Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:05

«Uçastkovı» üçün ofis


«İki binanın arasında polis məntəqəsi tikirlər».

Binəqədi rayonunda 7a və 7b saylı binaların sakinləri bu şikayətlə AzadlıqRadiosuna üz tutublar. Deyirlər ki, 40 ildi bu həyətdə yaşayırlar, əkib-becərdikləri, kölgəsində daldalandıqları ağacları kəsib indi yerində sahə müvəkkili üçün ofis tikirlər.

«17 metr bu tərəfədir, 17 metr də o tərəfə. Burda nə yer var ki, hələ bir nəsə də tikirlər. Mənzillərin birində bir yanğın olsa, yanğınsöndürən maşın hardan girəcək? Uşaqlar həyətdə oynayırdılar. Bəs indi harda oynayacaqlar?»

«Deyirlər ki, 8 məntəqə tikilməlidir. Biri də bura düşür. Yaxşı, bir sözümüz yox, onda bizə sərəncam göstərsinlər ki, həqiqətən də məhz bu binaların arası seçilib tikinti üçün. Göstərmirlər».

«Bu binalar kooperativ binalardır. 40 il əvvəl köçəndə ağacları da özümüz əkdik. Qəsdən ağacları qurudurlar ki, kəsib götürsünlər. Baxın bu kötüklərə…».

«Biz istəyirdik ki, burda xeyir-şər evi tikək. Bahaçılıqdı, yas-toy olanda, yola verməyə əvvəlki kimi imkan yoxdur. Amma bizə icazə vermədilər».

İki bina arasinda...
Gözlə
Embed

No media source currently available

0:00 0:01:43 0:00
Direct-ə keçid


«O ƏRAZİDƏ GÖZÜ OLANLARDI ŞİKAYƏTÇİLƏR»


Binəqədi rayon İcra Hakimiyyətindən isə deyirlər ki, ərazidə rayonun 5-ci polis bölməsinin 3 saylı sahə müvəkkili üçün məntəqə tikilir. Bu tikintinin də sakinlərə maneçiliyi yoxdur.

İcra hakimiyyətinin ictimai-siyasi şöbəsinin rəhbəri Natiq Əliyev deyir ki, orda özbaşına heç bir tikinti aparılmır:

- Tikintiyə icazə verilib. Sakinlərin ictimai təhlükəsizliyi üçün sahə müvəkkillərinə məntəqə tikmək qərara alınıb, indi də bu qərar icra olunur. Orda heç bir ağac da qırılmayıb. Sakinlərə də maneçiliyi yoxdur.

- Olmazdımı ki, sakinləri narazı salmayan, daha uyğun bir yer seçilərdi?

- Olsaydı, seçilərdi. Mən sizə deyim ki, əslində bəzi adamlar hay-küy salır. Onların da nəsə o ərazidə başqa fikirləri var. Ona görə də şikayət eləyirlər.

«ŞƏHƏRSALMA QAYDALARI GÖZLƏNİLMƏLİDİR»

Hüquqşünas Azər Nağıyev isə deyir ki, həyət kooperativ binalara məxsusdursa, onda onların məsələyə müdaxilə hüquqları var:

Azər Nağıyev
- Kooperativ bina idarəçiliyinin sənədlərinə baxmaq lazımdır. Tikinti aparılan sahənin kooperativ binaların ərazisinə aid olub-olmadığı aydınlaşmalıdır. Üstəlik, həmin polis məntəqəsinin tikintisində şəhərsalma qaydalarına riayət olunmalıdır. Yəni, məntəqənin binalarla məsafəsinin gözlənməsi və yanğın baş verərsə, onun problem yaratmaması əsas şərtlərdəndir.

- Azər bəy, həyətdə tikinti aparılarsa, sakinlər yerli icra strukturundan o tikintinin sənədlərini istəyə bilərlərmi?

- Əslində, müvafiq qanunla yalnız vəzifəli şəxs sənəd tələb edə bilər…

- Bəs vətəndaşların «İnformasiya əldə etmək hüququ haqqında» qanun buna yol vermirmi?

- Bu baxımdan əldə edə bilərlər. Kooperativin rəhbərliyi müraciət edib onları maraqlandıran suallara rəsmi cavab ala bilərlər. Bu, onların qanuni hüquqlarıdır.

Azər Nağıyev deyir ki, sakinlər yeni Mənzil Məcəlləsini əsas tutub tikilən məntəqənin ona uyğun gəlib-gəlmədiyini məhkəmədə araşdıra bilərlər.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.
XS
SM
MD
LG