Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:35

Azərbaycandakı hakimiyyətlərin dialoq indeksi


Pənah Hüseyn deyir ki, hakimiyyətin biznes maraqları ilə idarə edilməsi cəmiyyət və aparıcı siyasi qüvvələrlə onun dialoqa getməsinə mane olur
Pənah Hüseyn deyir ki, hakimiyyətin biznes maraqları ilə idarə edilməsi cəmiyyət və aparıcı siyasi qüvvələrlə onun dialoqa getməsinə mane olur
«Dialoqa getməmək, alternativ qüvvələri tanımamaq, onlarla bərabər əsaslarla danışıqlar aparmamaq artıq hakimiyyətin rəsmi siyasətinə çevrilməkdədir».

«Xalq» Partiyasının sədri, millət vəkili Pənah Hüseyn belə deyir. O bildirir ki, ölkəyə gələn neft pulları artıq indiki hakimiyyəti çox arxayınlaşdırıb. Onun fikrincə, Azərbaycan tədricən Suriya tipli bir ölkəyə çevrilməkdədir. Hakimiyyət nəinki müxalifətlə hesablaşmır, üstəlik, onun varlığına şübhə edir.

«HAKİMİYYƏT BİZNES MARAQLARI İLƏ İDARƏ EDİLİR»

Pənah Hüseyn deyir ki, hakimiyyətin biznes maraqları ilə idarə edilməsi cəmiyyət və aparıcı siyasi qüvvələrlə onun dialoqa getməsinə mane olur. Millət vəkilinin fikrincə, Qarabağ münaqişəsinin həlli zamanı bu siyasət Azərbaycana çox baha başa gələcək. Çünki onda bütün məsuliyyəti onun özü çəkməli olacaq.

Ancaq Azərbaycanın yaxın tarixinə nəzər yetirəndə, hakimiyyət-müxalifət danışıqları ilə bağlı saysız-hesabsız görüşləri, anlaşmaları xatırlamamaq mümkün deyil. Pənah Hüseyn deyir ki, Azərbaycan cəmiyyətinə ilk dialoq elementləri Əbdürəhman Vəzirovun hakimiyyəti illərində gəldi. Baxmayaraq ki, bu, Moskvanın yenidənqurma siyasətinin təsiri altında baş verirdi.

KOMSOMOL VƏ YENİDƏNQURMA RUHLU VƏZİROV

Hər ay Ə.Vəzirov Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin üzvlərini qəbul edib məsləhətləşmələr aparardı. Sonradan Ayaz Mütəllibovun hakimiyyəti dövründə də müxalifətlə dialoqlar davam etdirildi. Pənah Hüseyn deyir ki, 1992-ci ildə parlamentin buraxılaraq, Milli Şuranın yaranması da bu dialoqun nəticəsi idi:

- Ancaq şəxsi keyfiyyətləri nəzərə alsaq, köhnə komsomol və yenidənqurma ruhunda köklənmiş Vəzirov dialoqa daha meyilli idi.

MÜXALİFƏTƏ KOALİSYON HÖKUMƏT TƏKLİF EDƏN MÜTƏLLİBOV

Mütəllibovun hakimiyyəti illərini isə siyasi təhlilçilər iki dövrə ayırır. Avqust çevrilişinə qədərki və ondan sonrakı dövrə. Moskvadakı avqust çevrilişindən sonra müstəqilliyini qazanan Azərbaycanda prezident Ayaz Mütəllibov bir-birinin ardınca müxalifət funksionerlərini vəzifələrə çəkməyə başladı. Baxmayaraq ki, elə 1991-ci ilin avqustun 23-də AXC qərərgahına basqın olmuşdu və hərəkat liderlərinin, o cümlədən Əbülfəz Elçibəyin dəyənək zərbələrindən başı yarılmışdı. Az sonra müxalifətə əvvəlcə 3 icra başçısı kürsüsü, sonra isə eyni sayda nazir portfeli verdi. Ayaz Mütəllibov hakimiyyətin son günlərində isə hətta müxalifətə birgə koalisiya təklif etdi. Hazırda Rusiyada mühacirət həyatı yaşayan Ayaz Mütəllibov deyir ki, əgər o vaxt müxalifət onun koalisiya təklifini qəbul etsəydi, Azərbaycanda bu qədər fəlakətlər baş verməzdi:

- Ancaq onların məqsədi nəyin bahasına olursa-olsun Mütəllibovu devirib hakimiyyətə gəlmək idi.

QİYAMLA DEVRİLƏN ƏBÜLFƏZ ELÇİBƏY HAKİMİYYƏTİ

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, əslində, Əbülfəz Elçibəy hakimiyyəti cəmiyyətlə dialoqa getmək baxımından hətta öz sələflərindən də geridə qalırdı. Onun fikrincə, keçmiş dövlət katibi Pənah Hüseynin televiziya çıxışlarının birində «bizi hətta 5 faiz əhali də müdafiə etsə hakimiyyətdə qalacağıq» deməsi bu hakimiyyətin xalqdan tədricən uzaq düşdüyünü göstərirdi. Baxmayaraq ki, mərhum prezident Əbülfəz Elçibəy Kələkidə olarkən müsahibələrinin birində Heydər Əliyevi Bakıya dəvət etməsini məhz onun dialoq istəyi ilə izah etmişdi. Əbülfəz Elçibəyin deməsinə görə, o, Vəzirovla Mütəllibovu da Bakıya dəvət etmək düşüncəsində idi. Zərdüşt Əlizadə deyir ki, prezident Heydər Əliyev isə hakimiyyətinin ilk illərində dialoq görüntüsü yaratsa da vətəndaş cəmiyyəti ilə heç bir təmasda maraqlı deyildi:

XANIŞ KİŞİYLƏ DİALOQ…

- Bəzən isə Xanış kişi kimi adamları tapıb onlarla məsləhətləşmə aparırdı. Bu da onun texnalogiyası idi. İlham Əliyevlə müxalifətin dialoqu isə mümkün deyil. Çünki onları daş dövrünün adamları adlandırır…

«Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə hazırda müxalifətlə dialoqa heç bir ehtiyac görmür:

- Dialoq eyni güclü qüvvələr arasında aparıla bilər. Əks halda bu baş tutmayacaq.

Bəxtiyar Sadıqov düşünür ki, hakimiyyət təklikdə də problemləri həll etmək və ölkəni inkişaf etdirmək gücündədir.
XS
SM
MD
LG