Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:39

«Uşağımı şikayət elədiyimə görə həbs elədilər»


Altay Məmmədov
Altay Məmmədov
Müxalifyönlü Azərbaycan Demokrat Partiyasının orqanı «Hürriyyət» qəzetinin redaktoru Süleyman Məmmədli hərbi xidmət çəkmiş oğlu Altay Məmmədovun saxta ittihamlarla həbs olunduğunu deyir. O bildirir ki, oğlu ötən il Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində çəkib. Bu il oktyabrın 6-da hərbi xidməti başa vuraraq ordudan tərxis olunub. Noyabrın 10-da Cinayət Məcəlləsinin hərbi qulluqçunu qrup şəklində təhqir etmə, döymə və ya işgəncə vermə maddəsi ilə ittiham olunaraq həbs edilib.

Süleyman Məmmədli iddia edir ki, oğlu saxta ittihamlarla həbs olunub. Ata bildirir ki, Altay hərbi hissəyə göndərildikdən 3 ay sonra o, oğluna baş çəkmək üçün həmin hərbi hissəyə gedib. Oğlu ilə görüşərkən qollarında qançır izləri görüb. Oğlu ona zabitlər tərəfindən incidildiyini söyləyib:

«BİR DƏ BELƏ İŞGƏNCƏYƏ YOL VERSƏLƏR, UŞAĞIN ƏLİNDƏ AVTOMAT VAR…»

«Bununla bağlı hərbi prokurorluğa müraciət eləmişəm. Bir müddət orda istintaq gedib. Ondan sonra məni dəfələrlə çağırıblar, xahiş ediblər ki, ərizəmi geri götürüm. Siz ərizənizi geri götürün, biz sizə söz veririk, bundan sonra uşağa qarşı qanunazidd hərəkətə yol verilməyəcək. Uşağa işgəncə verilməsi ilə bağlı Eldar Sabiroğluna demişdim ki, ay Eldar müəllim, mənim uşağımla bağlı bir də belə işgəncəyə yol versələr, uşağın əlində avtomat var, onda baş verə biləcək hadisə üçün Müdafiə Nazirliyi məsuliyyət daşıyacaq».

Süleyman Məmmədli deyir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə bu söhbətindən sonra Altayı xidmətini davam etdirmək üçün hərbi hissənin tibb məntəqəsinə göndəriblər. Tibb məntəqəsində xidmət edənlər xidməti silah gəzdirmədiklərinə görə Altay da silahı təhvil verməli olur. Atanın deməsinə görə, bundan sonra hərbi hissə komandiri Elsevər Axundov əsgərə mənəvi və psixoloji işgəncələr verməyə başlayıb:

«Elsevər Axundov zabitlərin vasitəsilə uşağı həyatdan bezdirməyə başlayır. Bir neçə dəfə uşaq bacısına yazır ki, intihar etmək istəyir. Hətta oxumaq adıyla hospitala aparıblar, orda ağır fiziki işlərdə işlədiblər, 15 gün Əhmədbəylidəki hospitalda müalicə olunub».

SƏNƏ SƏNDƏN ŞİKAYƏTİM VAR…

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyilənlərlə razılaşmır
Süleyman Məmmədli oğlunun hərbi hissədə zabitlər tərəfindən incidildiyi barədə Müdafiə Nazirliyinə məktub yazıb və nazirdən xahiş edib ki, Altay başqa hərbi hissəyə göndərilsin. Müdafiə Nazirliyi əsgərin incidilməsi ilə bağlı faktların araşdırılması üçün məktubu həmin hərbi hissəyə göndərib. Süleyman Məmmədli deyir ki, hərbi hissə rəhbərliyi isə Altaya Müdafiə Nazirliyinə yazdığı şikayətin yalan olması barədə ərizə yazmağı təklif edib. Altay Məmmədov bundan imtina edib:

«İmtina eləyəndə Fuad İsmayılovun orda Şahsuvarov soyadlı qohumu var, onu çağırırlar, ərizə alırlar ki, guya Altay onun qolunu dağlayıb».

Süleyman Məmmədlinin sözlərinə görə, hərbi hissə komandiri ordudan tərxis olunmasına az qala Əziz Abdullayev, Vahid Əhmədov və Rəşid Rzayev soyadlı əsgərlərdən şahidlik etmələrini tələb edib. Lakin əsgərlər bundan imtina ediblər.

Süleyman Məmmədli bildirir ki, bundan qəzəblənən komandir Şahsuvarova ifadəsində həmin əsgərlərin də işgəncədə iştirak etmələrini göstərməsini tələb edib. Hazırda həmin əsgərlər də həbsdədir.

Hərbi ekspert, Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov deyir ki, bu, ordudakı işgəncələrlə bağlı birinci hal deyil:

«Bilirik ki, Azərbaycan ordusunda müəyyən problemlər var. Hərbçilərin hüquqlarının pozulması, təhqir olunması xoşagəlməz hallara, hətta intiharlara, ölüm hallarına gətirib çıxarır. Mövcud vəziyyətdən aidiyyatı orqanlara şikayət edən əsgərləri, zabitləri çalışırlar ki, bu cür vəziyyətə salıb sındırsınlar».

«OĞLUNU PİS YOLDAN ÇƏKİNDİRMƏK ƏVƏZİNƏ HƏDƏ-QORXULARA ÜSTÜNLÜK VERİRDİ»

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə deyilənlərlə razılaşmır. O, noyabrın 18-də Süleyman Məmmədlinin Müdafiə Nazirliyinin ünvanına söylədiyi ittihamlarla bağlı açıqlama yayıb. Eldar Sabiroğlu açıqlamasında qeyd edib ki, Süleyman Məmmədlini bir valideyn kimi başa düşür. Altay Məmmədovun hərbi hissədə incidilməsi ilə bağlı atanın müraciətlərini araşdırıb və ona məlum olub ki, vəziyyət heç də valideynin dediyi kimi deyil:

«O, əsgər yoldaşının bədəninə yanar siqaret kötüyünü basan oğlunu pis yoldan çəkindirmək əvəzinə hədə-qorxulara üstünlük verirdi. İndi artıq prokurorluq Altay Məmmədov barədə cinayət işi qaldırıb və bunun nəylə nəticələnəcəyini də istintaq göstərəcək».

Eldar Sabiroğlu açıqlamasına belə yekun vurub:

«Hərbi xidmət müddəti başa çatdığı üçün ordudan tərxis edilmiş və hazırda həbsdə olan Altay Məmmədovun və digər üç əsgərin istintaqı Bərdədə yerləşən Qarabağ hərbi prokurorluğunda aparılır».
XS
SM
MD
LG