Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:41
«Parazith» qrupu «Bayramınız mübarək» adlı rok-konsert keçirəcək. Konsertin təqdimatı, elanları, adı indiyədək olan rok-konsertlərlə müqayisədə qeyri-ənənəvidir. Hətta konsertin elanlarından ironiya hiss edilir. «14-24» proqramının budəfəki qonaqları «Parazith»çilərdir...

Qrupun üzvlərindən Teymur deyir ki, Azərbaycanda son bir neçə ildə yaxşı rok konsert keçirilməyib:

«Əvvəllər olub, son vaxtlarsa gözə dəyməyib. Rokun əsas məqsədi, bizə görə, ideya çatdırmaqdır. Bu konsertin də əsasında ideya var».

Rok hara, «Bayramınız mübarək!» adında konsert hara? Qrup üzvü Vüsal rok dinləyicilərinə belə açıqlama verir:

«Bizim çox bayramlarımız var və biz çox xoşbəxtik ki, çoxlu bayramlarımız var. Bu bayramlar ölkəsində yaşadığım üçün xoşbəxtəm. Bayramlarla dolu bir kalendarımız var. Heç bir xalqda bu qədər bayram yoxdur, hər günümüz xoşbəxt keçir».

Vüsal konsertdə ifa edəcəkləri mahnıların mövzusundan da danışdı:

«Məsələn, birinin adı «Heyvərə»dir. Bu mahnı milli gəncliyimizdən danışır. Yəni, biz milliyik və bununla fəxr edirik. Biz hər yerdəyik: biz metrodayıq, biz «07»dəyik, bizim uzunburun ayaqqabılarımız var, amma digərlərinin gitarası var. Nəyə lazım?! Mənim «07»im yoxdur, qara kostyumum da yoxdur, bu da onların xoşuna gəlmir».

Teymur: «Biz qarışıq janrda oxuyuruq. Müxtəlif elementlər var. Bizim üçün önəmli olan ideyaya bağlılığımızdır, konkret janra yox. Hansısa janrda olmaq o çərçivədə olmaqdır, biz heç bir şeyə uyğun deyilik, biz sadəcə «Parazith»ik».

Vüsal: «Biz parazitik, bizim içimizdə parazit var. Amma biz kiçik parazitlərik, ziyansız parazitlər. Biz – üstümüzdə təcrübə aparılan parazitlərik. Amma digər böyük parazitlər var, cəmiyyət parazitləri var. Onlardan qorunmaq lazımdır».

«Parazith» qrupunun üzvləri konsertin ideyası ilə bağlı detallı açıqlamaya gərək olmadığını düşünürlər:

«Biz izah etmək istəmirik, sadəcə mesaj vermək istəyirik. Qoy insanlar özləri düşünsünlər nə demək istədiyimizi...».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG