Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:35

MSK sədri seçkilərin nəticələrinə bəri başdan şübhə yaradır


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov
Ötən seçkilər öncəsi olduğu kimi MSK sədri Məzahir Pənahov yenə siyasi bəyanatlar verməkdə davam edir. O, Prezident Administrasiyası, MSK və ATƏT-in Bakı ofisinin birgə keçirdiyi «Seçkilərə müdaxilənin yolverilməzliyi» adlı tədbirdə dedi ki, xalqın mütləq əksəriyyəti yerlərdə bir siyasi qüvvəni dəstəkləyir. Bu vəziyyətlə də artıq hamı barışıb.

«Yerlərdə hesab edirəm ki, hansı siyasi qüvvənin əslində güclü olması və xalq tərəfindən mütləq mənada, yəni mütləq əksəriyyətin müdafiə etməsi ilə hamı artıq barışıbdır».

Cənab Pənahov onu da bildirib ki, seçkilərlə bağlı Azərbaycanın əldə etdiyi nailiyyətləri nəinki beynəlxalq qurumlar, ölkə ictimaiyyətinin nümayəndələri, hətta ən radikal siyasi partiyalar belə artıq qəbul edilməyə bilmir. Onun fikrincə, buna sevinmək lazımdır. Çünki bu addımların atılması çox böyük zəhmət, siyasi iradə bahasına başa gəlib.

Ölkənin bir sıra aparıcı müxalifət partiyaları isə dəfələrlə bəyan ediblər ki, onlar MSK-nın indiki tərkiblə obyektiv seçki keçirməsinə inanmırlar. Seçki komissiyası paritet əsasında formalaşdırılmalıdır. Qərb təşkilatları da Azərbaycanda keçirilən hər seçki zamanı xatırladıblar ki, bu seçkilər beynəlxalq standartlara tam cavab vermir.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel isə həmin tədbirlə bunları dedi: «Seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsində narahatlıqlar hələ də qalmaqdadır. Bu məsələnin diqqətə alınması və üzərində düşünülməsi faydalı olar».

MƏZAHİR PƏNAHOV NƏDƏN SİYASİ BƏYANATLAR VERİR?

Bələdiyyə seçkilərinə partiya şəklində qatılmayan AXCP-nin seçki qərargahının rəhbəri Həsən Kərimov isə deyir ki, MSK sədrinin belə bir bəyanatla çıxış etməsi təəssüf doğurur. Çünki əslində MSK sədri hər hansı siyasi qüvvəni dəstəkləməməlidir, o seçkilərin azad və ədalətli keçirilməsinin təminatçısı olmalıdır. Həsən Kərimovun fikrincə Məzahir Pənahov bu cür davranışı ilə təsdiqləyir ki, o bələdiyyə seçkilərində YAP-ın qələbəsinin təmin olunması üçün bütün imkanlarını səfərbər edəcək:

«Bu məsələnin artıq şərhə ehtiyacı yoxdur. Məzahir Pənahov bəri başdan seçkiləri saxtalaşdırmaq, YAP-ın qələbəsini təmin etmək üçün belə bəyanatlarla çıxış edir. Bu artıq YAP-ın həm nüfuzunun, həm də dırnaqarası qələbəsinin göstəricisidir».

MSK sədrinin seçki sahəsində əldə olunan nailiyyətləri hətta ən radikal siyasi qüvvələr də qəbul etməyə bilmir fikrinə gəlincə isə Həsən Kərimov nailiyyətlərin olduğunu etiraf edir. Amma onun fikrincə bu nailiyyətlərin hamısı saxtakarlığa xidmət edən yeniliklərdən başqa bir şey deyil.

YAP rəhbərliyində təmsil olunan şəxslər isə dəfələrlə bəyan ediblər ki, müxalifət bələdiyyə seçkilərinə qatılmaq gücündə deyil. Ona görə də öz məğlubiyyətlərini ört-basdır etmək üçün hakim partiyanı ittiham edən bəyanatlar səsləndirir.

CÜCƏNİ DEKABRIN 23-DƏ SAYACAQLAR…

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin proqram direktoru Bəşir Süleymanlının fikrincə isə MSK sədrinin məlum bəyanatı bələdiyyə seçkilərinin nəticələrini əvvəlcədən şübhə altına salır:

«MSK və ümumiyyətlə seçki komissiyası bitərəf bir orqan funksiyasını daşımalıdır. O seçkinin nəticələri, və onun gedişi ilə bağlı əvvəlcədən hər hansı bir qiymətləndirmə apara bilməz. Qanunvericilikdə və təcrübədə də belə bir şey yoxdur. Xalqın taleyi ilə barışmasına, gəlincə bunu seçkilərin nəticələri göstərəcək».

Bəşir Süleymanlının sözlərinə görə, ölkədə keçirilən son seçkilər göstərir ki, bu məsələdə əldə edilən nailiyyətlər yalnız texniki xarakterlidir. Əgər seçki saxtalaşdırılırsa, kütləvi şəkildə qanun pozuntusu müşahidə edilirsə hansısa nailiyyətlərdən danışmaq olmaz.

MSK SƏDRİ NİYƏ SİYASİ BƏYANAT VERİR?

«MSK sədrinin dedikləri siyasi bəyanatdır. Bu, bəri başdan seçkilərin nəticələrinin şübhə altına alınmasına səbəb verə bilər və bu şübhələr əsaslıdır» - bunu AzadlıqRadiosuna müstəqil ekspert Ələsgər Məmmədli deyir.

MSK sədri niyə siyasi bəyanat verir? Özü də ATƏT-in iştirak etdiyi tədbirdə?

Hüquqşünasın fikrincə, Məzahir Pənahovun dedikləri daxilə və yuxarılara ünvanlanıb. Beynəlxalq aləmdən çəkinməmək isə neft pulları gələndən sonra artıq adət olub.
XS
SM
MD
LG