Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56
«RUSİYANI İDARƏ EDƏN MƏHZ KORRUPSİYADIR»

«Bu, yüksək rütbəli «toxunulmazlar»dan ibarət qrupun idarə etdiyi vassallar sistemidir. Hər qrupun öz şəbəkəsi var. Hər şəbəkə özü-özlüyündə bir cinayətkar sistemdir».

Bunu Rusiyanın təhlükəsizlik xidmətlərinin keçmiş əməkdaşı, hazırda isə Milli Anti-Korrupsiya Komitəsi adlı QHT-nin sədri Kiril Kabanov deyir.

Rusiya prezidenti Dmitri Medvedev deyir ki, korrupsiya ölkədəki sabitliyə təhlükədir. Tənqidçilər isə deyirlər ki, Rusiyanı idarə edən məhz korrupsiyadır - Rusiya idarəçiliyinin əsasıdır.

Keçmiş müstəntiq Dmitri Dovqinin məhkəməsi səciyyəvidir. Dovqi 1 milyon dollar rüşvət almaqda ittiham olunur. Bu məhkəmə qeyri-adidir. Çünki çox nadir imkanlardan biridir ki, nüfuzlu qruplar arasında səhnə arxası mübarizəyə işıq salır. Məlum olur ki, Dovqi öz işi ilə bağlı Kremldəki qruplar arası mübarizəyə qatılmalı olub.

Ancaq korrupsiyanı araşdıran ekspertlər deyirlər ki, Dovqinin tutulmağının bütün bu əhvalatlara heç bir dəxli yoxdur. O, İstintaq Komitəsinə işə düzəlməyə xeyli pul vermişdi.

Keçmiş müstəntiq Vladimir Volkov: «O, bu vəzifəni rüşvətlə almışdı. Dovqi işə düzələndə o qədər böyük rüşvət vermişdi ki, verdiyi pulu çıxartmaq üçün çox aqressiv şəkildə rüşvət almağa girişdi. Ona görə də işdən qovuldu».

«BALİQ BAŞINDAN İYLƏNİR»

Krem daxilində vuruşan qrupların hamısı Putinə loyaldır.

FSB-nin keçmiş zabiti Mixail Trepaşkin: «Putin rejimi korrupsiya rejimidir. Sadiqliyi və qrup marağını bu rejim hər şeydən yuxarıya qoyur. Putinin hakimiyyətində qanun ikinci dərəcəli olub».

Trepaşkin deyir ki, rejimin tənqidçilərini öldürmək üçün FSB xüsusi ölüm dəstələri yaradıb. Bu iddialar ilk dəfə 1998-ci ildə, məşhur mətbuat konfransında səslənib. O konfransda Aleksandr Litvinenko ilə birlikdə Trepaşkin də iştirak edib. FSB-nin keçmiş zabiti və Putinin tənqidçisi Litvinenko 3 il qabaq Londonda radioaktiv zəhərlənmədən öldü.

1999-cu ildə Moskvada yaşayış binasının partladılmasını araşdıran Trepaşkin əmindir ki, bu binanı FSB partlatmışdı, sonra çeçenlərin üstünə atdılar. Bu hadisə ikinci çeçen müharibəsinə əsas verdi. Nəticədə Putin baş nazir oldu.

Trepaşkin bina istintaqını axıra çatdırıb, nəticələri ictimaiyyətə elan edə bilmədi. Çünki onun özünü partlayıcı maddələr saxlama ittihamı ilə tutdular. Trepaşkin onu məhkum edən hakimləri «bandit» adlandırır və deyir ki, onlara əmr yuxarıdan gəlmişdi.

Trepaşkin deyir ki, Putin hakimiyyətə gələndən sonra özəl şirkətləri ələ keçirməyə başladı. Onlar arasında «Yukos» neft şirkəti də vardı. «Yukos»un rəhbəri Xodorkovski öz şirkətini vermək istəməyəndə onu tutub 8 il həbs cəzası kəsdilər.

«Levada» sorğu mərkəzinin rəhbəri Lev Qudkov deyir ki, yuxarıdakı bu korrupsiya cəmiyyətin qalan hissəsi üçün model rolunu oynayır. Yuxarıdan aşağıya korrupsiya belə yayılır. Qudkov deyir: «Rusiyada balıq başından iylənir».

Ancaq təkcə Rusiyadamı?

Şərhləri göstər

XS
SM
MD
LG