Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

«Əbu Bəkr məscidini qeydə almaq istəmirlər…»


Qamət Süleyman: «Əbu Bəkr məscidini qeydə almaq istəmirlər…»

Qamət Süleyman: «Əbu Bəkr məscidini qeydə almaq istəmirlər…»

«Qeydiyyata alınmağımız məsələsini süni şəkildə uzadırlar. Əslində iki-üç günə həll olunası işdir. Əvvəlcə Nərimanov Rayon İcra Hakimiyyətindən bizə dedilər ki, Dini Qurumlar üzrə Komitədən sənəd gətirin. Oradan da bizə dedilər ki, hər icmaya ayrı sənəd vermirik. İndi qalmışıq arada. Qeydiyyat vaxtına isə az qalıb, ona görə də hamımız narahatıq».

SÜNİ ƏNGƏLLƏR

«Əbu Bəkr» məscidinin imamı Qamət Süleyman deyir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların qeydiyyatına təkrar başladığını elan edəndən sonra sənədlərini hazırlayıblar. Ancaq iki aydır icmaya süni əngəllər yaradılır. 2002-ci ildə qeydiyyata alınma proseduru onlar üçün belə çətin olmayıbmış:

«Nərimanov Rayon İcra Hakimiyyəti icmanın ünvanı haqqında arayış verməlidir, vermir. Mənə elə gəlir ki, icmanı qeydiyyata almaq istəmirlər. Bizim məscidə çox adam gəlir, hökumətdə də bəzi məmurlar bunu istəmirlər. Məscidə terror hakimiyyətin tərəfini saxladığımıza görə oldu. Hakimiyyət də bizə belə münasibət göstərirsə, sözüm yoxdur. Ümumiyyətlə, əhli-sünnə məscidlərinin çoxunu qeydiyyata almırlar. Müşfiq qəsəbəsindəki məsciddə də deyiblər ki, saqqallılar gəlməsin, sizi qeydə alaq».

Qamət Süleyman deyir ki, indi icmanın üzvləri məscidin bağlanmasından narahatdırlar. Əgər qeydiyyat problemləri həll olunmasa, məhkəməyə müraciət edəcəklər.

ARAYIŞ VERMƏK KİMİN İŞİDİR?

Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və Dağ Yəhudiləri Dini İcması da daxil olmaqla indiyə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 30-dan çox dini icma qeydiyyatdan keçib. Sənədləri komitəyə daxil olmuş 200-dən artıq icma isə qeydiyyata alınmasını gözləyir. Komitənin dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov deyir ki, hazırda həmin sənədləri qaydaya salırlar. O ki, qaldı «Əbu-Bəkr» məscidinə, Gündüz İsmayılov deyir ki, arayış vermək icra hakimiyyətinin işidir, dini komitənin yox:

«Biz heç bir icra hakimiyyətinin funksiyasını yerinə yetirib hansı məscidə hüquqi ünvan haqqında arayış verə bilmərik».

Nərimanov Rayon İcra Hakimiyyətindən isə «Əbu Bəkr» məscidinə arayış verilməməsinin səbəbini izah edən tapılmadı.

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin koordinatoru İlqar İbrahimoğlu deyir ki, dini icmaların qeydiyyat prosesi şəffaflığı təmin etmək üçündürsə, bu proses rahat olmalıdır. Ancaq belə deyil:

ARAYIŞ ALMAQ MÜŞKÜLƏ DÜŞÜB

«Təəssüf ki, qeydiyyat prosesi sovet dövründə olduğu kimi icazəli xarakterə keçirilir. Müsəlman icmalarının qeydiyyatdan keçmələri üçün kifayət qədər çətin prosedurlar var. Üstəlik bir neçə yerdən təqdimat alınmalıdır. Bunlar da çətinliklər yaradır. Bəzən icra hakimiyyəti orqanından, bəzən Qafqaz Müsəlmanları İdarəsindən təqdimat almaq çətin işə çevrilir. Bunlar da həm sərbəst birləşmə, həm sərbəst özünüifadəni məhdudlaşdırmaq deməkdir».

Dini komitədən Gündüz İsmayılov isə İlqar İbrahimoğlu ilə razılaşmır. Deyir ki, ən asan qeydiyyat məsələsi Azərbaycandadır, «Dini Etiqad Azadlığı haqqında» qanun əsasında fəaliyyət göstərirlər.

BƏS, HANSI QURUMLAR QEYDİYYATDAN KEÇMƏYƏCƏK?

«Bir dini icma ki, ölkə qanunlarına əməl eləmir, o ümumiyyətlə niyə fəaliyyət göstərməlidir? Qanunvericiliyə zidd fəaliyyət göstərən icmalar qeydiyyatdan keçməyəcəklər».

Müsəlman təmayüllü dini icmaların qeydiyyatına Qafqaz Müsəlmanları İdarəsi rəy verəndən sonra sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilir. Xristian təmayüllü dini icmaların sənədlərini isə komitə özü araşdırır.

Şərhləri göstər

XS
SM
MD
LG