Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:01

Amerika İranı yeni sanksiyalarla hədələyir


Obama onu da deyib ki, yeni cəza tədbirləri daha sərt olacaq

Obama onu da deyib ki, yeni cəza tədbirləri daha sərt olacaq

Amerika İrana qarşı cəza təyin etməklə bağlı beynəlxalq müttəfiqləri ilə danışıqlara başlayıb. Buna səbəb İranın mübahisəli nüvə proqramı ilə bağlı güzəştə getməkdən imtina etməsidir. Amerika prezidenti Barak Obama belə deyir.

Obama noyabrın 19-dakı çıxışında deyib ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin təklifini rədd edib. Agentliyin irəli sürdüyü təklifin məqsədi İranın gizli şəkildə nüvə silahı hazırlaması ilə bağlı Qərbin narahatlığına son qoymaq idi.

Cənubi Koreyada çıxış edən Obama onu da deyib ki, yeni cəza tədbirləri daha sərt olacaq:

- Bizim gözləntimiz odur ki, növbəti bir neçə həftədə qəbul edəcəyimiz potensial addımlar paketini aydınlaşdıracağıq. Bu, bizim İrana qarşı ciddiyyətimizi göstərəcək.

«DİPLOMATİYA HƏLƏ DƏ MÜMKÜNDÜR»

Obama İrana qarşı yeni sanksiyaların perspektivi məsələsini də irəli sürüb. Amma onu da qeyd edib ki, diplomatiya hələ də mümkündür.

Daha sonra ABŞ rəsmiləri deyiblər ki, Obama mümkün cəza addımlarının detalları barədə qəsdən qeyri-müəyyən danışıb, çünki o, diplomatiya perspektivini açıq saxlamaq istəyir. Onlar həmçinin əlavə ediblər ki, Obama mümkün əlavə sanksiyalara dair beynəlxalq razılaşma əldə etmək səylərini də zərbə altına qoymaq istəməyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin təklifinə görə, İran nüvə yanacağı hazırlamaq üçün özünün zəif zənginləşdirilmiş uranının 1200 kiloqramını Rusiyaya göndərməli idi. Həmin yanacaq daha sonra Fransada yanacaq çubuğu halına salınandan sonra tibbi tədqiqat reaktorunda istifadə olunmaq üçün İrana qaytarılmalı idi.

Amma İranın Xarici İşlər naziri Manuçöhr Mottaki isə deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin təklifində səsləndirilən miqdarda uran onlar üçün məqbul deyil. Mottaki deyib ki, İran daha geniş danışıqlara və zəif zənginləşdirilmiş uranı nüvə yanacağına dəyişdirməyi götür-qoy etməyə hazırdır.

İRAN SANKSİYALARI İSTEHZA İLƏ QARŞILAYIR

Bu gün Manilada çıxış edən Mottaki Qərbin İrana qarşı sanksiyalarla bağlı hədə-qorxusunu da istehza ilə qarşılayıb:

- Biz buna ciddi yanaşmırıq. Sanksiya 1960-70-ci illərin terminologiyasıdır. Dörd ildir ki, onlar bundan istifadə edirlər. Mənə elə gəlir ki, onlar iflasa uğrayan bir təcrübəni təkrarlamayacaq qədər ağıllı olmalıdırlar.

İran prezidenti Mahmud Əhmədinejad da mümkün sanksiyalarla bağlı beynəlxalq xəbərdarlığa laqeyd yanaşıb, bugünkü çıxışında deyib ki, İran öz yolu ilə getməli və məqsədlərini özü həyata keçirməlidir, çünki İranın «xeyrini istəməyənlər və düşmənləri» ölkənin inkişafını və tərəqqisini istəmirlər.

TƏRƏFDARLAR VƏ ƏLEYDARLAR

Britaniya və Fransa İrana qarşı yeni sanksiayalara dəstək verəcəklərinə işarə vurublar. Ancaq Obamanın bu həftə Çinə səfərində rəsmi Pekin yeni sanksiyalarla bağlı təminat verməyib.

Rusiyaya gəlincə, Ağ Evin rəsmisi Mayk McFaul bu məsələyə Kremlin ABŞ-la eyni cür yanaşdığını deyib. Kreml əvvəllər sanksiyaların müzakirə olunduğunu istisna etməsə də, bildirib ki, sanksiyalara diplomatik səylər tükəndikdən sonra əl atmaq olar.

Bununla belə, artıq Qərb diplomatları BMT-nin Nyu-Yorkdakı baş qərargahında İrana qarşı 4-cü mümkün sankisiyalarla bağlı danışıqlara hazırlaşır.

Ancaq BMT diplomatları güman edir ki, yeni sanksiyalar İranın enerji sektoruna şamil edilməyəcək – Rusiya ilə Çinin dəstəyindən məhrum olmamaq üçün. Belə ki, BMT Təhlükəsizlik Şurasının 2 daimi üzvü - Rusiya ilə Çinin İranın enerji sektoru ilə bağlılığı var.

«İranın neft və qaz sektoruna qarşı sanksiyalar irəli sürülsə, Rusiya və Çin öz veto hüquqlarından istifadə edəcək» - avropalı diplomatlar bu fikirdədirlər.

SİMVOLİK SANKSİYALAR?!

ABŞ və Avropa ölkələri anlayırlar ki, Moskva ilə Pekin İran iqtisadiyyatına ziyan vurmağa imkan verməyəcək. Analitiklər hesab edirlər ki, bu iki ölkənin İranla bağlı qəbul edəcəyi sanksiyalar daha çox simvolik xarakterli ola bilər. Məsələn, kimləri isə BMT-nin qara siyahısına daxil etmək, hesablarını dondurmaq, səyahət qadağası qoymaq kimi.

BMT-nin yeni sanksiya qətnaməsinin daha bir İran bankına, daha çox şəxsə və şirkətə, o cümlədən İranın gəmiçilik şirkətinə şamil ediləcəyi gözlənilə bilər. İrana silah satışı və siyasi ölçülər də güman ki, nəzərdən qaçmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG