Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:24

Məktəb qorxu içindədir…


Bir neçə gündür Gəncədəki 27 saylı məktəbdə dərs zəngi çalınsa da, nə müəllimlər dərs keçmək həvəsindədir, nə də şagirdlər oxumaq. Məktəb kollektivini qorxuya salan bu təhsil ocağının ödənişli liseyə çevrilməsi xəbəridir. Müəllimlər bu dəyişiklik nəticəsində işlərini itirməkdən narahatdırlar:

«Təhsil şöbəsinin müdiri və təhsil nazirliyindən gəlmiş bir şəxs məktəbə baxış keçirdilər, dedilər ki, 27 saylı orta lisey məktəb bağlanır və burada özəl lisey açılır. İbtidai sinif müəllimləri də uşaqlarla birgə göndərilir başqa məktəblərə. Biz işimizi itirmək istəmirik. Başqa məktəblərdə 2 saat 4 saat dərs deyən müəllimlər var. Məktəb müdirləri necə dərs verəcəklər?..»

Təhsil Nazirliyindən gəlmiş nümayəndə rəsmi sənədlər hazır olmasa da, müəllimlərə məlumat verib ki, bura lisey olacaq. İbtidai siniflər ləğv ediləcək, müəllimlər isə attestasiya edilərək seçiləcəklər. Müəllimələr deyir ki, bu onları işdən çıxarmaq üçün yaxşı bir vasitədir:

«- Biz çox gözəl başa düşürük ki, onun attestasiya dediyi şey nəyə əsaslanır.
- Mən şəxsən qorxuram, savadıma görə yox, amma dırnaqarası attestasiyada ciblər yoxlanılsa mən atılacağam çölə.
- Məktəbin direktoru, müavini deyir ki, mənim yerim hazırdır. Bəs bu qədər müəllim necə olacaq?»

VALİDEYNLƏR DƏ PULLU LİSEY İSTƏMİRLƏR

Uşaqlarının psixoloji vəziyyətlərinin pis olduğunu deyən valideynlər də müəllimlərlə birgə hər gün pozulmuş dərs saatlarında çıxış yolu axtarırlar.

«- Mənim bu məktəbdə iki uşağım oxuyur onlar 6-cı sinifdədirlər. Mənim onları ayırıb başqa məktəblərə qoymağa nə maddi nə də mənəvi imkanım yoxdur. Mənim imkanım olmaz ki, onu pulu məktəbdə oxudam.
- Hər iki uşağım burda oxuyur. Məktəbdən də razıyam. Əgər pullu liseyə çevrilsə mənim kimi yüzlərlə valideynin imkanı yoxdur onları burda oxutmağa. Hazırda dərs pozulub, uşaqların da, müəllimlərin də psixoloji durumu çox pisdir. Təhsil şöbəsi məktəbin bir addımlığındadır, bilir ki, dərs pozulub, gəlib münasibət bildirmir.
- 4-cü sinif şagirdləri baş-başa verib ağlaşırlar. Onların hüququnu bu qədər tapdalamaq olarmı? Qurulu yeri niyə sökürlər, başqa yerdə tik də bunu».

GƏNCƏ TƏHSİL İDARƏSİ MÜƏLLİMLƏRİ BÖLÜB

Məktəbin direktoru Rahilə Hüseynova ancaq təhsil idarəsinə kollektivin narazılığını çatdırmaq imkanının olduğunu bildirdi.

Gəncə şəhər təhsil idarəsinin rəisi Mahal Əliyev isə hələ bu məsələ ilə bağlı müzakirələr aparıldığını desə də, sonradan artıq müəllimlərin digər məktəblərə bölgüsündən danışdı.

«Qəbul burda 5-ci sinifdən olacaq. İbtidai siniflərin köçürülməsi nəzərdə tutulur. Müəllimlər komplekt şəkildə hansı məktəbdə şərait yaxşıdır ora gedəcək».

27 saylı məktəbin müəllimləri isə deyir ki, işlərini itirsələr, hüquqlarının tapdanmasına icazə verməyəcəklər.

DÖVLƏT MƏKTƏBİ NECƏ ÖZƏL LİSEY OLUR?

Hüquqşünas Azər Nağıyevin sözlərinə görə, dövlət məktəbləri özəlləşdirməyə çıxarılmadığı üçün bu məktəbin hansı əsaslarla özəl liseyə çevriləcəyi maraq doğurur:

«Mülkiyyətçi dəyişdiyi zaman yeni sahibkar kollektivi yeniləyə bilər. Amma dövlətin mülkiyyətində olan məktəb özəl liseyə hansı əsaslarla keçirilir? Müəllimlər bununla bağlı qərarı əldə etməlidilər, o qərarda nələr nəzərdə tutulur? Əmək kollektivinin üzvləri kimi onlar bütün prosesdən xəbərdar olmalıdır. Bu qərarla onların hüquqları nə dərəcədə pozulur? Bunları əsas götürüb məhkəmə müraciət edə bilərlər».
XS
SM
MD
LG