Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:55

Allahın şousu


Vəssalam, Enke əslində, bir həyatdan, o birinə köçdü. İlahi, bu lap cənnətlə-cəhənnəmi xatırladır…
Vəssalam, Enke əslində, bir həyatdan, o birinə köçdü. İlahi, bu lap cənnətlə-cəhənnəmi xatırladır…
Bütün futbol dünyası yasdadır. Bütün Almaniya göz yaşına boğulub. Bundestimin Çili ilə yoldaşlıq oyunu ertələnib, bundesliqanın qarşılaşmaları bir dəqiqəlik sükutla başlayacaq, futbolçularsa meydana qara sarğı ilə çıxacaq. Səbəb Enkenin - millinin əsas qapıçılarından birinin, 32 yaşlı cavan oğlanın intiharıdır.

Futbolçunun intiharını, çoxillik azarkeşlik stajım aldatmırsa, ilk dəfədir ki, eşidirəm.

Səbəblər və versiyalar çoxdur. Kimi illərin depressiyasını nişan verir, başqası 2 yaşlı qızının ölümünün çəkilməz qüssəsini, digərləri övladlığa götürdüyü uşağın daima ondan alınacağı xofunu.

Ancaq bunlar əsl cavablardırmı?

Onun son videolarını internetdə tapıb, tıklayın. Köksü emosiya ilə dopdoludur. Möhtəşəm qurtarışları ilə tribunaları coşdurur, üzügülər ancaq əzmkar jestləriylə yoldaşlarını mübarizəyə süsləndirir.

Bapbalaca gərginlik, inyənin ucu boyda kədər də yoxdur ki, çöhrəsində nədənsə şübhələnəsən. Milyonları əyləndirən, zövq verən, milyardların sovrulduğu futbol teatrının işıqları onun da sifətində ani olaraq oynayır, ötüşür və sönür.

O boyda təmtərağın, nəhəng parıltının gözqamaşdıran aurası fonunda öz böyük, amma gizli dərdinlə baş-başa meydanda tamaşaçıya futbol keyfi vermək…adam sadəcə ağlına sığışdıra bilmir.

Yüz faiz əminəm - hansısa səhvinə görə azarkeşlər onu söyəndə yəqin utancaq təbəssümlə gülümsəyirmiş – bunların dərdinə baxın.

Futbol əvvəllərdə də az can almayıb, kimini avtoqola görə küçədə it kimi gəbərdiblər, başqasının meydanda ürəyi dayanıb, bir özgəsi qapının toxunulmazlığı üçün həyatını qurban verib.

Hərçənd indi çoxları Enkenin ölümünün futbola dəxli olmadığını deyirlər. Doğrudan da intihar hara, yaşıl meydan hara?

Amma bu da inkarolunmazdır ki, onun psixoloqa ilk müraciəti 2003-cü ildə «Barsa»nın əsas heyətində yerini itirəndən sonraya təsadüf eləyir.

Biz çılğın, qəzəbli azarkeşlər hər xırda səhvə görə futbolçuları söyür, təhqir eləyirik. Ancaq onların, bizə sonsuz sevinc bəxş eləyən bu insanların ən kiçik dərdindən, ekzistensial vurnuxmalarından hansımızınsa xəbəri varmı? Yoxdursa, hər oyunda onlardan qəhrəmanlıq gözləmək, mübarizlik tələb eləmək haqqını biz azarkeşlərə kim verib?

Futbol təkcə şou deyil, o həm də həyatdır. Bütün şoularla, bütün tamaşalarla müqayisədə onda əsl həyat elementləri var. Bəlkə də milyonlarla insanın bu idman növünə sonsuz sevgisinin dərinliyində də elə bu dayanır. Ancaq futbol gerçək həyatın özü deyil. Biz onda yalnız ovunuruq, dərdimizi-sərimizi unutmağa, özümüzü aldatmağa çalışırıq. Bu, insanların yaratdığı həyatdır.

Enkenin özünü qatarın altına atması isə bizə əsl, gerçək həyatı xatırladır. Belə bir sillədən sonra da artıq ovunmağa, özünü aldatmağa lüzum da qalmır.

Vəssalam, Enke əslində, bir həyatdan, o birinə köçdü. İlahi, bu lap cənnətlə-cəhənnəmi xatırladır…

SON SÖZ ƏVƏZI

Əslində, həyatın özündə də şou elementləri var. Bu həyat Allahın şousudur. Enkenin ölümü bu əbədi şoulardan növbətisiydi. Bu şouda qaydaları O müəyyənləşdirir.

«Allah bilir, siz bilmirsiniz!» - Allah kitabında belə deyir.

Enkenin ölümü Onun Bilməsidir, Onun Seçimidir. Minillərin bu anlaşılmaz tapmaca -seçimi önündən isə adamların qaçıb gizlənməyə bir yeri də yoxdur…

Yeri gəlmişkən, Enke Almaniya millisi tərkibində sonuncu oyununu Azərbaycan yığmasına qarşı keçirmişdi.
XS
SM
MD
LG