Keçid linkləri

Təcili xəbərlər

Tənqidçi gənclik haqqında bir neçə söz


Emin Milli və Adnan Hacızadə
Emin Milli və Adnan Hacızadə
Uinston Çerçill deyirdi ki, gəncliyində inqilaba meyli olmayan adamın ürəyi yoxdur. İki bloqqerin həbsi haqda düşünərkən bu fikri xatırlamamaq olmur.

Bu hadisə Azərbaycan reallığında artıq hər cür özbaşnalığın baş verəcəyini deməyə əsas verir. Siyasətlə elə bir əlaqəsi olmayan və daha çox müstəqil insanlar olan iki gənci həbsdə saxladılar, hamı fikirləşirdi ki, güman ki, onlar həbs edilməyəcək, amma tərsinə oldu. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid, yazar Mirzə Sakit, böyük təqiblərə məruz qalan Aqil Xəlil ilə necə rəftar edilmişdisə gənclərlə də belə rəftar olundu.

Amma bütün bunlar bəlkə də ötəri epizoddur, çünki belə təqiblərin son nəticəsi etiraz dalğalarını daha da artırır. Sadəcə ürəklərdə bir nisgil qalır. Bu nisgili yaradan səbəblərdən biri də budur ki, indi maraqlı qəliblər peyda olub: tənqidçi jurnalistlər, tənqidçi gənclər və s. Sanki belə qəliblərlə ölkədə etirazların az olduğunu, etiraz edənlərin kiçik bir azlıq olduğunu iddia etmək istəyirlər. Ən maraqlısı isə budur ki, gənclər Konstitusiya günü ərəfəsində həbs edildilər.

SABAH KONSTİTUSİYA GÜNÜ OLACAQDI…

Konstitusiya günündə insan haqlarından və azadlıqlardan, ali sənəddə bunun nə qədər əks olunmasından bir xeyli danışdılar. Amma Azərbaycan Konstitusiyası daha çox hakim partiyanın nizamnaməsini xatırladır, özləri istədikləri kimi yozur, istədikləri qədər pozur, istədikləri vaxt dəyişdirirlər.

Eyni sözləri məhkəmələr haqqında demək mümkündür. Məhkəmələr də YAP-ın nəzarət-təftiş komissiyasına bənzəyir, onlar müstəqil qərar qəbul etmək iqtidarında deyillər.

Polşalı hüquq müdafiəçisi Marek Novitski deyirdi ki, bir ölkədə parlament lağa qoyulursa, onun haqqında lətifələr yayılırsa bu hələ fəlakət deyil, əsl fəlakət onda başlayır ki, bütün bunlar məhkəmə haqqında deyilsin.

Ölkə Konstitusiyası və eləcə də məhkəmələr çox tənqid olunub. On beş ildə Konstitusiyaya iki dəfə dəyişiklik edilib və bu «dövrün tələbləri» ilə izah olunub, amma son nəticədə məlum olub ki, əsas məqsəd sülalə hakimiyyətini bərqərar etməkdir.
Konstitusiya görə həbs edilən iki gəncin heç bir təqsiri yox idi. Hakimiyyət haqda tənqidi fikirlər söyləmək hər bir vətəndaşın konstitusion hüququdur. Bundan sonra Konstitusiya haqda pozitiv fikir söyləmək mümkündürmü?

Konstitusiya ictimai müqavilənin əsas formasıdır. Prezident əlini Konstitusiyanın üstünə qoyub anda içir. Bəs onda bu nədir? Növbəti teatrmı? Kommunist kimi yatıb, demokrat kimi oyananlar bunun fərqində deyil. Onları daha çox qəliblər və qadağalar düşündürür. Amma yasaqlar və qadağalar bumeranq kimidir. Bunu da unutmaq olmaz...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG