Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:13

«Donuz qripi» testin cavabını gözləmir


Xəstəliyin ən kəskin hallarının 40 faizi sağlam uşaqların və 50 yaşadək olanların payına düşür

Xəstəliyin ən kəskin hallarının 40 faizi sağlam uşaqların və 50 yaşadək olanların payına düşür

Dünya Səhiyyə təşkilatı «donuz qripi» ilə mübarizədə əsas tövsiyəsini dəyişdi. Təşkilat indiyə kimi həkimlərə deyirdi ki, xəstəyə virus əleyhinə dərmanı yalnız laboratoriya testləri H1N1 virusunu təsdiqləyəndən sonra versinlər.

İndi isə Dünya Səhiyyə Təşkilatı təkid edir ki, elə birinci əlamətlər üzə çıxan kimi virus əleyhinə dərmanlar verilməlidir.

Antivirus dərmanlar isə olduğu kimi qalır - bunlar Tamiflu və Relenza kimi dərmanlardır.

Jurnalistlər Cenevrədə mətbuat konfransında Dünya Səhiyyə təşkilatının Qlobal Qrip Proqramının rəhbəri Nikki Şindodan soruşublar ki, tövsiyə niyə dəyişib?

Doktor Şindo deyib ki, cavab çox sadədir - testin cavabı gələnə qədər xəstə ölə bilər.

Təşkilat yeni tövsiyəsinə «donuz qripi» ilə mübarizədə qazandığı təcrübə əsasında gəlib.
Doktor Şindo deyir: «Risk qrupunda olan adamlar qripin ilk əlamətlərini hiss edən kimi dərman qəbul eləməlidirlər. Risk qrupuna daxildir - hamilə qadınlar, 2 yaşınadək olan uşaqlar və yuxarı nəfəs yolu xəstəlikləri olan qocalar».

BƏS YERDƏ QALANLAR NEYLƏMƏLİDİR?

Nikki Şindo deyir ki, onlar bir az gözləməlidirlər, təxminən 3 gün.

«Risk qrupuna daxil olmayanlar görsələr ki, qripin simptomları sürətlə güclənir, onlar da dərhal antivirusla müalicə olunmağa başlamalıdırlar.
Simptomlar bunlardır: nəfəs almanın çətinləşməsi, son 3 günlə müqayisədə temperaturun yüksəlməsi».

Doktor Şindo onu da deyib ki, «donuz qripi»nə tutulanların çoxunda simptomlar uzun müddət davam etməyib. Ona görə belə xəstələrə virus əleyhinə dərman lazım deyil.

Şindo məsələhət görür ki, risk qrupunda olmayanlarda adi soyuqdəymədirsə, antivirus qəbul etməsinlər.

Həkim təkid edir ki, sağlamlığı normal olanlar xəstələnməmiş, xəstələndikdə isə, bu xəstəliyi ortabab keçirəndə, virus əleyhinə dərman qəbul etməsinlər.

Dünya Səhiyyə Təşkilatı «donuz qripi» ilə mübarizə təcrübəsindən öyrənib ki, «donuz qripi»nə tutulanların vəziyyəti ilk simptomlar üzə çıxandan 5 ya 6 gün sonra kəskin pisləşə bilər.

Bundan sonra onları hətta xəstəxanada güclü müalicə edəndə də ölümün qabağını almaq olmur.

Doktor Şindo mətbuat konfransında deyib ki, Dünya Səhiyyə Təşkilatı Azərbaycana da antivirus dərmanlar göndərəcək.

«Bu yaxınlarda biz Əfqanıstana, Monqolustana, Belarusa və Ukraynaya antivirus dərmanlar göndərdik. Və biz antivirusları Azərbaycana və Qırğızıstana da göndərəcəyik».

Doktor Şindonun bir məsləhəti də odur ki, dərmanı alan hökumətlər bunları tez və elə yaymalıdırlar ki, reseptlə dərmanı almaq üçün xəstəxanaya getmək lazım gəlməsin.

«Donuz qripi» bu ilin əvvəlindən peyda olub. Bu qripin adi qripdən bəzi fərqləri var.
Adi qripdən ölənlərin 90 faizi 65 yaşdan yuxarı olanlardır.

«Donuz qripi»nin bir illik statistikası isə göstərir ki, xəstəliyin ən kəskin hallarının 40 faizi sağlam uşaqların və 50 yaşadək olanların payına düşür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG