Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:39

«Novruzəli Məmmədovun mədəsində problem vardımı?»


Novruzəli Məmmədov bu il avqustun 17-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib

Novruzəli Məmmədov bu il avqustun 17-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib

Novruzəli Məmmədovun ailəsi Penitensiar Xidmətin Baş İdarəsindən 3 milyon manat kompensasiya tələb edir.

Noyabrın 23-də Nəsimi rayon məhkəməsində «Tolişi-Sədo» qəzetinin baş redaktorunun xanımı Məryəm Məmmədova və oğlu Emil Məmmədovun N.Məmmədovun ölümü ilə bağlı Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə iddiaçı tərəfin vəkili Ramiz Məmmədov Penitensiar Xidmətin Tibb Baş İdarəsinin nümayəndəsi İftixar Qurbanova N.Məmmədovun daxili orqanlarında iltihab proseslərinin olub-olmaması ilə bağlı suallar verib. İftixar Qurbanov bildirib ki, N.Məmmədovun ürəyində, böyrəyində və qara ciyərində problemlər olmayıb. Vəkil belə olan halda nəyə görə N.Məmmədova həmin xəstəliklərlə əlaqəli dərmanların təyin edildiyini soruşub. İ.Qurbanov bunun səbəbini bilmədiyini söyləyib.

«NOVRUZƏLİ MƏMMƏDOVUN MƏDƏSİNDƏ PROBLEM VARDIMI?»

Sonra vəkil İ.Qurbanova «Novruzəli Məmmədovun mədəsində problem vardımı» sualını verib. İ.Qurbanov «qastrid idi» - deyə cavab verib. Lakin vəkil hakimin nəzərinə çatdırıb ki, N.Məmmədova mədəsi ilə bağlı heç bir diaqnoz qoyulmayıb. Vəkil həmçinin bildirib ki, N.Məmmədovun böyrəyində irinli ifrazat aşkar olunub. Bu, ekspertiza rəyi ilə də təsdiqlənib. Lakin müayinələrin rəsmi nəticələrində N.Məmmədovun sidiyinin və qanının təmiz çıxdığı qeyd olunur. «Böyrəyində irinli ifrazat olan xəstənin sidiyinin və qanının təmiz çıxması mümkün deyil» – deyə vəkil bildirib.

Daha sonra vəkil hakimin nəzərinə çatdırıb ki, cavabdeh tərəf məhkəməyə aktlar təqdim edib. Həmin aktlarda N.Məmmədova əvvəllər mütəmadi olaraq müalicə müəssisəsində müalicə olunması ilə bağlı təklif edilməsi, lakin onun bu təklifdən imtina etməsi göstərilir. Aktlara görə, onun hətta 15 saylı cəzaçəkmə müəssisəsinin tibbi sanitariya şöbəsinə yerləşdirilməsi də təklif edilib. Lakin N.Məmmədov bundan da imtina edib. Həmin aktlar eyni həkim tərəfindən tərtib edilsə də imzalar müxtəlifdir. Vəkil məhkəmə qarşısında vəsatət qaldırıb ki, həmin imzalarla bağlı məhkəmə xətşünaslıq ekspertizası təyin etsin və həmin həkim məhkəməyə dəvət olunsun. Vəsatət təmin olunub.

KOMPENSASİYA TƏLƏBİ TƏMİN OLUNMASA…

Mərhumun ailəsinin məhkəmə qarşısında qaldırdığı iddialardan biri N.Məmmədov cəzaçəkmə müəssisəsində olarkən ona lazımi tibbi xidmət göstərilməməsi ilə bağlıdır. Mərhumun ailəsi buna görə Penitensiar Xidmətin Baş İdarəsindən 3 milyon manat kompensasiya tələb edir.

Vəkil Ramiz Məmmədov Azadlıq Radiosuna bildirib ki, kompensasiya tələbi təmin olunmasa Avropa Məhkəməsinə qədər getmək əzmindədirlər.

Novruzəli Məmmədov 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. O, bu il avqustun 17-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. Penitensiar Xidmətin Tibb Baş İdarəsi tərəfindən onun baş-beyin işemik ifarktından öldüyü bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG