Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:12

Sumqayıt lövhələri


«Blacksmith Institute» Xeyriyyə Fondunun hesabatında Sumqayıt dünyanın çirklənmiş şəhərləri sırasında yer almışdı

«Blacksmith Institute» Xeyriyyə Fondunun hesabatında Sumqayıt dünyanın çirklənmiş şəhərləri sırasında yer almışdı

Bakı avtovağzalında Sumqayıta gedən avtobus gələn kimi adamlar içəri doluşdu. Avtobus dolsa da 14-15 yaşlı yeniyetmə yoldan keçənləri çağırmaqda davam edirdi.

Avtobus yola düşhadüşdə içində təmir-tikinti üçün istifadə olunan ağzıaçıq çantalarla iki gənc avtobusa daxil oldu. Sumqayıtın avtobus vağzalına qədər ayaq üstə dayandılar. Yuxusuzluqdan, dünənki işin ağırlığından danışırdılar. Biri o birinə deyirdi ki, gəl bundan sonra Sumqayıtdakı «qul bazarı»na gedək. O biri isə deyirdi ki, çətin də olsa yenə Bakıdakı «qul bazarı»ndan iş tapmaq olur.

SUMQAYITLI MÜƏLLİMLƏR QUL BAZARINA

Sumqayıt avtovağzalına çatanda isə bu gənclərdən – Elnurla Mahirdən öyrəndim ki, ikisi də ali təhsilli müəllimdir. Bakıdakı «qul bazarı»nda günəmuzd işləyirlər. Elnur deyir ki, iş çox olanda axşama qalırlar. Ona görə də Sumqayıta gələ bilmirlər, evlərinə səhər qayıdılar. Dünən də belə olub. «O demək deyil ki, bu gün evdə istirahət edəcəyik. Bu gün də Sumqayıtdakı «qul bazarı»na gedəcəyik» – deyir Elnur. Belə olmasa xərclərini çıxara bilmir:

«İş düşəndə işləyirik, düşməyəndə çıxıb gedirik. Kirayədə yaşayıram, ev üçün 100 manat verirəm. Mən yemək də yeməliyəm, yol pulu da verməliyəm, rayona da pul göndərməliyəm. Bu qədər işləyirəm, ancaq çatdıra bilmirəm».

60 yaşlı gənclər şəhərinin ixtisasca müəllim, özü fəhlə olan bu iki gənciylə Sumqayıtdakı «qul bazarı»na gedirəm.

«HARADADIR 0 600 MİNDƏN ARTIQ İŞ YERİ?»

Sumqayıtın işsizlərinin bir qrupu 18-ci mikrorayondakı «qul bazarı»na yığışır. Elnurla Mahir də onların sırasına qoşulur. Bura yığışanlar deyir ki, daş boşaltmaqdan, bağ belləməkdən tutmuş bənnalığa, santexnikliyə qədər çox iş görə bilirlər. Ancaq hər gün iş olmur. Onlardan biri - Kamil deyir ki, qardaşları da işsizdir. İşsizlikdən baş götürüb ölkədən gediblər. Deyir ki, mən də ölkədə 600 mindən artıq iş yerinin açılması haqqında deyilənləri eşidirəm, ancaq inanmıram:

«Prezident camaatın gözündən pərdə asır. Bu sözlərə mən inanmıram. Necə iş var ki, bu qədər adam bura yığışır. Gəlib bunlara baxmaq lazımdır...»

Başqa iş axtaranların da dərdi təzələnir:

- 15 ildir iş axtarıram, küçələrdəyəm.
- Bir gün iş tapırsan, bir gün yox.
- Hər gün gəlirəm bura. Bir həftədir 1 qəpik də qazanmıram.
- Deyirlər Azərbaycanda işçi qüvvəsi çatmır. Bunlar hamısı işçi deyil, bəs nədir?

Sumqayıt avtovağzalı
Bu ilin iyul ayının 1-nə olan məlumata görə, Sumqayıtda 13494 iş axtaran qeydiyyata alınıb. Bu, ötən illə müqayisədə 4629 nəfər azdır. Bu məlumatı Sumqayıtın İcra Hakimiyyətinin Şəhər Məşğulluq Mərkəzinin direktoru Şəfa Əliyeva verib. Məşğulluq Mərkəzinin direktoru onu da deyir ki, bu ilin yanvar-iyul aylarında əmək yarmarkasına müraciət edən 561 şəhər sakinindən 385 nəfəri müvəqqəti işlə təmin edilib. Ancaq «qul bazarı»nda iş axtaran Arif Hümbətov əmək yarmarkasında iş axtarmaq sevdasına inanmır. Çünki bir neçə dəfə yarmarkaya müraciət edib, nəticəsi olmayıb:

«Neçə dəfə getmişəm. Ad-familiyanı götürüb deyirlər çağıracağıq. O çağırandırlar, hələ də ortada bir şey yoxdur. Hamısı boş şeydir».

1949-cu ildə əsası qoyulan, bu il 60 yaşını qeyd edən Sumqayıta 60-70-ci illərdə işləmək üçün respublikanın müxtəlif yerlərindən işçi qüvvəsi gəlirdi. Gənclik şəhəri, kimyaçılar şəhəri kimi tanınan Sumqayıtın SSRİ-də məşhur fabrik zavodları qapılarını işsizlərin üzünə açmışdı. İndi isə vaxtilə həmin fabrik-zavodlarda işləmiş adamları «qul bazarları»nda görmək olur. Sumqayıtın Məşğulluq İdarəsi isə iş axtaranlara əmək yarmarkalarına müraciət etməyi tövsiyə edir. Sumqayıtda keçirilən növbəti əmək yarmarkasına mən də getdim.

SUMQAYITIN 60 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏMƏK YARMARKASI

Yarmarka Sumqayıtdakı Paralimpiya Kompleksində keçirilirdi. Kompleksin düz ortasına «Sumqayıt-60» yazılmış böyük lövhə vurulmuşdu. Yarmarkanı keçirənlər deyir ki, Sumqayıtda fəaliyyət göstərən 288 idarə və müəssisə 2651 boş iş yeri təqdim edir. Onlardan 1452-si özəl sektorun payına düşür. Bundan başqa, Bakının Yasamal, Binəqədi rayonları, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı və Abşeronun məşğulluq mərkəzləri də 700-dən artıq iş yeri təklif edirdi. İş axtaranlar da çox idi. Ancaq maraqlandıqları iş yerləri haqqında məlumat alandan sonra çox narazı görünürdülər:

«BU MAAŞA HANSI DƏLİ İŞLƏYƏR?»

- İş olmağına var, ancaq əməkhaqqı 30-60 manatdır. Bu maaşa hansı dəli işləyər?
- Özümə uyğun iş axtarırdım. Maaş 57 manat çıxdı. O da şəhərin içində yox, kənarda.
- Birincisi mən burdan kiminsə özünə iş tapmasına inanmıram. Burda təklif olunan maaşla kim özünü, ailəsini saxlaya bilər?
- 50-60 manat maaş olar? Bu nağıldır.
- Mən qızıma iş axtarırdım, 100 manat çıxdı, yenə pis deyil.
- Mən doğrusu ümidlə gəlmişdim. Fikirləşirdim ki, heç olmasa 150 manat maaş olsa, yaxşı olar. Bayaqdan nə qədər baxıram, eləsini görmürəm.

GÜNÜN GÜNORTA VAXTI SUMQAYITIN PARKLARI ADAMLA QAYNAYIR

Son vaxtlar Sumqayıtda da təzə parklar salınır. Son salınan park Heydər Əliyevin adını daşıyır. Əmək yarmarkasından çıxıb şəhərin parklarından birinə - Nizami parkına gedirəm. Günorta olsa da park adamlara qaynayırdı. Ən çox gözə dəyən isə gənclər idi. Əsasən məktəbi yeni qurtaranlar, ordudan təzə gələnlərdir. Onlar da işsizlikdən istirahət etdiklərini deyirlər.

Nizami parkı
«Məktəbi qurtarandan sonra boş-bekar gəzirik. İş axtarmışıq, tapmamışıq. Ona görə əlimiz cibimizdə gəzirik. O çayxana sənin, bu çayxana mənim».

Bunu 18 yaşlı Əmrahla Tofiq deyir. Əsgərliyə gedəcəkləri günü səbirsizliklə gözləyirlər. Deyirlər, heç olmasa, onda bilərik ki, vaxtımızı nəyəsə sərf edirik.

Vaqif isə ordudan təzə gəlib:

«Əsgərlikdən təzə gəlmişəm. İş üçün çox yerə müraciət etmişəm. Hələ tapa bilmirəm».

Sumqayıtda vaxtilə çoxlarının iş tapıb özünü, ailəsini, hətta qohum-əqrəbasını dolandıra bildiyi iş yerləri ərazisinin – sənaye zonasının bu günündən bir az sonra danışacağam. İndi isə 70-ci illərdə Sumqayıta ilk gələn gənclərdən olmuş Bəhruz Həsənzadənin şəhərlə bağlı fikirlərini eşidək:

«Sumqayıta 1974-cü ildə gəlmişəm. Həmin vaxt bu şəhəri belə xatırlayıram – çox çirkli şəhər idi. Səhərlər hava duman olurdu. Amma indi belə şey yoxdur. Zavodlar işləmir, artıq o vaxt buraxılan məhsulları buraxmırlar. Onda başqa cür idi. Yadıma gəlir, o vaxtlar zavodlarda minlərlə, on minlərlə fəhlələr işləyirdi. Bu gün həmin fəhlələr Bakı-Sumqayıt marşrutu ilə Bakıya işləmək üçün səhər gedir, axşam qayıdırlar».

60 YAŞLI SUMQAYIT

1946-cı ildə bünövrəsi qoyulan Sumqayıt Boru-Prokat Zavodunun bir neçə sexi, sonra isə Sintetik Kauçuk və Alüminium zavodlarının yardımçı sexləri istifadəyə verilib. Bu illərdə köhnə Sumqayıt qəsəbəsi inkişaf edirdi. 1949-cu il noyabrın 21-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Sumqayıt şəhər statusu alır. Kimya Sənaye, Üzvi-Sintez istehsalat birlikləri, alüminium, sintetik-kauçuk zavodlarının işə düşməsi ilə Sumqayıt Sovet İttifaqında ən iri sənaye mərkəzinə çevrilirdi. Taksi sürücüsündən həmin zavodların yerləşdiyi sənaye zonası adlanan əraziyə neçəyə apardığını soruşanda üz-gözünü turşudub «yollar çox pisdir» dedi. Taksi yola çıxanda özüm də bunu gördüm.

Ərazidə sökülmüş zavodlar, tüstüsü gəlməyən borular, sıradan çıxmış avadanlıqları görmək olur. Bir az da içərilərə gedəndə isə bir-birinə sığınmış yastı-yapalaq evləri görürsən. Dərə-təpə, palçıq yolları, paslanmış qapıları olan evə bənzəyən daxmaların ucu-bucağı görünmür. Ərazi haqqında burda yaşayan Amildən soruşuram.

- Bura nə adlanır?

- Gecəqondu. «Naxalstroy». Yəni «naxalnı» girənlərin yeri.

Amil deyir ki, burda yaşayan camaat palçıq olmasın deyə yolu düzəltməyə çalışır, yaxşı düzəldilmədiyindən yağış yağan kimi əvvəlki vəziyyətinə düşür:

«Biz bura 3-4 il olar ki, köçmüşük. Hər gün evin harasınısa düzəldirəm. Bir az yağış, su olan kimi yuyub aparır.
Sumqayıt vaxtilə Sovet İttifaqında iri sənaye mərkəzi idi
Kanalizasiya da yoxdur. Onu da özümüz birtəhər düzəltmişik».

XLOR SATAN SƏFİYYƏNİN EVİ VƏ DOLANIŞIĞI

Bu ərazidə xlor istehsal edən sex hələ də işləyir. Buranın camaatının çoxu həmin sexdən xlor alıb səhər tezdən xlor dolu qabları xüsusi avtobusa yükləyib Bakıya satmağa aparır. Amildən aralanıb burdakı qapılardan birini döyürəm.

Qapını ev sahibəsi açır. Adı Səfiyyədir. O da çoxları kimi ailəsini xlor satmaqla dolandırır. 5-6 kvadratmetr sahəsi olan bir otaqları var. Bu onun ailəsinin həm yataq, həm qonaq otağı, həm də mətbəxidir:

- Kimyəvi maddədir, insan üçün çox zərərlidir. Zərərini hiss edirəm. Vallah, əziyyətinə dəyməz. Hər şeyin qiyməti qalxandan sonra heç bunu satmağına dəymir. Ancaq yenə çörəkpuludur.

Səfiyə deyir ki, başqa işi olmadığından, həm də bu işə öyrəşdiyindən özünün və qızının dolanışığını xlor satmaqla çıxardır.

Taksi sürücüsü mənə əvvəlcədən demişdi ki, burda havanın ağırlığını hiss edəcəksən. Havadan yağ qarışmış qəribə iy gəlirdi. Burda yaşayanlar deyir ki, burda hava günorta dəhşətli olur. Nəfəs almaq olmur:

- Günorta heç nəfəs almaq olmur. Havanın necə zəhərli olduğunu hiss edirsən.
- Ximkombinat, polimer zavodlarının işləyən sexləri var. Burda çox xəstəlik var.
- Bax, bu qadın hamilə olanda xlor satırdı. Uşağı yarımçıq doğuldu. Həkim deyirdi - xlordandır.
- Həm rütubətdir, həm də nəmişlik. Qış-yay xəstəlikdən əziyyət çəkirik.
- Hamımız xəstəyik. Burda da çarəsiz, kasıb olduğumuz üçün yaşayırıq.

SUMQAYIT DÜNYANIN ƏN ÇİRKLƏNMİŞ ŞƏHƏRLƏRİNDƏN BİRİDİR

Bir neçə il əvvəl Amerikanın «Blacksmith Institute» Xeyriyyə Fondu «Dünyanın ən çirklənmiş yerləri» adlı hesabatını açıqlamışdı. Hesabatda Sumqayıt dünyanın çirklənmiş şəhərləri sırasında yer almışdı. Hesabatda göstərilirdi ki, Sumqayıtda vaxtilə Sovet İttifaqının sənayesi və kənd təsərrüfatı üçün kimyəvi maddələrin əsas istehsalçıları olan 23 fabrik və zavod cəmləşib. Sovet dövrünün neftayırma sənayesi kimi bu kimya zavodları ətraf mühiti qorumaq sahəsində tədbirlər görməyiblər, yaxın ətraf əraziləri çirkləndiriblər. Hər il yüz minlərlə ton zəhərli tullantı ya atmosferə buraxılıb, ya da kiçik çaylarla Xəzərə axıdılıb. Çirkab suları və civə ilə çirklənmiş çöküntünün dənizə axıdılması ölü zonaların yaranmasına səbəb olub. Müasir texnologiyalar çatışmadığından şəhərin çirklənməsinə nəzarət edilmir.

XƏRÇƏNG XƏSTƏLƏRİNİN SAYI ARTIB

Arif İslamzadə
Elə həmin hesabatda deyilirdi ki, 2006-cı ildə aparılan araşdırmalara görə, ətraf mühitin intensiv çirklənməsi nəticəsində Sumqayıt sakinləri arasında xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı artıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hesabatda göstərilənləri köhnəlmiş statistik məlumatlar adlandırırdı. Yerli ekoloqlar isə deyirlər ki, hazırda canlılar üçün zərərli məhsullar istehsal edən müəssisələrin çoxu bağlansa da onların izi uzun illər qalacaq.

Arif İslamzadə uzun müddət Sumqayıt şəhər partiya komitəsində məsul vəzifələrdə çalışıb. Sənayenin inkişafı gözünün qabağında olub. İndi isə Sumqayıtda Ekoloji Reabilitasiya Mərkəzinin rəhbəridir. Deyir ki, Sumqayıtda sənaye obyektlərinin buraxdıqları məhsul həcminə görə çox fərqlənirdi. Boru yayma zavodu Qərbi Sibirin neft yataqları üçün istehsal edilən qazma borularının 70 faizini verirdi. Keçmiş İttifaqda istehsal olunan yuyucu tozların istehsalı üçün lazım olan xüsusi toksit məhsulunun 100 faizini, kaustik soda istehsalının 70 faizini Sumqayıtdakı müəssisələr təmin edirmiş:

«Mənfi cəhəti o idi ki, Sumqayıtda canlılar üçün təhlükəli olan toksit maddələr istehsalı yüksək idi. İnkişaf tempi artdıqca ekoloji problemlərə fikir verilmirdi. İlk məhsul-kaustik soda 1945-ci ildə buraxıldı, sutəmizləyici qurğular 1964-cü ildə tikilib. 20 il kompleksin tullantıları dənizə axıdılırdı. Sumqayıt 1990-cı illərdə xüsusi təhlükəli zona oldu. Uşaq ölümünün, xərçəng, vərəm, böyrək xəstəliklərinin çoxalması qeydə alındı. Xəstəliklərin artmasında başqa faktorlar olsa da sənayenin rolu böyük idi».

Ekoloqlar deyirlər ki, 1988-ci ildə onlarla aparıcı müəssisələr bağlansa da onların izləri qalır. Xüsusilə şəhərin kənar hissələrində. Üzvi Sintez, Superfosfat və başqa zavodların yerləşdiyi sənaye zonası adlanan ucsuz-bucaqsız ərazi doğrudan da ölü zonanı xatırladır. Sumqayıtdakı Xlor İstehsalı zavodunda 1958-ci ildən xlor qazı və kaustik soda istehsal edilib. 1981-ci ildə isə yeni xlor istehsalı kompleksinin açılması ilə əlaqədar köhnə xlor sexi işini dayandırıb. Həmin istehsalat işlədiyi müddətdə böyük həcmdə civə istifadə edib. Civənin müəyyən hissəsi çöküntünün tərkibində birləşmələr şəklində qalıb. Hazırda zavod ərazisində tərkibində civə tullantıları olan 6500 tona qədər çöküntü, 40 min tona qədər civə ilə çirklənmiş köhnə tullantılarla dolu ərazi qalmaqdadır. Mütəxəssislər zavodun ərazisindəki bu tullantıların qrunt sularına keçməsi, atmosferə yayılması və ya Xəzərə axması təhlükəsinin olduğunu deyirlər.

SƏNAYE ZONASINDA YAŞAYANLARDA ÇATIŞMAZLIQLAR VAR

Ekoloq Arif İslamzadə deyir ki, rəhbərlik etdiyi mərkəz Sumqayıtın sənaye zonasında yaşayanlarla Xızı rayonunda yaşayanlar arasında araşdırma aparıb. Məqsəd çirklənmiş və təmiz yerdə yaşayan ailələrin sağlamlıq vəziyyətini öyrənmək olub. Bunun üçün iki yeniyetmə seçiblər. Onların arasındakı fərq isə belə olub:

«Uşaqların ikisinin də 12 yaşı vardı. Xızıda olan uşağın boyu o birindən 3 sm. hündür idi. Burdakı sənaye zonasında yaşayan uşaqların 50 faizinin dişləri çürümüşdü. Gözləri zəif görür, onlara söz gec çatır. Bu vəziyyət həmin ərazilərdəki bütün canlılarda, hətta heyvanlarda da var. Məsələn, çanaqlı bağanın bir ayağı yox idi. Heyvanlar olmalı olduqları ölçüdən çox kiçikdir. Bu cür şərait heyvana təsir edirsə, mütləq insana da təsir edir».

Sumqayıtın qədim kəndi - Corat
Sumqayıtın qədim kəndi olan Coratda isə səni dəniz havası, qəribə kənd həyatı gözləyir. Əslində Corat Bakı kəndlərindəndir. Sumqayıt qurulandan sonra isə coğrafi baxımdan Sumqayıtın ərazisinə keçib. 16-cı əsrdə salınmış Corat dəniz sahilində yerləşir.

Bu kənddə də adamlar işsizlikdən əziyyət çəkir. Yeganə ümid yerləri dəniz, dənizdən tutduqları balığadır.

«Hamı dənizə bir parça çörək üçün gedir».

Bunu 70 yaşlı kənd sakini Əvəz deyir. Onun oğlanları da da işsizdir. Ona görə onlar da balıqçılıqla məşğul olurlar.

«Kişilər heç olmasa balıqçılıqla məşğul olur. Qadınlarınsa evdə oturmaqdan başqa çox vaxt əllərindən heç nə gəlmir». Bunu az qala gər gün iş axtarmağa gedən Səadət deyir.

Coratlıları narahat edən bir məsələ də var:

«Son vaxtlar deyirlər ki, dənizə yaxın evlər söküləcək. Bakı-Quba yolu dəniz kənarından keçəcək, ona görə burdakı evlər sökülməlidir».

Kənd sakini Aygün deyir ki, «evləriniz söküləcək» şayiəsindən sonra camaat əməlli-başlı təşvişə düşüb.

SUMQAYITDA DA BAZARLAR OD TUTUB YANIR

Bunu Sumqayıt sakinləri deyir. Son vaxtlar Sumqayıtda bazarların sayı artsa da qiymətlər ucuzlaşmır, bahalaşır.

Sumqayıt bazarında alver edənlər isə alıcıların azalmasında gileylənirlər:

«Camaatda pul yoxdur, ona görə də alverimiz zəifdir. Hamı bahaçılıqdan gileylənir. Biz özümüz də malı baha alırıq axı».

Alıcılarsa deyir ki, bahalıq olsa da Bakı bazarlarına baxanda Sumqayıtda nisbətən ucuzluqdur.

Sumqayıt sakinlərinin başqa bir narahatlığı isə yeni tikilən hündürmərtəbəli binalara bağlıdır. İndi Sumqayıtda da belə binaların sayı çoxalır. Həmin binalar Bakıdakı kimi çox olmasa da bu binalardan olan şikayətlər Bakıdakı şikayətlərə çox oxşayır:

«Bizim evin arxasında göydələn tikilir. Evimizin qabağında da uşaq bağçası var. Yazıq uşaqlar qorxudan bağçanın həyətinə çıxmağa da qorxurlar. 1000-ə qədər ağacı da bir gecənin içində qırdılar. Ətrafa o qədər beton töküblər ki, həyətdə gedə bilmirik».

6-cı mikrorayon sakini Adilə Əmirova deyir ki, şikayət edəndə isə onlara heç kim qulaq asmır:

«Sumqayıt Şəhər İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etsəm də hər dəfə rəhbərliyin sahələrdə olduğunu, şəhərin 60 illiyinə hazırlaşdığı cavabını aldım.
Sumqayıt Dövlət Dram Teatrı
Şəhərin mərkəzi küçələri, icra hakimiyyətinin qarşısında təmir işləri gedir».

SUMQAYITDAKI SİYASİ PARTİYALAR


Sumqayıtda şəhərin siyasi həyatıyla maraqlanmaq üçün bir neçə partiyanın qərargahına da baş çəkdim.

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər şöbəsi şəhərin mərkəzində yerləşir. Təmirli binadır. Binanın qarşısında Heydər Əliyevin büstü var. Burda müsahibə verməkdən imtina etdilər. Özünü təqdim etmək istəməyən partiya səlahiyyətlisi dedi ki, mətbuata danışmaq səlahiyyəti yoxdur. Daha kasıb görkəmdə olan Vətəndaş Həmrəyli, Müsavat və Milli İstiqlal partiyalarının qərargahlarının qapısı isə bağlıydı.

QIFILLI QAPILARDAN BİRİ İSƏ TƏZƏLİKCƏ AÇILIB

Bu qapının siyasətə heç bir dəxli yoxdur. Söhbət Sumqayıtdakı Dövlət Dram Teatrının binasından gedir. Sumqayıt sakinlərindən teatr binasının yerini soruşanda «deyəsən ora işləmir», «artistləri teatrdan qovublar» cavablarını eşitdim. Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmli deyir ki, teatr təzəlikcə fəaliyyətini bərpa edib:

«Binayla bağlı problem vardı. Şükürlər olsun ki, bu problem bu gün yoxdur. Teatr yenə işləyir. «Karıxmış sultan» tamaşasıyla bu günlərdə yeni mövsümün açılışını edəcəyik. İndi məlum olacaq ki, tamaşaçılar itirmişik, yoxsa yox».

8 ay əli işdən soyumuş artistlər yenidən səhnəyə çıxıb. «O olmasın, bu olsun»u hazırlayırlar. Tamaşaçı sarıdan nigaran olan rejissor deyir ki, əsas tamaşaçını teatra bir dəfə gətirmək lazımdır, sonra hər şey yoluna düşəcək:

«Sumqayıtda teatra ancaq intellektual təbəqə gəlir. Birinci dəfə gələn isə deyir ki, nə yaxşı gəldim. Əsas da o birinci dəfədir».

SUMQAYITDA ALMAN İZLƏRİ

Bayaq Sumqayıtın yeni tikililəri haqqında şikayəti eşidəndə adamların «heyf deyil almanların tikdiyi köhnə evlər» deməsini də tez-tez eşidirdim. Söhbət şəhərin mərkəzində tikilmiş üçmərtəbəli evlərdən gedir. Bu evləri vaxtı ikən Sumqayıtda olmuş alman əsirləri tikib.

«Onlar bu qəsəbədə yaşayırdılar, səhər tikintiyə gedib axşam qayıdırdılar».

Sumqayıt sakini, 85 yaşlı Zabit Məcidov İkinci Dünya müharibəsinin iştirakçısı olub. Müharibədən sonra indi Yeni Kotec adlanan qəsəbədə yaşayıb. Deyir ki, alman əsirləri də bu qəsəbədə saxlanılırmış:

Yeni Kotec qəsəbəsində qəbiristanlıq
«Onları tez-tez görürdüm. Burdakı evlərin, zavodların tikintisində işləyirdilər. Onda hələ Sumqayıt yox idi. Buralar bağ-bostan ərazisi idi. Almanlar işləyirdilər. Ölənlər öldü, qalanları isə 1968-ci ildə, 250 nəfər idilər, buraxdılar getdilər».

Həmin əsirlərin Yeni Kotec qəsəbəsində qəbiristanlıqları da var. Qəbiristanlığın qarovulçusu da özü də müharibə iştirakçısı olmuş Zabit Məcidovdur:

«Adamları çoxu deyir ki, onlar bizim yaxınlarımızı öldürüb. Deyirəm məni də vurub şikəst eləmişdilər. Müharibəydi də. İndi həmin əsirlərin qohumları arada bura gəlirlər. Onlardan biri məndən soruşurdu ki, sizcə kim günahkardı ki, bu qədər adam öldü. Onda deyirəm müharibə».

Sumqayıtdakı Yeni Kotec qəbirstanlığında 300 alman əsirinin qəbri var. Vaxtilə müharibədə almanlara qarşı vuruşmuş Zabit kişi gecə-gündüz bu qəbirlərin keşiyini çəkir...

Sumqayıtda olduğum bir neçə gündə bu şəhərin problemlərinin Azərbaycanın başqa yerlərinin problemlərinə çox oxşadığını gördüm. Təqaüdçülər təqaüdün azlığından, bazardakılar qiymətlərin bahalığından, sakinlər məmur özbaşınalığından şikayətlənirdilər. Sumqayıtdan qayıdanda Bakı avtobusunda Sumqayıtın köhnə zavod işçiləri yenə iş üçün Bakıya gedirdilər, arxada isə sökülmüş zavod tikililəri, tüstüsü gəlməyən borular, sıradan çıxmış avadanlıqlar, bir də 60 illiyilə bağlı yolları qazılıb təmir olunan şəhər qalırdı...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG