Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:24

Hakimiyyət siyasi oriyentasiyasını dəyişirmi?


«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu

Noyabrın 21-də Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri Qərbi Azərbaycana qarşı ədalətsizlikdə günahlandırıblar.

Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib ki, işğalçı Ermənistanla Dağlıq Qarabağa maddi və mənəvi yardım göstərməsinə baxmayaraq, ABŞ-ın Azərbaycana hər hansı ciddi dəstəyi gözə çarpmır. Əksinə, Azərbaycanı davamlı olaraq insan hüquqları və digər məsələlərdə Qərb qınayır.

NOVRUZ MƏMMƏDOV AMERİKANI CİDDİ FİKİRLƏŞMƏYƏ ÇAĞIRIR

Novruz Məmmədov Qərbi öz addımlarını ölçüb-biçməyə çağırıb:

«Ərəb ölkələrində BBC-nin keçirdiyi sorğuda hər 10 vətəndaşdan 8-i Amerikaya nifrət etdiyini söyləyib. Bu sorğu üzərində çox ciddi düşünülməlidir».

Novruz Məmmədov Qərbin həbs olunan bloqçulara Dağlıq Qarabağ münaqişəsinə nisbətən daha çox diqqət yetirdiyini, bunun isə ədalətsizlik olduğunu bildirib.

Parlamentin vitse-spikeri Ziyafət Əsgərov da Qərbi tənqid edib, deyib ki, dünya birliyi Qarabağ məsələsində Azərbaycanı müdafiə etmir.

«MASKA YIRTILIR»

Politoloq Eldar Namazov hesab edir ki, Azərbaycan rəsmilərinin Qərbi kəskin tənqid etməsi təsadüfü deyil. İndi neft pullarından qüdrətlənən hakimiyyət artıq demokratik dünya ilə açıq savaşa girişib:

«Elə bu səbəbdən də həbsdə olan jurnalistlər, bloqçular, siyasi məhbuslar və insan haqları ilə bağlı Qərbin tənqidlərinə belə tonda cavab verirlər. Bu da artıq onların indiyə qədər olduğu kimi demokratiyanın imitasiyası ilə məşğul olmaq istəməmələrinin göstəricisidir. Nə vaxtsa artıq bu məsələ açılmalıydı, maskalar yırtılmalıydı, hamı artıq danışmalıydı. Mən bu bəyanatlardan belə başa düşürəm ki, artıq Azərbaycan imitasiyaya son qoyur və Azərbaycan xəritədə avtoritar dövlət kimi təsdiqlənmək istəyir».

«AZƏRBAYCANI RUSİYA DA QƏBUL ETMƏYƏCƏK»

Eldar Namazov deyir ki, belə siyasət Azərbaycan üçün ikiqat təhlükəlidir:

«Artıq Azərbaycan əvvəllər olduğu kimi üzünü Qərbdən çevirib, Rusiyaya tuta bilməyəcək, çünki Rusiya hakimiyyəti özü də inkişaf yolunu Qərblə əməkdaşlıqda görür».

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə hakimiyyət rəsmilərinin Qərbi tənqid edən bəyanatlarına haqq qazandırır, deyir ki, Birləşmiş Ştatlar Qarabağ məsələsində Azərbaycana kifayət qədər dəstək vermir, rəsmi Bakı Qərbin belə davranışlarından məyus olub, ona görə də bir sıra dövlətlər kimi o da başlayıb Amerikanı və Qərbi tənqid etməyə.

VƏFA QULUZADƏNİN ARQUMENTLƏRİ

Bəs Azərbaycan Qərbdən üz çevirib hansı tərəfə baxacaq, Rusiyayamı? Vəfa Quluzadə deyir ki, yox, Azərbaycan hakimiyyəti bilir ki, Qarabağı Ermənistan yox, məhz Rusiya işğal edib, amma Qərb bu cür davrananda Bakı da məcbur olub, Moskva ilə əməkdaşlıq edir:

«Torpaqlarımız azad edilsə, biz 100 faiz Qərbyönümlü olarıq, NATO-ya da üzvlük yekunlaşar, Avropa Birliyinin də üzvü ola bilər, amma Qərb bizi qəbul etmək istəmir, çünki Qərb özü Rusiya ilə əməkdaşlığı daha çox prioritet hesab edir».

ELDAR NAMAZOV VƏFA QULUZADƏ İLƏ RAZILAŞMIR

Amma başqa bir politoloq Eldar Namazov bu məsələdə Vəfa Quluzadə ilə razılaşmır. Eldar Namazov hesab edir ki, Qərb Azərbaycana kifayət qədər dəstək verib, istər enerji layihələri, istər də demokratik inkişafla bağlı məsələlərdə.

Qarabağ münaqişəsinin həllində Qərbin dəstəyinə gəlincə, Eldar Namazov deyir ki, torpaqların azad olunmaması daha çox Azərbaycanın öz məsuliyyətidir:

«Dünyada bir çox belə konfliktlər var. BMT-nin Fələstin–İsrail, Pakistan məsələsi ilə bağlı çoxsaylı qətnaməsi var ki, yerinə yetirilmir, yəni, bu təkcə bizə aid məsələ deyil. İndiyə qədər heç bir ciddi konflikt beynəlxalq təşkilatların çağırışı ilə həll olunmayıb».

Eldar Namazov deyir ki, hakimiyyət rəsmilərinin Qərbi tənqid edən bəyanatları daha çox demokratiya ilə bağlı öhdəliklərdən yayınmaq məqsədi daşıyır.

QƏRBLƏ ŞANTAJ DİLİNDƏ DANIŞAN DİKTATORLAR...

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu da Eldar Namazovun belə dəyərləndirməsi ilə razılaşır, əlavə edir ki, belə davranış tonu davamlı olsa, Qərb artıq Azərbaycandan onunla birlikdə olub-olmadığına qəti cavab istəyəcək. Çünki əks halda belə sürüşkən mövqe Qərbin enerji planlarını zərbə altında qoyur.

«GƏRƏK İLHAM ƏLİYEV NARAHAT OLSUN»

Amma Azər Rəşidoğlu hesab edir ki, Qərblə belə tonda danışmaq hər şeydən əvvəl indiki siyasi hakimiyyətin özü üçün təhlükədir:

«Çünki Qərblə şantaj dilində danışan diktatorların taxtı çox hallarda çevrilib. Azərbaycan kimi kiçik ölkənin belə tonda danışması çox gülüncdür».

Ekspertin fikrincə, belə tənqidi bəyanatlar hakimiyyət daxilindəki Rusiyameyilli qüvvələrin də planı ola bilər. Azər Rəşidoğlu hesab edir ki, Azərbaycan prezidenti öz hakimiyyətini qorumaq istəyirsə, gərək məmurların belə bəyanatlarından narahat olsun.

Şərhləri göstər

XS
SM
MD
LG