Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:03
Mərkəzi Seçki Komissiyası (MSK) üçün tikilən yeni inzibati bina demək olar ki, hazırdır. Avropa üslubunda inşa edilmiş yüksək mərtəbəli binanın xaricində tikinti işləri yekunlaşıb. Hazırda binanın daxilində təmir işləri aparılır. İşin icraçıları dekabrın sonunda binanı təhvil verəcəklərini deyirlər.

Binəqədi rayonu ərazisində, 8-ci mikrorayonda inşa edilən bina dövlətə nə az, nə çox düz 30 milyon 605 min manata başa gəlib. Hələ 2007-ci ildə MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə demişdi ki, əməkdaşlarının sayı artdığı üçün prezidentə müraciət ediblər ki, qurum yeni geniş binaya köçürülsün. Yeni inzibati binanın maliyyələşdirilməsinə də elə həmin ildən başlanıb.

MSK ÜÇÜN BU CÜR BAHALI, YÜKSƏK MƏRTƏBƏLİ BİNANIN TİKİLMƏSİ NƏ QƏDƏR VACİB İDİ?

Əksər iqtisadçılar isə artıq göz qabağında olan binaya xərclənən vəsaitin həddən artıq şişirdilməsi fikrindədirlər. Bu barədə az sonra. Bəs ümumiyyətlə, bu qurum üçün belə bahalı yüksək mərtəbəli binanın tikilməsi nə qədər vacib idi?

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, neftdən gələn gəlirlər hesabına ölkədə bu cür inzibati binaların, xüsusilə də siyasi proseslərə təsir imkanı olan qurumlar üçün binaların tikintisi bir kampaniya halını alıb. Hətta dövlət büdcəsindən bu məqsədlə ayrılan pullar təhsil, səhiyyə üçün ayrılan vəsaitləri xeyli kölgədə qoyur. O ki qaldı məhz MSK üçün 30 milyondan çox pulun xərclənməsinə, Q.İbadoğlu deyir:

- Bütövlükdə dövlət məmurlarının iş şəraitinin yaxşılaşdırılmasının tərəfdarıyam. Amma MSK özü elə də böyük orqan deyil. Onun işi ilin bütün dövrlərində olmur, adətən seçki dövründə olur. Ona görə də bu qədər vəsaitin səmərəsiz işlənməsinin əleyhinəyəm.

30 MİLYON MANAT, YOXSA 5 MİLYON?

Əksər iqtisadçılar isə artıq göz qabağında olan binaya xərclənən vəsaitin həddən artıq şişirdilməsi fikrindədirlər
30 milyon 605 min manatın nə qədər real rəqəm olmasına gəlincə, Qubad İbadoğlu deyir ki, rəqəmin şişirdildiyini görmək üçün binaya baxmaq kifayətdir. Müqayisə üçün deyək ki, sahəsi və görünüşü MSK-nın yeni binasından çox da geri qalmayan Hesablama Palatasının yeni inzibati binası və onun avadanlıqlarla təminatı təxminən 5 milyon manata başa gəlib:

- Həm mərtəbələrinin sayı, həm də binanın qabariti 30 milyonun şişirdilmiş rəqəm olduğunu demək üçün kifayət qədər əsaslar yaradır. Düzdür, görünən yerin üstündəkilərdir, amma hesab eləmirəm ki, yeraltı tikililəri də çoxdur. Orda tikinti xərcləri ən yaxşı halda 5 milyon ətrafında ola bilər. Yəni, orda dəfələrlə qiymət bahalaşması var. O da nəzərə alınmalıdır ki, bunlar dövlət tikililəridir, torpağa görə ödənişdən də söhbət getmir. Söhbət ancaq tikililərdən gedir və hesab edirəm ki, tikinti xərcləri üçün 30 milyon çoxdur.

«BƏLKƏ ÜMUMİYYƏTLƏ MSK-YA EHTİYAC YOXDUR?!»

Araşdırmaçı jurnalist Alı Rza da hesab edir ki, ölkədə korrupsiyanın yüksəkliyi bu cür rəqəmlərə şübhə ilə yanaşmağa əsas verir. Amma jurnalisti bir məsələ daha çox maraqlandırır – bu boyda binada MSK nə edəcək? Alı Rza:

- İndiyədək olan seçki təcrübəsini, seçkinin nəticələrini nəzərə alsaq, ümumiyyətlə, MSK-ya bəlkə ehtiyac yoxdur?! Bir halda ki, ölkədə seçkinin nəticəsi əvvəlcədən bəlli olur, MSK o boyda binada nə edəcək?

Səslənən ittihamlarla bağlı Mərkəzi Seçki Komissiyasının mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Mətbuata açıqlamasında isə komissiyanın sədri Məzahir Pənahov dairə seçki komissiyaları üçün də yeni binaların tikildiyini deyib və bildirib ki, növbəti mərhələdə məntəqə seçki komissiyalarına binalar tikiləcək.

Şərhləri göstər

XS
SM
MD
LG