Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:40

Yeni həmməruzəçi Qrex kimdir?


Co Debono Qrex
Malta qəzetləri Avropa Şurası Parlament Assambleyasının yeni məruzəçisi Co Debono Qrex haqda daha çox «veteran siyasətçi» ifadəsi işlədirlər.

Bu ilin sentyabrın 17-də deputatın 70 yaşı tamam olub.

Avropa Şurasından adının çəkilməsini istəməyən mənbə deyir ki, Qrex Parlament Assambleyasında o qədər də fəal deputat sayılmır. İndiyə qədər demək olar ki, heç vaxt məruzəçi olmayıb, təşəbbüskar deputat kimi tanınmır, daha çox mədəniyyət, gənclər, elm kimi komitələrə üzv olub.

QREXİ HERKEL DƏ TANIMIR

Azərbaycan üzrə digər həmməruzəçi Andres Herkel də deyir ki, indiyə qədər həmkarı Qrexi demək olar ki, tanımayıb, dekabrda – Parlament Assambleyasının Parisdə keçiriləcək toplantısında yeni həmkarı ilə yaxından tanış olacağına ümid edir.

Strasburqda Avropa Şurasının sessiyalarının iclaslarında tez-tez iştirak edən hüquq müdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu və Çingiz Qənizadə də deyirlər ki, Qrexi əsasən tanımırlar. Bildirirlər ki, onun nə dərəcədə prinsipial və ədalətli həmməruzəçi olacağını indidən deyə bilməzlər, hələ ki, gözləyirlər.

AMMA YENİ HƏMMƏRUZƏÇİ 50 İLDİR Kİ, SİYASƏTÇİDİR

Amma Qrex çoxdanın siyasətçisidir, o, 50-ci illərdə Malta Əmək Partiyasının əsasını qoyanlardan olub. Uzun illər bu partiyanın rəhbərliyində təmsil olunub.

İnternetdə qeyri-rəsmi məlumat mənbəyi sayılan Wikipedia saytındakı informasiyaya görə, Qrex 1983-sü ildə Maltada İnvestisiya naziri, 1996-cı ildə Nəqliyyat və Limanlar naziri işləyib. 2003-cü ildən 2008-ci ilə qədər Malta Beynəlxalq Aeroportunda və Dövlət Təhlükəsizlik Nazirliyində «kölgə naziri» kimi fəaliyyət göstərib. «Kölgə naziri» müxalifət üzvlərinin də təmsil olunduğu alternativ nazirlikdir və həqiqi nazirliyin tənqidi ilə məşğul olur.

QREX QROSSLA BİR QRUPDADIR

Qrex 2004-cü ildən ölkəsinin AŞ PA-dakı nümayəndə heyətinin üzvüdür. Parlament Assambleyasında Sosialist Qrupunu təmsil edir. Həmin qrupun rəhbəri Azərbaycan üzrə keçmiş həmmərizəçi Andres Qrossdur.

Hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, həmməruzəçinin prinsipiallığı Azərbaycan üçün vacib məsələdir. A.Abdullayevanın fikirincə, 2003-cü ilin prezident seçkilərində onlar həmməruzəçi Mainess Kassandan çox narazı qalmışdılar, Kassan seçkilərlə bağlı həqiqəti təhrif etmişdi:
«Kassan gedib demişdi ki, seçkilər azad və ədalətli keçdi, halbuki, tamam əksi baş vermişdi. Sonra o adamı Avropa Şurasından da uzaqlaşdırdılar».

Azərbaycan üzrə digər həmməruzəçi Andres Herkel isə deyir ki, bütün hallarda yeni həmməruzəçinin təyin olunması müsbət haldır. Çünki Azərbaycan üzrə əvvəlki həmməruzəçi Yevgeniya Jivkovanın istefasından sonra bu yer boş qalmışdı deyə, ölkə üzrə hesabatın təqdim olunması ləngiyirdi:

«İndi vəziyyət daha yaxşıdır. Aylardır ki, həmməruzəçini gözləyirdik. Artıq həmməruzəçi təyin olundu. İndi hesabatın tamamlanması üçün o, ölkəyə səfər etməlidir».

Bəs Debano Qrex özü bu yeni təyinatı haqda nə fikirləşir, Azərbaycanla bağlı hansı təsəvvürə malikdir? Bu suallara hələ ki, cavabımız yoxdur, onunla əlaqə cəhdlərimiz alınmadı.

Debano Qrex noyabrın 18-də AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi təyin olunub. O, bu postda bolqarıstanlı həmkarı Yevgeniya Jivkovanı əvəz edəcək. Jivkova bir neçə ay əvvəl siyasətdən getdiyini və biznes fəaliyyətini genişləndirəcəyini elan edib.

Şərhləri göstər

XS
SM
MD
LG