrət Həsənquliyev
«Azərbaycanı NATO Parlament Assambleyasında təmsil edən bir şəxs kimi deyirəm ki, Azərbaycan Dağlıq Qarabağ problemini həll etməyənə qədər hətta Gürcüstan kimi diz çöküb yalvarsa belə, heç kim onu Alyansa üzv qəbul etməyəcək».

Bunu parlamentdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bu baxımdan Azərbaycan Rusiya ilə iş aparmalı və çalışmalıdır ki, Moskva Ermənistana dəstək verməsin:

«Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə, hətta Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatına üzv də ola bilər. Azərbaycan Rusiya hərbi bazalarını öz ərazisində yerləşdirə, sərhədləri də birgə qoruya bilər. Təki Rusiya Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanısın və Ermənistana bu istiqamətdə təzyiq göstərsin».

Qüdrət Həsənquliyev burada qorxulu heç nə görmür: «Torpaqları itirməkdənsə, Rusiyanın Azərbaycanda maraqlarının nəzərə alınması istiqamətində müəyyən addımlar atmalıyıq».

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə «İşdən sonra»da deyib ki, Azərbaycan Qarabağ problemini bu və ya digər şəkildə Rusiya ilə birgə həll edə bilməz:

İqbal Ağazadə
«Rusiya Azərbaycanda yeni Xocalı hadisəsi törətsin, yeni faciələrə imza atsın?! Bu problemi yaradan Rusiyadır. Belə konfliktləri Cənubi Qafqazda, bütün MDB məkanında yaradan Rusiyadır».

İqbal Ağazadə hesab edir ki, əvvəl-axır ölkənin Xarici İşlər naziri danışıqlar prosesinin hara getdiyi barədə parlamentə hesabat verməlidir.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə parlamentdə səslənən bu fikirlərə hakim partiyanın reaksiya verməməsinə diqqəti çəkir:

«Maraqlıdır, görəsən müxalifət deputatları Dağlıq Qarabağdan danışanda dərhal reaksiya verən YAP təmsilçiləri və iqtidaryönlü digər millət vəkilləri niyə Qüdrət Həsəquliyevin Rusiya ilə bağlı təklifinə münasibət bildirmədilər. Yoxsa onlar da bu fikirlə razıdırlar?».

Şərhləri göstər

XS
SM
MD
LG