Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Azərbaycan TV-si dünya TV-sinə nədə bənzəyir, nədə yox?


Teleqüllə
Teleqüllə
83 il öncə bolşevik buxovunda olan Bakıda yeni bir səs, yeni bir nəfəs eşidildi. Radio yarandı. İlk sözü «Danışır Bakı!» oldu. Cəmi yarım saat. İndiki efir bolluğunda qəribə görünür, deyilmi? Amma 1926-cı il Bakısını xəyalınıza gətirin və o yarım saatın insanların həyatına nə qədər dəyişiklik gətirdiyinin fərqinə varın. Radio xəbərlərlə başlayıb. Xəbərlər istehsalatla bağlı olub. Bolşevik Bakısında başqa nə ilə bağlı olacaqdı ki? Xəbərləri radionun ilk diktoru İsmayıl Əlibəyov oxuyub. İki il radioya qulaq asmaq xoşbəxtliyi ancaq Bakı və Abşeron ərazisində yaşayanların payına düşüb. Sonra xəbərləri bütün ölkə ərazisində dinləməyə başlayıblar və Azərbaycanda qara radiolar erası başlanıb. Qarşıdan qara illər gəlirdi. Ancaq radiodan qırmızı xəbərlər eşidilməli idi. Hökumət qırmızı idi, axı...

Sonra müharibə illəri gəldi. Onsuz da bəxti qara Bakının qara günləri başladı. Qara radiolar döyüş bölgələrindən yeganə xəbər mənbəyi oldu. Bu, 1956-cı ilə qədər -televiziyanın doğuluşuna qədər davam etdi. O ildən Bakının televiziya erası başlandı. Sonra bütün Azərbaycan «danışan güzgünün» sehrinə düşdü...

Yetərincə böyük tarixdir, deyilmi? Bəs bu böyük tarixdən ölkə radio-televiziyaları hansı dərsləri alıblar? Azərbaycan TV və radioları dünya TV və radio məkanına qovuşa bilibmi? Radio bayramında ölkə vətəndaşları ilə sorğu keçirmək qərarına gəldik. Sualı da belə formalaşdırdıq: Azərbaycan TV və radioları dünya TV və radiolarına nə dərəcədə bənzəyir? Cavablar qarşınızdadır:

«TV-LƏR PUL QAZANMAQ ÜÇÜN HƏR YOLA ƏL ATIRLAR»


Aydın Kazımzadə (kino tənqidçisi):
Mən çox şadam ki, biz hər il TV və Radionun bayramını qeyd edirik. Məsələ burasındadır ki, bizim radiolar televiziyalardan çox fərqlənir. Radiolarımız – istər dövlət, istər özəl, yüksək səviyyəli, maraqlı verilişlərlə işlərini sahmana sala biliblər. Xüsusən, ana dilimizin inkişafında dövlət radiosunun əvəzi yoxdur. Çünki o, ana radiomuzdur. Amma TV-lərdə qarmaqarışıqlıqdır. Heç kimə lazım olmayan ara və məişət söhbətlərini gətirib televiziyaya çıxarmaq nəyə xidmət edir? Qabaqlar gəlinlərimiz hamilə olanda, paltarı elə geyərdilər ki, heç kim bilməsin onların vəziyyətini. Amma bu gün əllərini qoyurlar qarınlarının üstünə, televiziyaya çıxıb uşağın doğulmasına 5 ay qalmış dünyaya car çəkirlər ki, mənim oğlum olacaq, ya qızım. Jurnalların üz qabığında da qarınlarını qucaqlayıb şəkil çəkdirirlər. Mənə elə gəlir ki, bunlar xalqın, xüsusən gənclərin tərbiyəsini artırmağa çalışmırlar, əksinə anti-tərbiyə işi aparırlar. Artıq hamı doyub. Ona görə də, çoxları kanalı dəyişib, digər ölkələrin televiziyalarına tamaşa edir. Belə baxanda, Televiziya Şurası var. Ancaq onun da gücü çatmır, qarşısını ala bilmir. TV-lər pul qazanmaq üçün hər yola əl atırlar. Pulu da iyrənc yolla qazanmaq olmaz, axı! Mən AzTV-də və «Lider»də maarifləndirmə ilə bağlı verilişlər aparırdım. Hər ikisindən məni uzaqlaşdırdılar. Sponsor yoxdur deyə. Bəlkə də maraqlı TV verilişlər var. Amma onlar da kütləvi şəkildə gedən biabırçı verilişlərin arasında itib-batırlar.

«QEYRİ-PEŞƏKARLARIN NAZI İLƏ OYNAYIRIQ»

İntiqam Soltan (Uçaq Teatrının direktoru):
Mən çox təəssüf edirəm ki, biz çox vaxt bənzətməyə can atırıq. Yadımdadır, uşaqlıqda məndən soruşmuşdular ki, sənin idealın kimdir? Dedim, özüm! Necə yəni? Dedim ki, mən istəyirəm xəyalımda yaratdığım İntiqama çatım. Müxtəlif nağıllardan, filmlərdən, əsərlərdən süzülmüş qəhrəmanların obrazı var idi mənim içimdə, onlardan ibarət bir İntiqam düşünmüşdüm və onu doğrultmalıydım həyatda. Bax, bu gün səhər mən bir radio kanalını dinləyirdim Muğam ifaçıları dəvət olunmuşdu. Orda da qalmaqal yaratmaq istəyirdilər. Sensasiya axtarırdılar, öz kanallarını tərifləyirdilər. Və tez-tez deyirdilər ki, biz ucuz sensasiya dalınca qaçmırıq. Həmən də qonaqlardan soruşurdular ki, yəni doğrudamı, muğam ifaçıları arasında bir-biri ilə yola getməyən, dalaşmayan yoxdur? Bilmirəm nədəndir, mənə elə gəlir ki, biz aparıcılar arasında düzgün seçim edə bilmirik. Elə bil hər müraciət edəni götürmək məcburiyyətində qalırıq. Nəticədə, qeyri-peşəkarların nazı ilə oynamalı oluruq. Bir vaxtlar bütün TV və radiolar şou proqramlara meylləndilər. Sonra bir dalğa gəldi ki, şou proqramlar yığışdırılsın. Amma öz yolunu tutmaq istəyən kanallarımız da var. Hər halda pultun düyməsini basmazdan öncə bilirsən ki, hansı janrda, hansı üslubda danışığı eşidəcəksən, hansı verilişlərə baxacaqsan və bütün bunlara hansı rakursdan yanaşacaqlar. Keçmiş prezidentlərdən birinin bir sözü vardı ki, xalq əvvəl-axır öz yolunu tapacaq. Əsas odur ki, o xalqın, o millətin dövləti olsun. Məncə, radio-televiziyaların sayı artdıqca, biz səhvlərimizi daha çox görməyə məhkum olacağıq. Sabah açılacaq hər bir kanal daha çox peşəkarlığa can atmaq məcburiyyətində qalacaq. Mən radio-televiziya işçilərinin bayramını təbrik edirəm. Xüsusən də, xalqa daim azadlıq aşılamağa cəhd edən AzadlıqRadiosunun əməkdaşlarını.

İradə Cavadova (hüquq müdafiəçisi): Azərbaycan radio-televiziyaları dünya radio-televiziyasına heç bənzəmir. Çünki sərbəst deyillər, müstəqil deyillər. İstədiklərini deyə bilmirlər. Maraqlı araşdırmalar apara bilmirlər. Maliyyə çətinlikləri var. Jurnalistlərin maaşı çox azdır. Texniki baxımından da dünya TV-lərinə uduzurlar. Bu sahədə bir çox problemlər var.

«HAMIDAN GERİDƏYİK»

Hamlet İsaxanlı (Xəzər Universitetinin rektoru):
Dünya çox müxtəlifdir. İnkişaf etmiş ölkələrin radio-televiziyaları ilə müqayisə etsək, əlbəttə ki, bizimkilər geri qalır. Əsas da, keyfiyyət baxımından. Keyfiyyəti də verilişlərin həm məzmununda, həm də formasında axtarmaq lazımdır. Maraqlıdır ki, mən əvvəllər daha çox özəl TV-lərə baxırdım. Amma son illər özəl kanallarla müqayisədə, həm İTV- də, həm AzTV-də daha maraqlı verilişlər tapa bilirəm. Ümumiyyətlə isə, keyfiyyət və forma baxımından bizim TV-lər həm Rusiya, həm Türkiyə, həm də Avropa və Amerika TV-lərindən geridədir.

Aynur Bəşirli (TV araşdırıcısı): Biz özümüz dünyaya nədə bənzəyiriksə, TV-lər də dünya TV-lərinə onda bənzəyir. Zahirən biz özümüzü dünyaya nə dərəcədə bənzədiriksə, Azərbaycan televiziyaları da elə bənzədirlər. Ayrı-ayrılıqda Azərbaycan individi fərdi geyimi, üst-başı, göz-qaşı ilə normal bir dünya adamıdır. Amma onun fərdi, məzmunu nədirsə, Azərbaycan TV-lərinin də məzmunu odur. Əfsuslar ki, bizdə məzmunlu insanlar azdır. Ona görə də, radio-televiziyamız da məzmunsuzdur.

«BAŞQA ÖLKƏLƏRİN TV-LƏRİNƏ BAXIRAM»

Ramiz Şirinov (dinləyici):
Mən Azərbaycan TV-lərinə əvvəllər baxırdım, indi baxmıram. Çünki orda məni maraqlandıran, səviyyəmə uyğun verilişlər görmürəm. Onda da, özümü təhqir olunmuş kimi hiss edirəm. Niyə belə verilişlər hazırlayırlar, mənə nə demək istəyirlər - deyə içimi yeyirəm. Elə bil ki, məqsəd tamaşaçıların başını aldatmaq, efiri vaxtını doldurmaqdır. Başqa ölkələrin TV-lərinə baxıram. Onlarda maarifləndirici verilişlər çoxdur. Hər verilişdə tamaşaçılara nə isə öyrətmək istəyirlər. Qaldı radiolara, əvvəllər AzadlıqRadiosuna qulaq asırdım. FM dalğası alınandan sonra küsdüm, daha heç nəyə qulaq asmadım...
XS
SM
MD
LG