Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:14

«Heç bir partiyanın meriya institutu barədə konsepsiyası yoxdur»


Azər Mehtiyev
«Cəmiyyəti idarə etmək istəyən qüvvənin idarəetmə modelləri olmalıdır. Bu modellərin də böyük bir hissəsi Bakının, yaxud böyük şəhərlərin meriya institutu ilə bağlıdır. Düzdür, siyasi partiyalar meriya institutunun vacibliyi barədə bəyanatlar səsləndirir, amma təklif yoxdur».

İqtisadi Tədqiqatlara Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev belə hesab edir. Onun fikrincə, Azərbaycanda heç bir siyasi partiyanın meriya institutu barədə konsepsiyası yoxdur:

«Sabah hakimiyyət ortaya bu məsələ ilə bağlı bir konsepsiya qoysa, müqayisə və müzakirə üçün partiyaların alternativ variantı olmayacaq. Halbuki, məhz meriya institutu siyasi partiyaları ən çox maraqlandıran məsələlərdən olmalıdır. Çünki bu məsələ siyasi partiyaların özünü cəmiyyətə təqdim etmə formalarından biridir. Əgər özünü müxalifət adlandıran siyasi partiyalar ərazinin idarə edilməsi konsepsiyasına malik deyillərsə, onda ölkəni idarəetmə konsepsiyasını necə quracaqlar? Bu mövzu onlar üçün maraqlı deyilsə, bəs onda nə maraqlıdır?».

A.Mehtiyev deyir ki, rəhbəri olduğu Mərkəz məsələni müzakirəyə çıxartmaqla həm də sabah hakimiyyətə gəlmək istəyən qüvvənin Bakı meriyasını necə gördüyünü müəyyənləşdirmək istəyir:

«Hakimiyyət meriya institutunun nə olduğunu bilir, amma istəmir. Müxalifət isə meriya institutunun nə olduğunu bilir, necə yaradılacağını bilmir. Sadəcə, bəhanələri odur ki, hakimiyyət bunu istəmir. Amma hakimiyyət Avropa Şurasının məlum öhdəliklərindən biri kimi bu məsələni üzərinə götürübsə, deməli, gec-tez meriya institutu olacaq. Ancaq siyasi partiyaların bu barədə hələ də düşünməməsi təəccüb doğurur...».
XS
SM
MD
LG