Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

«Heydər Əliyev 90-cı ildə hakimiyyətə gəlsəydi, Ayaz Mütəllibov kimi devriləcəkdi»


İbrahim Bayandurlu
«Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ən zəif nöqtəsi odur ki, «bizim əsil düşmənimiz kimdir?» sualına dövlət konseptual cavab axtarmır. «Ermənistan konstruktiv mövqe tutmur» deyəndə o da nəzərə alınmalıdır ki, müharibə haqqında düşünürsənsə, ölkəndə ilk növbədə Qərbin həzm edə biləcəyi bir demokratik situasiya yaratmaq lazımdır. Yəni, bloqqerləri saxta cinayət işi üzrə vicdan məhbusuna çevirdikdən sonra «mən müharibə edəcəm!» bəyanatının müsbət dividentləri olacağı barədə düşünmək sadəlövhlükdür».

«Ayna» qəzetinin şərhçisi İbrahim Bayandurlu «İşdən sonra»da prezident İlham Əliyevin noyabrın 17-də Binəqədi rayonunda məcburi köçkünlər qarşısında səsləndirdiyi bəyanata münasibət bildirərkən belə deyib.

Şərhçi prezidentin «Heydər Əliyev hakimiyyətdə olsaydı torpaqlar işğal olunmazdı» fikrinə də münasibət bildirib:

«O ki qaldı prezidentin «Müharibə başlayan zaman Azərbaycan rəhbərliyində Heydər Əliyev olsaydı heç vaxt torpaqlar işğal altına düşməzdi» fikrinə, məncə, Heydər Əliyev 90-cı ildə hakimiyyətə gəlsəydi, o, Ayaz Mütəllibov kimi devrilərək tarixin arxivinə göndəriləcəkdi».

Elxan Mehdiyev
Konfliktoloq Elxan Mehdiyev isə prezidentin bəyanatını ziddiyyətli sayır:

«1993-cü ildən indiyədək deyilir ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli məsələsində hələ ümidlər tükənməyib. 10 il bunu Heydər Əliyev söylədi, son 6 ildə də İlham Əliyev belə deyir. Fərq ondadır ki, Heydər Əliyev xalqların öz müqəddəratını təyin etmə məsələsini heç müzakirə mövzusu olaraq da yaxına buraxmırdı. İlham Əliyevin dövründə isə referendumdan danışılır. Əslində, prezident İlham Əliyevin bəyanatları konkret sənədlərdəki məsələlər yox, təbliğat məqsədi daşıyan fikirlərdir».

E.Mehdiyev hesab edir ki, «prezidentin Binəqədi rayonunda məcburi köçkünlər qarşısında son çıxışı tamamilə bir-birinə zidd fikirlərdən qurulan və siyasi dildən uzaq olan söhbətdən başqa bir şey deyil».
XS
SM
MD
LG