Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:50

«Televiziyalarda fikir müxtəlifliyi 1998-ci ilə qədər mövcud olub»


Media üzrə ekspert Zeynal Məmmədli
Media üzrə ekspert Zeynal Məmmədli
Taksi sürücüsü Ağabala Məmmədov parlamentdəki büdcə müzakirələri zamanı səslənən tənqidi fikirləri, gənc bloqqerlərin həbsi barədə məlumatları yalnız qəzetlərdən oxuduğunu deyir. Onun sözlərinə görə, hakimiyyətin siyasətini tənqid edən çıxışların televiziyalarda yayımlanması artıq çoxdan yoxa çıxıb.

«Hətta tənqidi çıxışlarına görə, artıq deputat Pənah Hüseyni indi heç Allahın televiziyalarında da göstərmirlər».

Ağabala Məmmədov deyir ki, istəsələr tənqidi fikirləri verərlər, yəqin ki, istəmirlər.

«TELEVİZİYALARDA HAKİMİYYƏTİ TƏNQİD EDƏN ÇIXIŞLARIN VERİLMƏMƏSİ TENDENSİYASI VAR»

«Media forum» saytının parlament müxbiri İmdad Əliyev deyir ki, o, parlamentdən verdiyi xəbərlərin az bir qismini televiziyalarda görüb, eşidə bilir. Onun sözlərinə görə, qəzetlər, internet xəbər portalları hər bir detalı ayrıca xəbər kimi verdikləri halda, televiziyalar adətən parlamentdəki çıxışları ümumiləşdirilmiş formada verirlər.

«Söhbət ondan gedir ki, biz internet KİV olaraq parlamentdə olan hər bir çıxışı ayrıca xəbər kimi veririk. Cari məsələlərdə çıxış edən deputatdan az qala yeddisinin çıxışını, qaldırdığı məsələni ayrı-ayrılıqda xəbər kimi vermək olur».

İmdad Əliyevə görə əslində qəzetləri, interneti oxumadan parlamentə nə baş verdiyini, kimin tənqidi çıxış etdiyini, kimin hökuməti korrupsiyada günahlandırmasını, bilmək olmaz. Televiziyalar ancaq rəsmi çıxışları, tənqid olmayan çıxışları verirlər.

İmdad Əliyev deyir ki, əlində konkret fakt olmadığı üçün tənqidi məlumatların televiziyalarda verilməməsinin nə ilə bağlı olduğu deməyə çətinlik çəkir. Jurnalistə görə, sadəcə Azərbaycanda hakimiyyəti tənqid edən çıxışların televiziyalarda verilməməsi tendensiyası var.

ETİK ÇƏRÇİVƏ, YOXSA BALANSLI İNFORMASİYA VERMƏK MEYLİNDƏN QAÇMA

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin əməkdaşı Vüqar Əliyev isə hesab edir ki, deyilənləri bütün televiziyalara şamil etmək düzgün deyil. Onun sözlərinə görə, İctimai Televiziya parlamentdəki müsbət çıxışlarla yanaşı, tənqidi çıxışlara da yer verir. Bundan başqa bir sıra verilişlərdə müxalifət nümayəndələri də iştirak edib öz fikirlərini səsləndirilər.

«Əgər mətbuat qərəzli fikirlərin yayılmasından, iğtişaşlara səbəb ola biləcək fikirlərin efirdə verilməsindən yayınırlarsa bu onların etik çərçivələrə riayət etmələrinin təzahürüdür».

Millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə deyir ki, deputat həmkarlarının bəziləri çıxışlarının efirdə verilməməsindən və ya çox qısa verilməsindən şikayətlənirlər. Amma o, bu iradları qəbul eləmir.

«Mən hesab edirəm ki, bütün çıxışların hamısını vermək jurnalistika baxımından düzgün deyil. Çünki hərə öz yazacağı yazıya uyğun səs, çıxış verir. Bəzi ölkələrdə parlament kanalları var çıxışların hamısını başdan-ayağa verir, amma biz hələ o səviyyəyə çatmamışıq. Bundan başqa parlamentdə də əvvəlki kimi gərgin iş getmir ki, bütün günü kanalı parlament xəbərləri ilə doldurasan».

TELEVİZİYALARA SİYASİ VƏ İNZİBATİ MÜDAXİLƏ

Media üzrə ekspert Zeynal Məmmədlinin fikrincə isə bütün məsələlərin kökündə xəbər mencmentlərinin müstəqil olmaması durur. Üstəlik onların işinə siyasi və inzibati müdaxilə var.

«Bu bir səbəbdir özü də əsas səbəbdir. Digər səbəb də qeyri-peşəkarlıqdadır. Belə ki, onlar özləri özlərinin maliyyələşdirmirlər, tamaşaçılardan asılı deyillər, yəni sərbəst bazardan qazanmırlar və reklamın özündə də bir inhisar var».

Zeynal Məmmədliyə görə, bu baxımdan da televiziyalar informasiya qaynaqlarını çoxaltmaq əvəzinə bir rəsmi mənbəyə əsaslanmaqla özlərini çərçivəyə salmış olurlar. Ekspert bunu olduqca yarıtmaz fəaliyyət hesab edir. Zeynal Məmmədliyə görə, əslində normal ölkələrin televiziyalarında belə xəbər komandasını saxlamazlar. Onun fikrincə, əslində televiziyalarda fikir müxtəlifliyi 1998-ci ilə qədər mövcud olub.

«1998-ci ildən sonra Azərbaycan televiziyalarında plüralizm matah mala çevrilib».
XS
SM
MD
LG