Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19

Maliyyə böhranının neft dəhşətləri


İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, ümumiyyətlə böhranın Azərbaycana təsir edib-etmədiyi barədə müzakirə açmaq yersizdir

İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, ümumiyyətlə böhranın Azərbaycana təsir edib-etmədiyi barədə müzakirə açmaq yersizdir

«Azadlıq»: Azərbaycan hakimiyyəti maliyyə böhranından danışmağı xoşlamır. Hər dəfə bu mövzu gündəmə gələndə rəsmilər yalnız böhranın ölkəmizə heç bir təsiri olmadığını deməklə kifayətlənirlər. Amma reallıq göstərir ki, maliyyə böhranı Azərbaycana da ciddi təsir göstərib.

İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, ümumiyyətlə böhranın Azərbaycana təsir edib-etmədiyi barədə müzakirə açmaq yersizdir. Çünki hər şey göz qabağındadır: «Biz bu ölkədə yaşayırıq və real vəziyyəti görürük. İqtisadçılar deyir ki, büdcə iqtisadiyyatın güzgüsüdür. Azərbaycan büdcəsi də ölkə iqtisadiyyatının hansı vəziyyətdə olmasının ən yaxşı göstəricisidir. Bu ilin 9 ayının yekunlarına görə büdcə gəlirləri ən azı 25-30 faiz azalıb. 2009-cu ildə hökumət 12.1 milyard manat büdcə gəlirləri proqnozlaşdırırdı. Amma bu ilin 9 ayında büdcəyə 6.3 milyard manat vəsait daxil olub. İlin başa çatmasına 3 ay qalıb. Əgər büdcə 30 faizə qədər kəsirdə qalırsa, eyni zamanda 2008-ci ildə 2007-ci illə müqayisədə gəlir vergisi təxminən 20 faiz aşağı düşürsə, 2009-cu ildə mənfəət vergisi proqnozdan 2 dəfə az icra olunacaqsa, bunlar böhranın təsiri deyil bəs nədir?»

«Bizim Yol»: Vətəndaş parlamentə niyə buraxılmır?

Əksər ölkələrdə vətəndaş sərbəst olaraq öz dövlətlərinin parlamentlərinə daxil ola, hansısa qanunun qəbulu ilə bağlı keçirilən sessiyalarda iştirak edə bilər.

Azərbaycan parlamentinin qarşısında isə həmişə şikayətçi ordusu olur. Millət vəkilləri və Milli Məclisin sözçüsü «Bizim Yol»un mümkündürmü ki, parlament sessiyalarını sadə vətəndaşların izləməsi üçün şərait yaradılsın sualına cavab veriblər

Deputat Fazil Qəzənfəroğlu hesab edir ki, bu təcrübə hökmən Azərbaycana gətirilməli, vətəndaş Milli Məclisin sessiyalarını problemsiz canlı olaraq müşahidə etməlidir. Deputat Arzu Səmədbəyli də hesab edir ki, əslində sadə vətəndaşın parlamentin toplantılarında iştirak etməsi təbiidir.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə bildirib ki, parlamentdə belə bir ənənə var. Bununla belə vətəndaşların parlamentdə iştirakı hüququnun hansı rəsmi sənəddə, xüsusilə Milli Məclisin daxili nizamnaməsində, əsasnaməsində təsbit olunub-olunmamasına dair suala gəldikdə müsahibimiz buna konkret cavab verə bilməyib.

«Yeni Müsavat»: «Azərbaycan sosial partlayışa doğru gedir…»

Qəzetə açıqlamasında bu fikri politoloq Eldar Namazov bildirib. Onun sözlərinə görə, sosial partlayışların nə vaxt baş verəcəyini əvvəldən heç kəs proqnozlaşdıra bilməz, lakin dəqiq olan odur ki, ölkədə iqtisadi siyasət indiki kimi davam etsə, sosial partlayışın olacağı şübhəsizdir:

«Sosial partlayışları təbii zəlzələ ilə də müqayisə etmək olar ki, zəlzələnin dəqiq vaxtını heç kim deyə bilmir. Yalnız ümumi gedişatı nəzərə alaraq müəyyən proqnoz vermək olar. Bir şey aydındır ki, Bakı şəhəri dünyanın ən bahalı şəhərlərindən birinə çevrilib. Bunu hətta paytaxtda fəaliyyət göstərən xarici diplomatlar da qeyd edirlər ki, burada qiymətlər onlar təmsil etdiyi Avropa ölkələrindəkindən yüksəkdir. Lakin Azərbaycanda məvaciblər, təqaüdlər Avropa standartlarından çox aşağıdır. Qiymətlərin Avropa ölkələrindəki kimi baha olması, məvaciblərin və pensiyaların isə qat-qat aşağı olması anormal vəziyyət yaradır. Bu, sosial baxımdan çox təhlükədir. Proses belə davam etsə, elə bir mərhələ gələcək ki, artıq insanlar tab gətirə bilməyəcək və sosial etirazlar dalğası başlayacaq».

«Yeni Azərbaycan»: Sonun başlanğıcı...

Ermənistan hakimiyyəti ilə diaspor arasında yaşanan kəskin ziddiyyətlər bu ölkəni çıxılmaz vəziyyətə salıb.

Ermənistanda uzun illərdir sosial-iqtisadi böhran və siyasi qalmaqalla müşahidə edilən gərginliklər daha da kəskinləşib. Bunun başlıca səbəbi isə, şübhəsiz ki, Sərkisyan rejiminin sərgilədiyi işğalçı mövqe və yarıtmaz fəaliyyətdir. Yəni, işğalçılıq mövqeyindən əl çəkməyən, daim təcavüzkar ambisiyalarla çıxış edən, Cənubi Qafqazda qeyri-sabitlik və gərginliklərin yaranmasına səbəb olan addımlar atan sözügedən ölkə, əslində, bugünkü acınacaqlı və böhranlı durumunu məhz özünün «təşəbbüslər»i sayəsində «qazanıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG