Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:14

«Danışıqları dayandırmaqla Azərbaycan vəziyyətini ağırlaşdırar»


Rahim Hacıyev və Abil Bayramov

Rahim Hacıyev və Abil Bayramov

Prezident İlham Əliyev Goranboyda qaçqınlarla görüşərkən demişdi ki, noyabrın 22-də Münhendə keçiriləcək görüşə böyük ümidlər bəsləyir. Ancaq Münhen görüşünün nəticələri olmasa, Azərbaycan Qarabağ münaqişəsiylə bağlı müzakirələri dayandıra bilər.

Siyasi ekspert Rahim Hacıyev düşünür ki, prezidentin bu fikirləri daha çox həmsədr ölkələrə istiqamətlənib. Əslində, Azərbaycan heç də real olaraq danışıqları dayandırmaq niyyətində deyil. Sadəcə bununla təzyiqlərdən yayınmaq niyyətindədir:

«Mən Münhendə razılığın əldə olunacağına şübhə edirəm. Sadəcə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda intensivlik artıb. Proses tədricən həlledici məqama daxil olmaqdadır. Tərəflərə təklif edilən həll modeli Azərbaycanın mənafeyinə cavab vermir. Əslində, gərək Azərbaycan «Madrid prinsipləri»nə referendum məsələsinin də daxil edilməsinə əvvəlcədən razılıq verməyəydi. Artıq hər iki tərəfə təzyiqlər artmaqdadır. Azərbaycan prezidenti belə bəyanat verməklə təzyiqləri yumşaltmağa çalışır».

Rahim Hacıyev deyir ki, Azərbaycan danışıqları dayandırmaqla vəziyyətini bir qədər də ağırlaşdıra bilər:

«Özümüzü aldatmağa ehtiyac yoxdur. Biz danışıqları davam etdirmək məcburiyyətindəyik. Əksinə, hakimiyyət rəsmiləri anti-Qərb çıxışlarla Qarabağ münaqişəsində bir qədər də ölkənin mövqeyini zəiflətmiş olacaq. Bir də bu anti-Qərb çıxışlar absurd xarakter daşıyır. Dünənə kimi uğurlu xarici siyasətdən danışırdıq. İndisə deyirik ki, ABŞ-da, Türkiyə də, Rusiya da bizə düşməndir. Bəs uğurlu xarici siyasətin taleyi necə oldu? Halbuki, xarici siyasət sırf praqmatik maraqlara xidmət etməlidir».

YAP BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ NƏDƏN FAVORİTDİR?

«Panorama» verilişində ikinci müzakirə edilən məsələ isə bələdiyyə seçkiləri oldu.

Bələdiyyələrin İnkişafı Üzrə Alyansın koordinatoru Abil Bayramov deyir ki, hakim YAP-ın bələdiyyə seçkilərində indidən favorit olmasının arxasında bir sıra prinsipial səbəblər durur:

«Hər şeydən əvvəl YAP hakimiyyət partiyasıdır. Bu partiya bütün inzibati resurslardan istifadə edir. Yerli hakimiyyət orqanları da onlara yaşıl işıq yandırırlar. Ancaq bu vəziyyətin yaranmasının başqa bir səbəbi müxalifət partiyalarının bələdiyyə seçkilərinə ciddi önəm verməməsidir. Müxalifət bu seçkilərdə passiv iştirak edir. Nəticədə YAP şəksiz favoritdir...».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG