Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:17

Bakının bilicisini itirdik


Qılman İlkin
Bizə elə gəlirdi ki, o əbədidir, o ölməzdir. Nə qədər Bakı var, o da olacaq. Bizə niyə belə gəlirdi? Görünür, adam əziz və qiymətli insanların ölümünü özünə yaxın buraxmaq istəmir…

Daha bir ölüm qapını kəsdi. Bəxtiyar Vahabzadənin, Müslüm Maqomayevin, Əlibala Hacızadənin vəfatından sonra Qılman İlkin dünyayla, Bakıyla vidalaşdı…

Ancaq 100-ün tamamına cəmi 4 il 6 aydan da az bir vaxt qalmışdı. Qılman müəllim bu illəri də yaşayıb, Osman Sarıvəllinin o məşhur misrasını doğrulda bilərdi, axı. Amma tələsdi, bir əsrin tamamını görmək xoşbəxtliyini əldən buraxdı. Azərbaycan bir layiqli oğlunu itirdi və əziz, müdrik balasını, Bakı tarixinin bilicisini, son mənzilə yola saldı…

«ÖKSÜZ ƏNVƏR» QILMANI NİYƏ AĞLATDI?

Qılman müəllim xoşbəxt adam idi. Aşağı-yuxarı onun yaşıdı olan yazıçı-şairlərə baxanda, onun bəxti gətirmişdi: nə Almas İldırım kimi diyarbədiyar düşmüş, nə Müşfiq kimi güllələnmiş, nə də Cəfər Cabbarlı kimi hər şeyi ürəyinə salıb üzülmüşdü. Qılman müəllim 30-cu illərin qovğalarından sakitcə ötüşmüşdü. Bəxtindən, adını çəkdiyim şəxsiyyətlərdən bir az gec doğulmuşdu (1914). Ən əsası, yaradıcılığa gec başlamışdı. Bir sözlə, o müdhiş illərdə Qılman müəllim hələ üzdə deyildi. Həm də yetim idi Qılman müəllim. 6 yaşı olanda atası ölmüşdü. Anadan olduğu Mərdəkan kəndində Hacı Zeynalabdinin açdığı ibtidai məktəbdə oxuyanda, yetimliyin dadını hiss etmiş, müəllimi Hüseyn Cavidin «Öksüz Ənvər» şeirini oxuyanda balaca Qılman hönkür-hönkür ağlamışdı:

Doqquz yaşında zəki, uslu bir çocuq: Ənvər…
Sinifdə tam iki ildir, birincilikdə onun
Şərəfli bir adı var; daima müəllimlər
Sevərdilər onu. Lakin o imdi çox yorğun.

Müəllim sakitləşmədiyini görüb, onu sinifdən çıxarmışdı. Eynən böyük şairin yetim Ənvəri kimi, Qılman da anasının himayəsindəydi. Onu ağladan da bu idi…

QILMAN NECƏ YETİM QALDI?


Qılman müəllimin «Bakı və Bakılılar» kitabında Murtuza Muxtarovla bağlı hamının bildiyi o faciəli fakt da yer alıb. Aprel inqilabının ilk günlərində Muxtarovun şəhərdə ömür yoldaşı Liza xanımla yaşadığı malikanəsinə (Səadət Sarayının binası) silahlı bolşeviklər gəlir. Ac bolşeviklər şəhərdə hər şeyi talan edirmişlər. Bakılılar bu günləri sonralar «talan həftəsi» adlandırıblar. Soyğunçular idarələrə, evlərə girir, hətta qadınların qulaqlarından, boyunlarından qır-qızılı soyurlarmış. Hə, belə bir talan həftəsində Muxtarovun sarayına soxulan hərbçilərə ev yiyəsi atəş açır, sonra da bir gülləni öz alnına sıxır. Bu xəbər bütün şəhərə yayılır. Qılman müəllimin atası İsabala kişi Muxtarovun Bağ evinin tikilməsində iştirak etmişdi, onunla yaxın idi. Odur ki, İsabala kişinin böyük oğlu Qurban şəhərdə pedaqoji texnikuma daxil olanda, Muxtarov ona müvəqqəti yaşamaq üçün evinin zirzəmisini təklif etmişdi. Muxtarovun ölüm xəbəri yayılanda, İsabala kişi həm məşhur milyonçunun faciəsindən sarsılır, həm də oğlunun da bu atışmada öldüyünü güman edir və ürəyi dözmür…

QILMAN MUSAYEV TƏBRİZƏDƏK GEDİB ÇIXIR…


Səadət Sarayının binası
Beləcə, 8 uşaqlı ailədə çətinliklə böyüyən Qılman böyük qardaşı kimi, əvvəlcə pedaqoji texnikumda, sonra institutda təhsil alır. Ən məzəlisi odur ki, texnikumu bitirəndən sonra onu Xaçmaza Əhmədoba kəndinə müəllim göndərirlər. Başqa müəllim olmadığından Qılman oranın həm də direktoru sayılırmış. Həm də, «direktor»un cəmi 16 yaşı var imiş...Bir ildən sonra Qılman şəhərə qayıdıb təhsilini davam etdirir. «Gənc işçi» qəzetində çalışır. Hətta 37-ci ilin burulğanlarından sağ-salamat qurtarıb 1941-45-ci illər savaşına qatılır. Şimali Qafqazda döyüşür. İrana gedən «sovet əsgərləri»nin arasında olur. Təbrizdə çıxan «Vətən yolunda» qəzetində işləyir.

ƏN NÜFUZLU VƏZİFƏLƏRDƏ ÇALIŞIR

Qılman müəllimin ağ günləri Xruşşovun «ilıqlaşdırma dönəmi»ndə başlayır. Kitabları da o illərdən işıq üzü görür. Vəzifələrə də o çağlardan təyin olunur. «Azərnəşr»in baş redaktoru və direktoru, «Azərbaycan» jurnalının baş redaktoru olur. Cürbəcür orden-medallara, fəxri adlara layiq görülür. Sadaladığım vəzifələr o dövrlərdə ən nüfuzlu postlar sayılırdı və Qılman müəllim bu işin öhdəsindən bacarıqla gəlirdi. Universiteti bitirib nəşriyyatda işə başladığımdan, onun adının illərcə nəşriyyat aləmində necə sayqı ilə anıldığının canlı şahidiyəm. Bir də, Qılman müəllimin oğlu ilə uzun illər bir yerdə çalışdığımdan, onun bir ata kimi, baba kimi, hətta qayınata kimi necə sevildiyinin şahidi olmuşam.

BİR «CAN BAKI» SÖYLƏMƏZSİNİZ?!


Biz «Can Bakı»lıların da Qılman müəllimlə bağlı məzəli bir xatirəsi var. İş burasındadır ki, proqramımız efirə 5 martda başladığından, Novruz bayramı günlərində də canlı efirdə olduq. Həmin il (2007) bayram tətili çox uzun çəkdiyindən verilişlərin birinə tanınmış Bakılı kimi Qılman müəllimi də dəvət etdik. Təbii ki, efirimizə telefonla qoşuldu və bir saat boyunca (!) canlı suallarımızı cavablandırdı. Arada «Can Bakı»nın anonslarını verirdik ki, həm qonağımız dincəlsin, həm də onsuz olmazdı axı. Hə, elə bu anonsların birində mən bakılılardan soruşuram ki, «Bir «Can Bakı» söyləməzsiz?». Bu sual eşidilən kimi Qılman müəllim mənim onu canlı yayımdan sorduğumu düşünüb qışqırır: «Yox, Yox!». Bu deyim AzadlıqRadiosu əməkdaşlarına o qədər ləzzət eləmişdi ki, az qala hər gün mənə yaxınlaşıb deyirdilər: «Sevda xanım, bir «Can Bakı» deməzsiniz?». Mən də eynən Qılman müəllim kimi sərt şəkildə, qışqıraraq cavablayırdım: «Yox, Yox!». Niyə yox? Təəssüf ki, zarafata salıb bunun cavabını ondan almadıq...

HƏMİŞƏ «CAN BAKI» DEDİ!


Qılman müəllim uzun bir ömür yaşadı. Dünyadan köçənə qədər yazdı-yaratdı. Bütün həyatı boyu Bakıya sadiq qaldı. Bakının tarixini araşdırdı. Bakıya kitablar həsr elədi. Bakıya «can» dedi. İnsafən, Bakı da ona vəfalı çıxdı. Onu sevib-əzizlədi. Və 95 yaşında qucağını ona açdı. Yer doğma və əziz idi. Qılman müəllim bütün ömrünü bu torpaqda yaşamışdı. Elə o torpağa da qovuşdu. Ruhu şad olsun!..

P.S.: Bir neçə gün əvvəl evdə birdən-birə Qılman müəllimi xatırladım. Evdəkilərə: «Bu günlərdə diktofonu götürüb onlara gedəcəyəm» -- dedim. «Görüm necədir, bir «Can Bakı» söyləyərmi?»—dedim. Amma gecikdim. İndi... Qılman İlkin tarixə qovuşandan sonra onun cavabı mənə gün kimi aydındır...

Şərhləri göstər

XS
SM
MD
LG