Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:21

Vəkillər Kollegiyasının sədri vəkili məhkəməyə verib…


vəkil Həzi Məmmədov
vəkil Həzi Məmmədov
Vəkillər Kollegiyasının sədri Azər Tağıyev, vəkil Həzi Məmmədovu məhkəməyə verib. Azər Tağıyev Həzi Məmmədovun Kollegiya üzvlüyündən xaric edilməsini istəyir. Yeri gəlmişkən Həzi Məmmədov kollegiyanın intizam komissiyasının sədri olub. Noyabrın 4-ü Vəkillər Kollegiyasının səlahiyyət müddətinin başa çatdığını nəzərə alan vəkil vəzifəsindən könüllü istefa verib. İndi Həzi Məmmədovun fikrincə, Azər Tağıyev ona qarşı qərəzli mövqe tutub və buna səbəb prezidentə yazdığı müraciətlərdir:

AZƏRBAYCANIN VƏKİLLƏR ORDUSU BAŞSIZDIR

«Müraciət eləmişəm ki, Azər Tağıyevin səlahiyyət müddəti başa çatıb. Xahiş edirəm səlahiyyətli adamlara tapşırıq verəsiniz ki, ümumi iclas çağırıb vəkillər ordusuna sədr seçsinlər. 99-cu ildə «Vəkillər və Vəkillik Fəaliyyəti haqqında» qanunda göstərilir ki, Rəyasət Heyətinin sədri iki dəfədən artıq seçilə bilməz. Eyni zamanda orda bir əlavə var ki, bu qanun hazırkı sədrə də şamil olunur. Beləliklə, Azər Tağıyev dördüncü dəfə sədr seçilə bilməz. Həmin qanuna görə, səlahiyyət müddəti bitən kimi dərhal ümumi iclas çağırılmalı idi. O isə çağırmır, özbaşına olaraq onu təxirə salır. Ona görə ki, ümumi iclasdan qorxur”.

AZƏR TAĞIYEVDƏN ƏVVƏLLƏR DƏ YAZMIŞAM

Həzi Məmmədov deyir ki, bu il noyabrın 5-də prezidentə etdiyi müraciət birinci deyil. O, prezidentə Azər Tağıyevdən ilk şikayətini hələ bir il əvvəl yazıbmış:
«7 noyabr 2008-ci ildə müraciət etmişəm. Müraciətim ondan ibarət olub ki, 11 mart 2005-ci ildə İlham Əliyev vəkillik fəaliyyəti haqqında sərəncam verib. Orda Vəkillər Kollegiyasının binayla təmin olunması, təyinatla işə çıxan vəkillərin əmək haqlarının artırılması və sair məsələlər var ki, 5 ildir yerinə yetirilmir. Mən də müraciət eləmişəm ki, sizin sərəncamınız yerinə yetirilmir. Bu barədə tədbir görün».

Vəkil deyir ki, Azər Tağıyev onu hələ prezidentə yazdığı ilk məktubundan sonra qaralayıb. Bu il oktyabrın 22-də İntizam Komissiyası Həzi Məmmədovun məsələsinin Rəyasət Heyətinin iclasına çıxarılaraq müzakirə edilməsi barədə rəy verib. Vəkilsə rəyi qanunsuz hesab edərək İntizam Komissiyasının bu hərəkətindən Nəsimi rayon Məhkəməsinə şikayət edib. Həzi Məmmədov deyir ki, onun prezidentə müraciət etməsinin müzakirəsi nə rəyasət heyətinin, nə də intizam komissiyasının səlahiyyətinə daxil deyil. İntizam Komissiyası vəkili yalnız fəaliyyətindəki qanunsuzluqla bağlı cəzalandıra bilər.

Həzi Məmmədovun Nəsimi rayon Məhkəməsində qaldırdığı daha bir iddia isə işdə olmadığı müddətdə Rəyasət Heyətinin onun fəaliyyətinin dayandırılması barədə qərar çıxarması ilə bağlıdır. Üstəlik səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət də edilib. Vəkil deyir ki, Əmək Məcəlləsinə görə, işçinin üzrlü səbəbdən işdə olmadığı müddətdə barəsində hər hansı cəza qərarı çıxarılması yolverilməzdir. İndi Həzi Məmmədov həmin qərarın ləğv edilməsini tələb edir. Vəkilin bu iddialarına məhkəmədə hələlik baxılmayıb.

VƏKİLLƏR KOLLEGİYASINI MƏHKƏMƏYƏ VERƏN VƏKİL ÖZÜ HAKİM QARŞISINDADIR

Noyabrın 16-da isə Vəkillər Kollegiyası rəyasət heyətinin Həzi Məmmədovun səlahiyyətlərinə xitam verilməsi iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Həzi Məmmədov məhkəmədə vəsatət qaldırıb ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin səlahiyyət müddəti başa çatdığından onun məhkəmədə hər hansı iddia qaldırmaq hüququ da yoxdur. Hakimsə vəsatəti təmin etməyib. Qərarını belə əsaslandırıb ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti yeni seçki keçirilənədək öz səlahiyyətlərinin müddətini uzadıb. Buna görə də onun məhkəmədə qaldırdığı iddia qüvvədə qalır. Belə olan vəziyyətdə Həzi Məmmədov məhkəmədə ikinci vəsatət qaldırıb. Bu dəfə o, bildirib ki, Nəsimi rayon Məhkəməsində Vəkillər Kollegiyasına qarşı qaldırdığı iddialara baxılmayanadək Vəkillər Kollegiyasının hazırda ona qarşı qaldırdığı iddiaya baxıla bilməz. Bu dəfə hakim vəsatəti təmin edib. Eyni zamanda Həzi Məmmədova Nəsimi rayon Məhkəməsində qaldırdığı iddiaların icraata qəbul olunub-olunmamasına dair növbəti məhkəmə iclasına rəsmi sənəd təqdim etməsini tapşırıb. Hazırlıq iclası noyabrın 19-da davam edəcək.

VƏKİLLƏR KOLLEGİYASI SUSUR

Kollegiyanın sədr müavini Fərhad Nəcəfov vəkil Həzi Məmmədovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə əlavə şərh vermək istəmədi. O, bildirdi ki, Kollegiya rəhbərliyi danışmaq istəmir və Kollegiya rəhbərliyinin mövqeyini bilmək istəyən jurnalist məhkəməni izləsin. Vəssalam.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev isə deyir ki,

VƏKİLLƏR KOLLEGİYASI QAPALI QURUMA ÇEVRİLİB

Onun fikrincə, bu qurum hamının üzünə bağlıdır. Kollegiyanın səlahiyyətlərinin uzadılması da daxil olmaqla qəbul etdiyi bütün qərarları ictimaiyyətdən gizlədilir:

«Vəkillər Kollegiyasının rəhbərliyi bu qurumu qapalı bir qurum kimi görməkdə maraqlıdır. Çünki qapalı qurumu bu cür idarə eləmək olar. Bu qurum jurnalistlərə, cəmiyyətə açıq olsa, jurnalistlərin orda baş verən proseslər barədə məlumatı çox olsa onu bu cür idarə eləmək çox çətin olacaq. Ona görə də Vəkillər Kollegiyasının rəhbərliyi cəmiyyətdən, jurnalistlərdən qaçır. Bu həmin qurumun idarəçiliyində avtoritar idarəçiliyin olması ilə bağlıdır».
Hüquqşünas deyir ki, Vəkillər Kollegiyası nəinki ictimaiyyətin, hətta Kollegiyanın üzvlərinin belə üzünə bağlıdır.
XS
SM
MD
LG