Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:57

Beynəlxalq Bank səhminin qiymətini artırdı


Azərbaycan Beynəlxalq Bankı
Beynəlxalq Bank səhmdarlarına 3-cü rüb üzrə dividend verməyib. Adının çəkilməsini istəməyən səhmdarlardan biri AzadlıqRadiosuna bildirib ki, onun təxminən 20 min səhmi var, hər rubdə də dividend alıb. Amma bu dəfə onlara pul ödənilməyib:

«TƏXMİNƏN 500 MANAT ALMALIYAM, AMMA VERMİRLƏR»

- İyirmi ilə yaxındır ki, mən bankın səhmlərini almışam. Hər dəfə də yeni aksiyalar olur, onları da alıram. Amma qazanmaqdan çox elə banka pul qoyuram. Məsələn, indi təxminən 500 manat almalıyam, amma vermirlər.

Beynəlxalq Bankdan isə deyirlər ki, oktyabrın 19-da səhmdarların növbədənkənar iclası keçirilib. İclasın qərarına görə, 3-cü rübün mənfəətinin 40 milyon manatlıq hissəsi nizamnamə kapitalına yönəldilib. Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev deyir ki, bu məbləğin nizamnamə kapitalına yönəldilməsi həm də səhmin nominal dəyərini artırıb.

- Səhmdarların kvorumuyla keçirilib iclas. Dövləti də Maliyyə naziri təmsil edib. Belə bir qərar veriblər.

BİR SƏHM 24 QƏPİYƏ


Necə deyərlər, səhmdarın oturduğu yerdə səhminin dəyəri artıb. Yəni, Beynəlxalq Bankın bir səhminin qiyməti 20 qəpikdən 24 qəpiyə qalxıb. Bəs 3-cü rübün dividenti səhmdara ödəniləcəkmi?

Rauf Ağayev deyir ki, dividendlərin ödəniş məsələsinə ilin yekunlarına görə əlavə olaraq baxılacaq. Ancaq fakt budur ki, səhmdarlar iclaslarında 3-cü rübün mənfəətindən 40 milyon manatlıq hissəsini nizamnamə kapitalına yönəltməyə razılaşıb. Səhmdarlar da öz dividendlərini artan məbləğlə alacaq.

«KİÇİK SƏHMDARLA HESABLAŞMIRLAR»

Beynəlxalq Bankın bir səhminə onun dəyərinin 48 faizi həcmində illik dividend verilir. Nominal dəyərin artması faiz dərəcəsinə təsir edəcəkmi? Rauf Ağayev deyir ki, bu cür məsələlər səhmdarların səlahiyyətindədir və onların qərarından asılıdır.

Vüqar Bayramov
Adının çəkilməsini istəməyən səhmdar isə gileylənir ki, onun kimi bankın yüzlərlə kiçik səhmdarı qərarların qəbulundan xəbərsiz qalır və ya narazı olduğu halda qərara təsir göstərə bilmir.

«QANUNDA BOŞLUQ VAR»


İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, əslində, Beynəlxalq Bankın belə qərar qəbul etməsində qanunsuz hal yoxdur, əsas paya sahib olan səhmdarlar mənfəətin bölüşdürülməsi və ya nizamnamə kapitalına yönəldilməsinə qərar verə bilərlər. Problem ondadır ki:

- Qanunda boşluq var. Azərbaycanda kiçik səhmdarların hüquqlarıyla bağlı hər hansı qanun yoxdur. Ona görə də onlar qərarlara təsir göstərə bilmirlər. Ancaq bir çox Avropa ölkələrində artıq kiçik səhmdarların da hüquqlarını qoruyan qanunlar qəbul olunub.

Beynəlxalq Bankın səhmlərinə nəzarət paketi dövlətin əlindədir. İndi 3-cü rübün də dividendinin ödənilib-ödənilməyəcəyinə qərarı dövlət verəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG