Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

«Yaxşısı budur jurnalistlərə ağac əkdirsinlər»


Elçin Şıxlı
«Bəziləri belə düşünür ki, Azərbaycan cəmiyyəti diffamasiya haqqında qanunun qəbul edilməsinə hələ hazır deyil. Bunun nə qədər doğru olub-olmadığını heç kim sübut edə bilməz. Heç əhali arasında sorğu da keçirilməyib ki, diffamasiya haqqında qanun qəbul edilsin ya edilməsin. Bir zamanlar ölüm hökmünün ləğv edilməsi ilə bağlı da müzakirələr getdi. O zaman da söyləyirdilər ki, ölüm hökmü ləğv edilsə, Azərbaycanda cinayətlərin, qətllərin sayı çox artacaq. Amma bu qanun qəbul edildi və cinayətlərin sayı artmadı. Hər halda cəmiyyətin nəyəsə hazır olub-olmadığını onun boynuna qoymağa heç bir ehtiyac yoxdur. Mən diffamasiya haqqında qanunun qəbul edilməsinə tərəfdaram. Şərəf və ləyaqətin alçaldılması, böhtan kimi işlərə görə jurnalistləri cinayət məsuliyyətinə cəlb edərək onları peşəkar canilərin arasına atmaq düzgün deyil. Diffamasiya haqında qanun Cinayət Məcəlləsindən çıxarılıb mülki qaydada işlənməlidir. Müxtəlif cür üsullar ola bilər. Cərimə edirsən, adamın, redaksiyanın pulu yoxdursa, onları ictimai işə cəlb edirsən – qoy, qocalar evlərinə, internatlara kömək etsinlər, ağac əksinlər, park salsınlar...»

Bunu «İşdən sonra» verilişində Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

Milli Məclisin orqanı «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə düşünür ki, diffamasiya haqqında qanunun indiki halda qəbulu çox tezdir:

«Əvvəlcə biz cəmiyyəti, cəmiyyətdən öncə jurnalistlərimizi hazırlamalıyıq. Biz reket jurnalistikası ilə mübarizə apardıq və nəhayət, qınağın bir forması tapmışıq – «qara siyahı»... Bizdə qəzetlər, jurnalistlər var ki, məqsədli şəkildə öz maddi maraqlarını təmin etməyənə qədər insanların şərəf və ləyaqətini təhqir edirlər. Mən belə hesab edirəm ki, ilk növbədə biz öz sıralarımızı təmizləməliyik».

B.Sadıqov deyir ki, Cinayət Məcəlləsindəki diffamasiya ilə bağlı maddə heç istifadə də olunmur, şərəf və ləyaqətin təhqirinə görə Azərbaycanda jurnalistlər həbs olunmurlar:

Bəxtiyar Sadıqov
«Hansısa jurnalist həbs olunursa, burada biz məqama baxırıq. O, reket jurnalistdirsə, açıq bəyan edirik ki, biz onu jurnalist kimi qəbul etmirik. Qənimət Zahidlə Mirzə Sakitsə jurnalistika fəaliyyətinə görə həbs olunmayıblar, amma bu halda da Mətbuat Şurası jurnalistlərin qayğısına qalıb. Jurnalistika peşəkarlaşsa, reket fəaliyyətindən azad olsa, onda heç diffamasiya haqqında qanunun qəbuluna ehtiyac qalmır».

E.Şıxlı həmkarı ilə razılaşır: «Düz deyir, məhbəsdə olan jurnalistlərimizin heç biri diffamasiya ilə bağlı həbs olunmayıblar. Biri narkoman, o birisi xuliqan, üçüncüsü terrorçu, dördüncüsü rüşvətxor olub. Amma bilirik ki, bu, heç də belə deyil. Biz bilirik ki, kimi nəyə görə həbs edirlər».

Hökumətyönlü «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev isə düşünür ki, Azərbaycan jurnalisti diffamasiya haqqında qanuna hələ hazır deyil:

«Azərbaycanda jurnalist vəsiqəsi gəzdirən 30 min adam var. Gəlin, Cinayət Məcəlləsindən müvafiq bəndi çıxarmaqla 30 min adamı cinayət məsuliyyətindən azad edək. Bu, 8 milyonun hüquqlarının tapdanması demək deyilmi? Biz jurnalist məsuliyyətini artıra bilsək, jurnalistikamızı bu qanunlara hazırlaya bilsək, bəli, buyurun, gəlin qəbul edək. Amma mən əminəm ki, bu gün Azərbaycan jurnalisti buna hazır deyil. Həqiqətən də, bu gün diffamasiya ilə bağlı heç bir jurnalist tutulmayıb. Əgər bu gün diffamasiya haqqında qanun yoxdursa, diffamasiya ilə bağlı heç kim həbs olunmursa, biz neyləyirik o qanunu?..»

«Qəzetinizdə bir müddət müxalifət liderləri və onların ailə üzvləri haqqında kollajlar da dərc olunurdu. Sizin qəzetdən həmin kollajlara görə həbs olunanlar olubmu» sualına B.Quliyevin cavabı belə oldu:

«Biz məhkəmədə sübut etmişik ki, bu, şərəf və ləyaqətin tapdalanması deyil, sadəcə, tənqiddir. Heç vaxt bizim qəzetimiz hansısa bir müxalifət liderinin xanımı və ailəsi haqqında pis şey yaza bilməz və yazmaz. «Səs» qəzeti heç vaxt belə səviyyəsiz mübarizə üsulu seçə bilməz...Haqlı tənqid eləmişik».

Şərhləri göstər

XS
SM
MD
LG