Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:02

Parlamentdə zarafat-təklif


- Mənim bir təklifim var. Maliyyə naziri bildirir ki, gələn il parlament seçkisinin keçirilməsi üçün 50 milyon manat gərəkdir. Müharibə şəraitində olan bir dövlətin bu qədər vəsaiti havaya uçurtması nəyə gərəkdir? Biz manat axtarırıq ailəmizi dolandırmağa, pensiyaçıların pensiyalarını artırmağa. Millət vəkilləri xalqın ləyaqətli oğullarıdır. Ona görə də təklif edirəm, Konstitusiyaya dəyişiklik edilsin, millət vəkillərinin səlahiyyət müddəti Qarabağ problemi həll edilənə qədər uzadılsın.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Həsənov bu sözləri Milli Məclisin noyabrın 13-də keçirilən toplantısında deyib. Həmkarları onun təklifini gülüşqarışıq alqışlarla qarşılasalar da,
Aydın Həsənov
YAP futksionerlərindən Aydın Mirzəzadə adaşı və partiyadaşını ciddi tənqid edib:

MƏNFİ İMİC TƏHLÜKƏSİ

- Mən anlamıram - bu, ciddi, yoxsa qeyri-ciddi təklif idi. Bütün hallarda düşünürəm ki, bu cür təkliflər parlament kürsüsündən edilməməlidir. Ehtiyatlı olmalıyıq. Belə çıxışları hətta bir nəfər səsləndirsə belə, beynəlxalq qurumların hesabatlarına daxil olur və Azərbaycanın mənfi imicinin formalaşmasına səbəb olur.

DEPUTAT ZARAFAT EDİB

YAP-ın icra katibi Əli Əhmədov isə situasiyanı yumşaltmaq üçün jurnalistlərə deyib ki, Aydın Həsənov zarafat edirmiş:

- Təbii ki, zarafatdır. Gələn il Azərbaycanda mütləq parlament seçkiləri keçiriləcək. Parlamentdə insanlar bir xeyli oturub yorulandan sonra zarafat eləməyə də ehtiyac var. Gördünüz ki, yorğun insanlara bu zarafat necə müsbət təsir göstərdi, əhval-ruhiyyələri açıldı.

AzadlıqRadiosu müxbirinin «Aydın Həsənovun səsləndirdiyi «Azərbaycanda müharibə şəraiti davam edir» ifadəsi zarafat ola bilərmi» sualının cavabında isə Ə.Əhmədov deyib ki, ölkənin müharibə durumunda olması gerçəklikdir.

SƏMİMİ TƏKLİF

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyir ki, bu təklif hakimiyyətyönlü deputatların ürəyindəndir:

İsa Qəmbər
- Həmin adam görəndə ki, ölkədə bir adam istədiyi qədər prezident ola bilir, prokuror, ombudsman öz postunda qala bilir, deputat da düşünür ki, nədən mən ömürlük bu kürsüdə qalmayım? Görünür, YAP-çı deputat Cəlaləddin Ruminin «Ya göründüyün kimi ol, ya da olduğun kimi görün» deyimindən ibrət götürüb. Artıq başa düşürlər ki, qanunsuz rejimdirlər, monarxiyaya doğru gedirlər, ona görə də olduqları kimi görünmək qərarına gəliblər. Təbii, bu, Azərbaycanda hakimiyyətin mənasızlığının hansı həddə gəlib çıxdığını göstərir.

İ.Qəmbər bildirir ki, bir zamanlar ömürlük prezidentlik, prokurorluq, ombudsmanlıq da zarafat kimi görünürdü. Sonradan isə bunlar Azərbaycanın gerçəkliyinə çevrildilər. Müsavat başqanının fikrincə, YAP-çı deputatın uzunmüddətli deputatlıq haqqında dedikləri cəmiyyət üçün hakimiyyətin mahiyyəti ilə bağlı çox ciddi bir mesajdır.

Şərhləri göstər

XS
SM
MD
LG