Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:26
Bu televiziyanın nə müxbiri var, nə operatoru, nə montajçısı, nə də ki, prodüsseri. Amma elə vaxt olub ki, onun videomateriallarına 40 mindən çox adam baxıb.

ANTV - Azerbaijan Network Television İnternetdə ilk video bloqlardan biri sayılır. Bloqçuların - vətəndaşların çəkdiyi videolardan ibarət bu şəbəkəyə İnternetdə baxmaq mümkündür.

Onun yaradıcısı Emin Milli indi xuliqanlıq ittihamı ilə həbsdədir, hərçənd beynəlxalq hüquq müdafiə təşkilatları Emin Millinin həm də məhz bu ANTV-də yerləşdirdiyi tənqidi çıxışlara görə həbs olunduğunu deyirlər.

Emin Millinin həbsindən sonra ANTV hansı işləri görür, hansı yenilikləri planlaşdırır? ANTV-nin əməkdaşı Vüqar Səfərov AzadlıqRadiosunun suallarına cavab verir:

- ANTV öz yaradıcısı Emin Millinin həbsindən sonra necə işləyir?

- İşimizi davam etdiririk. Eminin və onunla birlikdə həbs olunan ANTV-nin başqa videobloqqeri Adnan Hacızadənin həbsindən sonra bizə material verən bloqçuların sayı kəskin azalmışdı. Onlar bu həbsdən qorxuya düşmüşdülər. Amma bir ay keçmədi ki, bizim yeni müəlliflərimiz peyda oldu, bizə videomateriallar göndərməyə başladılar. İndi demək olar ki, işimizi bərpa etmişik, saytımızın gün ərzində 350-ə qədər ziyarətçisi olur.

- İnternet səhifəniz xeyli səliqəlidir. Hətta obrazlı desəm, mənə mehriban sahibəli isti, rahat bir evi xatırlatdı. Videobloqçuların yığışdığı bir ev, ofis varmı?

- Xeyr, yoxdur. Biz əməkdaşlarla əsasən internetdə görüşürük. Onlar ideyanı göndərirlər, internetdə birlikdə müzakirə edirik, ssenari üzərində işləyirik, sonra əgər müəllifin texniki baxımdan təcrübəsi varsa, materialı özü hazırlayır, yoxdursa, ANTV-nin vaxtilə treninqdə iştirak etmiş texniki vərdişləri olan uşaqları ona kömək edirlər və beləliklə, bloqçunun videosu yaranır.
Bizim əsas fikrimiz budur ki, ictimai problemlərə mümkün qədər yaradıcı yanaşmaq, onu orijinal formada təqdim etmək lazımdır.

(Vüqar Səfərov deyir ki, bu işə görə bloqçulara heç kim pul vermir, ictimai problemlərə biganə qalmayan, kameraya həvəsi olanlar saytdan öz materiallarını əsirgəmirlər. Bəs texniki məsələlər?Məsələn, kamera? Vüqar Səfərov deyir ki, adi bir qeyri-professional kamera, bir fotoaparat həqiqətləri görmək üçün kifayətdir)

- Təsəvvür edin ki, ANTV-nin 28 milyon manatı var, nə edərsiz bu qədər pula?

- Bilmirəm, heç bu qədər pul bizə lazım deyil. Doğrudan da bizə lazım deyil bu qədər pul.

- 28 milyon manat 2009-cu ildə dövlət büdcəsindən AzTV-yə ayrılmış vəsaitdir...

- (Gülür) Bilirsiz, biz hesab edirik ki, əsas olan bahalı kameralar və yüksək maaşlı işçilər deyil. Əsas ideyadır. Bir də ki, yaradıcı olmaqdır. Bu iki məsələ çox mühümdür.

- Qorxuram, sizin bu müsahibəniz bizi işsiz qoya...

- (Gülür)

- Zarafat edirəm, yeri gəlmişkən, klassik mediaya alternativ olmaq, ya da onlarla rəqabətə girmək kimi iddianız varmı?

- İddia deyəndə ki, məsələn, metroda gediş haqqının bahalaşması ilə bağlı etiraz aksiyası olanda ANTV ilk internet sayt oldu ki, bu haqda materialı yerləşdirdi. Aksiya hələ başa çatmamışdı, amma bizim material artıq internetdə idi. Əlbəttə, bu bizim saytımızın ziyarətçilərinin sayını kəskin artırmışdı.

- Bir də probleminizdən danışın.

- Yoxdur, heç bir problemimiz yoxdur. Hər şey əladır. Hələ ki, işləyirik. Yeni planlarımız var. Londonda azərbaycanlı gənclərin yaratdığı ANAZ radiosu var, Azərbaycan dilində musiqilər və verilişlər yayımlayır, istəyirik ki, saytımızda həmin radionu həm dinləmək, həm də verilişləri yükləmək imkanı yaradaq. Bundan başqa, Azad Fikir Universitetinin interaktiv video mühazirələrini də öz saytımızda yerləşdirəcəyik.

- Oldu, çox sağ olun ki, suallarımızı cavablandırdız.

- Siz də sağ olun.

Şərhləri göstər

XS
SM
MD
LG