Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:51

Hicab, yoxsa qeyri-kafi qiymət?


«Bizdə hicablı qızlar var, oxuyurlar»
Xatirə Allahquliyeva hicab geyindiyinə görə ali məktəbdən qovulduğunu iddia edir. O, Sumqayıt Dövlət Universitetinin Kimya fakültəsinin ekologiya ixtisasında qiyabi oxuyub, ancaq təhsilini başa vura bilməyib. Deyir ki, instituta girən vaxtdan onun hicab geyinməsi ali məktəb rəhbərliyində narazılıq yaradıb, o, da əli çatan hər yerə şikayət edib:

- Elə birinci ildən hicab geyməyə qoymurdular. Prezidentə qədər şikayət elədik. Mehriban xanıma da. Bu üç ili belə təzyiqlə başa vurdum. 3-cü kursun axırıncı semestrində mənə məktub gəldi ki, universitetdən xaric edilmişəm. Qiymətlərim qeyri-kafi olduğu üçün.

- İmtahanda yazmışdılar qeyri-kafi qiymətini?

- Hə, 5 fənndən. Mən də başqa tələbələr kimi girdim dekanın qəbuluna. Pul verirdik, qiyməti yazırdılar. Amma mən girəndə mənimkini yazmadı.

- Ödənişli təhsil alırdınız?

- Yox, ödənişli təhsil deyildi.

- Bəs pulu niyə verirdiniz?

- İmtahanlara görə. Orda təhsil… təhsil deyildi. Ancaq pulnan idi. Pul verirdik qiymət almaq üçün.

- Oxumurdunuz?

- Uşaqların hamısı eləydi də. Dekan gəlirdi, «starosta»ya deyirdi ki, filan məbləğdə yığarsınız. Biz də pul yığardıq, qiyməti yazırdılar.

- Amma siz yaxınlaşanda pul götürmədi?

- Yox, məndən bu dəfə götürmədi, dedi ki, səndə hicabdır. Nəsə sözünü fırlatdı. Yəqin fikir varmış ki, məni xaric eləsinlər.

- Siz imtahanlarda cavab verdinizmi?

- Eləsi oldu ki, bir suala cavab verdim, amma elə fənnlər də oldu ki, imtahan vərəqini ağ buraxdım. Bilirsiz, arxayınıydıq ki, pul verəcəyik. Ona görə də imtahana hazırlaşmağa ehtiyac yox idi. Başqa tələbələr necə, mən də elə edirdim…

Xatirə deyir ki, kəsirlərini düzəltmək üçün ona əlavə vaxt verilməyib.

«UNİVERSİTETDƏ HİCABLI QIZLAR VAR»

Sumqayıt Dövlət Universitetinin Kimya fakültəsinin dekan müavini Süleyman müəllim isə əlavə vaxtın yalnız iki fənndən qeyri-kafi alanda verildiyini dedi. O, Xatirənin imtahanları verə bilmədiyi üçün universitetdən xaric edildiyini söylədi:

«Bizdə hicablı qızlar var, oxuyurlar. Xatirə imtahanlarını verə bilmədiyini üçün xaric olunub. Tələbələrin imtahanları pulla verməsiylə bağlı dediyi də yalandır, böhtandır».

«MƏHKƏMƏYƏ GETSİN»

Hüquqşünas Azər Nağıyev deyir ki, universitetdən xaric olunan tələbə yenidən ali məktəbə bərpa oluna bilər. Amma bu hüquq yalnız ödənişli əsaslarla təhsil alanlara verilir. Ödənişsiz oxuyanlara ona görə bu imkan tanınmır ki, dövlət artıq onlara pulsuz təhsil imkanı yaradıb, «amma tələbə bu imkandan düzgün istifadə edə bilməyib».

Hüquqşünas deyir, əgər Xatirə Allahquliyeva ali məktəbdən xaric edilməsini
qanunsuz sayırsa, bununla bağlı məhkəmədə iddia qaldıra bilər.

QRANT UDMUŞAM, PULUMU VERİN!

Lənkəranda region gənclərinin müəllif kimi qoşulacaqları, yazıb-pozacaqları bir saytı yaradılmalıydı. Layihə yazıb, müsabiqədə qalib gəlib, amma niyyətini gerçəkləşdirə bilməyən Pərviz Əzizov deyir ki, onlara veriləsi pul onlara çatmayıb:

Pərviz Əzimov
«Azərbaycan Gənclər Fondu gənclər arasında mini-qrantlar elan eləmişdi. Biz də bu müsabiqəyə qoşulduq. Təxminən 7-8 ay bundan qabaq. Layihəmiz uddu, hətta müqavilə də bağladıq. Amma udduğumuz pulu bizə vermədilər».

Pərviz Əzizov deyir ki, layihənin smeta dəyəri təxminən 300 manat olub.

Azərbaycan Gənclər Fondu proqramının Lənkəran nümayəndəsi Tural Ələsgərov da Pərvizin dediklərini təsdiqləyir, amma deyir ki, təkcə onunku yox, başqa qalib layihələr də maliyyələşdirilməyib:

«Maliyyə vəsaiti olmadığı üçün sonuncu qrantlar ödənilmədi. Bu proqram yarıda dayandı. Gözləyirik, bəlkə də davamı oldu».

«PUL QALİBLƏRİN QALİBİNƏ VERİLİB»

Azərbaycan Gənclər Fondu proqramı Avrasiya Fondunun olub. Bu fonddan isə dedilər ki, proqram artıq bitib, ona görə də təfsilatlı məlumat verə bilməyəcəklər:

«Pul köçürülüb, amma hamıya yetmədiyi üçün qaliblərin arasından qalib seçiblər».

Hüquqşünas Azər Nağıyev hesab edir ki, şikayətçi gəncin əlində müsabiqədə qeydiyyatdan keçdiyi və qalib gəldiyini əks etdirən sənəd varsa, o, şikayətini məhkəmə predmetinə çevirə bilər.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG