Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47
Həmişə adı xoşagəlməz siyahılarda olan «mənim əziz şəhərim» bu dəfə sürpriz bir irəliləyişlə sakinlərini çaşdırıb.

Biz «Mercer» təşkilatının Bakını «ən çirkli şəhər» siyahısına salmasına alışmışdıq. Dünyanın «Ən xoşbəxt şəhərləri» siyahısında onu görməməyə adət etmişdik. Amma beləsinə hazır deyildik.

«Lonely Planet» jurnalı (BBC korporasiyasına daxil) dünyanın ən əyləncəli gecə həyatı keçirən şəhərlərinin reytinqini hazırlayıb. Və «bizim Bakı, bizim ürək» (Səməd Vurğun) bu siyahıda 8-ci yeri tutub!

Gecə barları, restoranları, digər əyləncə məkanları ilə Bakı görün kimlərlə yanaşı dayanıb?

İlk onluğu Serbiyanın paytaxtı Belqrad açır.
Sonra Kanadanın Monreal şəhəri gəlir.
Argentinanın Buenos Ayresi 3-cüdür.
4-cü BƏƏ-nin Dubay şəhəridir (Ötən ay İbrahim Tatlısəs də Bakını Dubaya bənzətmişdi).
5-ci Yunanıstanın Soloniki şəhəridir.
6-cı Boliviyanın (!) La-Pas şəhəri.
7-ci Cənubi Afrika - Keyptaundur.
8-ci gözəlim BAKI,
9-cu Yeni Zelandiyanın Oklend şəhəri,
Və onluq İsrailin paytaxtı Təl-Əvivlə qapanır…

Bu xəbəri eşidəndə yadıma Hüseyn Cavidin «Bakıda» şeiri düşdü. Xatırlayırsınızmı, Balaxanı neft mədənində Məsudla Şəfiqənin dialoqunu:

Əvət!.. O sərvətü saman içində zənginlər
Kədər nə… bilməyərək istirahət etsinlər!
Fəqət zavallı fəqir orta yerdə qəhr olsun,
Zəhərli qazları udsun da yıpranıb solsun.
Səbəb nə? - səhhətə düşmən - o nəmli yerlərdə
Fəqir olan çürüsün!.. Haqqü mədələt nerdə?

Məsələ burasındadır ki, 100 il öncə də belə idi. Manaf Süleymanovun bizlərə yadigar qoyduğu kitaba dayansaq, əsrin əvvəlində Bakıda hər məhəllədə əyləncə evləri varmış. İkisi çox məşhur imiş – «Çanaqqala» lokantası və «Qış klubu» - Kazino.

«Çanaqqala»da kübarlar bütün gecəni kefdə, ziyafətdə, əyləncədə olarlarmış. İçəri girmək haqqı qızıl pulla 5 manatdan 25 manata kimi olarmış. Ən ləziz yeməklər, ən təzə meyvələr, şirniyyat, içkilər baha qiymətə satılırmış. Hər gecə çini qab-qacaqla, büllur qədəhlərlə, bahalı qəndil və çilçıraqlarla bəzədilmiş, gözəl musiqi səslənən lokanta varlıları əyləncəyə çağırarmış…

Musa Nağıyevin Kazinosu da bir başqa aləm imiş. Restoran, tamaşa və rəqs salonu, hətta qumar oynamaq üçün saysız otaqlar var imiş…

Rəhmətlik Manaf müəllim kazinoda yaşananları birbəbir təsvir edir və sonda yazır: «Küçələrdə isə minlərlə ac-susuz, sərgərdan, işsiz insan gecələmək üçün yer axtarırdı…»

Bax, belə! Görünür təəccüblənmək yersizdir. Bakı kəndinə - yəni özünə qayıdır. Buna da səbəb yenə də Cavid Əfəndinin yazdıqlarıdır:

Bu şəhr içində görüb duyduğun o hissi-nəşat,
Bütün o dəbdəbələr, həp o anlı, şanlı həyat,
Bütün o təntənələr, həp o süslü heykəllər
Bu sisli, hisli buruqlarla iftixar eylər.

P.S. Manaf müəllim bir əhvalat da danışır. Deyir, o «Çanaqqala» lokantasında dünya gözəli Yana adlı bir rəqqasə - yəhudi qızı varmış. Bura ona baxmaq üçün gələrmişlər. Yana da heç kimə məhəl qoymazmış. Günlərin birində Yana yoxa çıxır. Sən demə, Yana şəhərin ən varlı, ən kifir valyuta alverçisi olan çopur Kazıma ərə gedib köçüb Amerikaya - ata-anasının yanına. Hə, «Çanaqqala» beləcə Yanasız qalır… Bakının əyləncə həyatı da bir müddət boynubükük…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG